AZ EN RU

Yanğınların əsas baş vermə səbəbi nədir? Bu il muxtar respublikada 252 yanğın hadisəsi baş verib

Son zamanlar muxtar respublikanın müxtəlif ərazilərində yanğınların baş verməsi haqqında məlumatlar oxuyursunuz. Bir çox hallarda baş verən belə xoşagəlməz hadisələrin səbəbi yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması ilə bağlıdır. Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Turan Şahhüseynova müraciət etdik. O bildirdi ki, aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, xüsusilə kənd təsərrüfatı sahələrində baş verən yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər. Bunun üçün də yanğın təhlükəsizliyi qaydalarına tam riayət olunmalı, hər kəs bu məsələdə məsuliyyətli və diqqətli davranmalıdır.

Müsahibimizin sözlərinə görə, muxtar respublika ərazisində baş verən yanğınların statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti quru otlaq, biçilmiş taxıl sahələrinin, ot bağlamalarının payına düşür. Bununla yanaşı, fərdi yaşayış evlərində, yardımçı tikililərdə və avtonəqiliyyat vasitələrində yanğınlara rast gəlinir.

Turan müəllim onu da diqqətimizə çatdırdı ki, fərdi yaşayış evlərində baş verən yanğınlara əsas səbəb olan amillərdən biri də qaz və elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması və bunlardan istifadənin azyaşlı uşaqlara həvalə edilməsi, evi tərk edərkən qaz cihazlarının söndürülməməsi, elektrik avadanlıqlarının şəbəkədən ayırılmaması, elektrik təsərrüfatında olan nöqsanların vaxtında aradan qaldırılmamasıdır. Avtonəqliyyat vasitələrində isə baş verən yanğınlar elektrik sistemlərindəki nasazlıqlar, yanacaq sızması, avtomobildə siqaretin çəkilməsi və qəzalar səbəb olur.

Vətəndaşlarımızı, isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırırıq. İnsanların həyat və sağlamlığına zərər vurmamaq üçün taxıl zəmilərində və meşələrdə açıq alovdan istifadə etməyin, bu ərazilərdə tonqal qalamayın, tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın. Küləkli havada xüsusilə diqqətli olun. Kiçik yanğın ocağı görərsinizsə, su, torpaq və ya qum ilə onu söndürməyə çalışın. Yanğın, yaxud onun əlamətlərini aşkarlasanız, bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verin! Nəzərə almaq lazımdır ki, yanğının qarşısını almaq onu söndürməkdən daha asandır. Özünüzün və yaxınlarınızın həyatını təhlükəyə atmayın! Mənzilinizi və əmlakınızı yanğından qoruyun!

Müsahibimizin sözlərinə görə, nazirliyin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi diqqət mərkəzində saxlanılır, silsilə tədbirlər keçirilir. Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilir, FHN-in “112” qaynar telefon xəttinin təyinatı, sularda təhlükəsizliklə bağlı məsələlər izah olunur və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata əsasən 2024-cü ilin yanvar-iyul ayları ərzində nazirliyin “112” qaynar telefon xəttinə 74037 zəng daxil olub, zənglər dərhal aidiyyəti üzrə ötürülüb. Həmin zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 252 yanğın hadisəsinə çıxış olub. 18 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Yanğınların 7 faizi yaşayış binaları və fərdi evlərdə, 56 faizi açıq sahələrdə, 0,8 faizi biçilməmiş taxıl zəmilərində, 3 faizi nəqliyyat vasitələrində, 33 faizi isə digər yerlərdə baş verib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Nazirliyin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə 8301 nəfərin iştirakı ilə silsilə tədbirlər keçirilib.

Bülbül QULİYEVA

Nəşr edilib : 13.08.2024 14:58