AZ EN RU

"Yaşıl enerji" poliqonuna çevrilən Naxçıvanda maarifləndirmə işləri davam edir

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin 22 meqavatlıq Xalxal Günəş Elektrik Stansiyasına ekskursiyası təşkil olunub. 
Naxçıvan Muxtar Respublikasının 100 illiyi və Naxçıvanın "yaşıl enerji' zonası elan edilməsi münasibətilə təşkil edilən ekskursiyada şagirdlərə öncə Naxçıvan Dövlət Energetika Xidmətinin sinif otağında Naxçıvanın "yaşıl enerji" potensialı və bərpaolunan enerji mənbələrimiz haqqında məlumat verilib. 
Qeyd olunub ki, prezident İlham Əliyev Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı "yaşıl enerji" zonası elan edib. Muxtar respublikanın yerləşdiyi əlve­rişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə günəş enerji­sindən istifadə imkanları daha çox ön pla­na çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miq­darı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat-saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə günəş ener­jisindən istifadə imkanı mövcuddur.
Məlumat verilib ki, hazırda Naxçıvanın 244,8 meqavat ümumi enerji potensialının 107,8 meqavatı bərpaolunan enerji mənbələrinin payına düşür. 
Sonra şagirdlər Xalxal Günəş Elektrik Stansiyası ilə yaxından tanış olublar. Şagirdlərə məlumat verilib ki, 22 meqavat gücə malik stansiyanın ümumi sahəsi 35 hektardır. Burda 78 mindən çox günəş panelləri quraşdırılıb. 
Bildirilib ki, bu sahədə əsas hədəfimiz Naxçıvanı "yaşıl enerji" poliqonuna çevirməkdir. Gələcəkdə planlaşdırılır ki, Naxçıvanda "yaşıl enerji"nin ümumi potensialı 1500 meqavata çatdırılsın və bu potensialın 1000 meqavatı Türkiyə üzərindən Avropaya ixrac olunsun. 
Ekskursiya zamanı şagirdlər Xalxal Günəş Elektrik Stansiyasının idarəetmə otağından muxtar respublikada fəaliyyət göstərən digər bərpaolunan enerji mənbələrinin fəaliyyətini virtual izləyiblər. 
Məlumat verilib ki, Naxçıvanda Xalxal Günəş Elektrik Stansiyası ilə birlikdə ümumi gücü 38 meqavat olan 3 günəş elektrik stansiyası, gücü 1,1 meqavat olan 1 külək-günəş hibrid elektrik stansiyası, gücü 0,3 meqavat olan 1 külək elektrik stansiyası fəaliyyət göstərir. 
Sonra şagirdlər təhlükəsizlik normalarına əməl edilməklə günəş panellərinin quraşdırıldığı əraziyə daxil olub, panellərlə yaxından tanış olublar.
Şagirdləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Ekskursiya şagirdlərdə xoş təəssürat yaradıb. 


Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 27.07.2024 17:13