AZ EN RU

Yaponiyada baş verən güclü zəlzələ zamanı xəsarət alanların sayı 12 nəfərə çatıb

Yaponiyanın cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

“Bütün bölgələr üçün sunami təhlükəsi aradan qaldırılıb. Buna qədər qeydə alınan dalğaların hündürlüyü 20 sm-dən 80 sm-ə qədər olub”, - məlumatda bildirilir.

Qeyd olunur ki, son illər yaponiyalı seysmoloqları ölkənin əsas adası olan Honsünün mərkəzi hissəsindən cənub-şərqdə yerləşən Nankay çökəkliyində zəlzələ olması ehtimalı ciddi narahat edir. Çünki burada təxminən 100-200 ildə bir dəfə 8 bal gücündə zəlzələlər baş verir.

Alimlərin fikrincə, yaxın 30 il ərzində 8 və ya 9 bal gücündə zəlzələnin baş vermə ehtimalı 70-80 % təşkil edir. Bu halda ölkənin əhəmiyyətli hissəsi əziyyət çəkəcək, onun Sakit okean sahillərinə isə hündürlüyü 30 m-dən çox olan sunami gələ bilər.

Nəşr edilib : 08.08.2024 20:58