AZ EN RU

XVII-XVIII əsrlərdə Naxçıvanda ədəbi mühit

Ümumiyyətlə, mənbələrdə Naxçıvan ədəbi mühiti ilə bağlı bir sıra şəxsiyyətlərin adı çəkilir. Xüsusilə bu mənbələrdə “Ordubadi” nisbəsinə malik olan ziyalılar çoxluq təşkil edir. Xəlil Naxçıvanlı, Şahhüseyn Ordubadi, Sayir Ordubadi, Sadiq Ordubadi, Səhab, Rami Ordubadi, Münşi Mirzə Zeynalabdin Ordubadi və başqaları  Naxçıvanda ədəbiyyatın inkişafına xidmət etmiş şəxsiyyətlər kimi təqdim olunurlar.

Münşi Mirzə Zeynalabdin Ordubadi XVII əsrin ədəbi şəxsiyyətlərindən hesab olunur. Onun haqqında geniş və hörmətlə bəhs olunan məşhur Hatəmbəy Ordubadinin yaxın qohumu, əmisi oğlu olduğu haqda qətiyyətlə bəhs olunur. “O, gözəl şeirləri ilə Azərbaycan poeziyasını zənginləşdirmişdir”, – deyə “Naxçıvan tarixi” əsərində haqqında danışılır. “Daneşməndani-Azərbaycan” kitabının müəllifi yazır ki, şair kimi şöhrət qazanmış Mirzə Zeynalabdin Ordubadi Osmanlı qoşunlarının Cığal oğlu Sinan paşanın başçılığı ilə Səfəvi torpaqlarına hücumunu və Birinci Şah Abbasın onunla müharibəsini nəzmə çəkmişdir. Müəllif bu beytləri də onun adına təqdim etmişdir:

Hicabsızlıq bir pərdə olmuş aşiqin gözünə,

Qoy gözlüyü olsun o, ürəyimizin gözünə.

Göy altında bir havadar çıxmadı mənim qarşıma,

Deyəsən bu fələk təkcə dolanır mənim başıma.

Çox maraqlı məzmun kəsb edən bu nümunədə şair baxışlar müstəvisi, fərqliliyi məsələsinə ustalıqla toxunmuş, onu müəyyənləşdirən əxlaqi, mənəvi dəyər və düşüncənin məhsulu, nəticəsi kimi qiymətləndirmişdir. Çünki hicab, sadəcə, bir parçadır, örtüdür, lakin kimlərsə üçün o, fərqli qəbul edilə bilir. Qatı dindarlar üçün hicab qadının ən vacib, zəruri geyimidir, hicab əxlaq, dəyər deməkdir. Eyni zamanda gözəllik aşiqləri üçün hicab ona bir pərdə, maneədir və sair. Şair də birinci beytdə məhz hicabsızlığı aşiqin gözündə bir bəhanə kimi qiymətləndirmiş, onu qəlbinin gözünün gözlüyü kimi dəyərləndirmişdir. Müəyyən mənada bu həm də “öz gözündə tiri görmür, özgə gözündə tük axtarır” el sözünə uyğun gəlir. Çünki gözlük həm də görmə nöqsanı olan bir göz üçün yaxşı seçmək, görmək üçün lazımdır. Bu mənada, hicabsızlıq da  bəhanə gətirən bir qəlb üçün gözlükdən başqa bir şey deyil.

Şair Cığal oğlunun Azərbaycana gəlməsi və Şah Abbasın onunla müharibə aparmasının səhnələrini də ustalıqla əks etdirmişdir:

Toplandı iki tərəfdən ölkə qoşunu,

Kəsdilər düşmənə bütün çarə yolunu.

Hər hansı tərəfdən düşmən üz çevirirdi,

Qayçı ilə iki tərəfdən o kəsilirdi.

Bu beytlərdə də, göründüyü kimi, döyüşün taktiki üsul texnikası öz əksini tapıb. Burada düşmən qoşunlarının hilal şəkilli mühasirəyə alınması və hər iki tərəfdən darmadağın olması səhnəsi poetik ifadə edilmişdir.

Bu sətirlər bizi həm də onu izah etməyə sövq edir ki, ümumən, XVI əsrdən sonra Azərbaycan ədəbiyyatının məzmunu və yaradıclıq metodu dəyşir: daha çox mənzumələr aktuallıq qazanır, realizm romantizmə üstün gəlir, tarixi hadisələrlə zəngin həyat şəraitini real şəkildə təsvir etmək, xüsusilə müharibə səhnələrini göstərmək, əsərlərə ictimai məzmun vermək kimi istiqamətlər əhəmiyyət və aktuallıq qazanır. Bu mənada, qeyd edilən ədəbi istiqamətin Naxçıvan ədəbi mühitini də əhatə etdiyini aydın müşahidə edirik.

Xəlil Naxçıvani haqqında “Töhfeyi-Sami” təzkirəsi və “Daneşməndani-Azərbaycan” əsərlərində adı çəkilir və haqqında bəhs olunur. Onun “türklərin hakimiyəti əleyhinə üsyan qaldırdığı, bir müddət zərgər işlədiyi, sonralar zərgərliyi buraxıb Naxçıvanın kələntəri olduğu” haqda bəhs olunur (“Daneşməndani-Azərbaycan”).

Haqqında bəhs olunan digər ordubadlı tanınmış şairlərdən biri də Şahhüseyn Ordubadidir. Məhəmmədəli Tərbiyət onun haqqında bəhs edərkən onun dövrünün məşhur şairlərindən olduğunu, gənc yaşlarında Xorasana gedərək orda yaşadığını və şair Mirəlişirin məclislərində iştrak etdiyini yazır. “Töhfeyi-Sami” təzkirəsinin məlumatlarına əsaslanaraq bu məlumatları ümumiləşdirən M.Tərbiyət onun bir beytini də nümunə gətirir:

Nə yaxşı olar yarım gəlsin kinli qılınc əlində,

Rəqiblərim qaçsın, mən qalım yarla xəlvət evində.

M.Tərbiyətin “Daneşməndani-Azərbaycan” əsərində “Təzkireyi-Nəsrabadi” əsərinə əsasən adını çəkdiyi XII əsr Ordubad ədəbi mühitinin söz sənətkarlarından biri Sayir Ordubadidir. Müəllif onun XVII əsr şairlərindən biri olduğunu yazır. Haqqında əlavə məlumat verə bilməsə də, Sayir Ordubadinin yaradıcılığına işıq tutan bir nümunə də təqdim etmişdir:

Eşqin yolunda heç kim sirlərə məhrəm olmadı,

Sənintək artıq heç kim bu yolda addımlamadı.

Ağıllı suya çatdı, keçid axtarıb dayandı,

Dəlisə keçdi yalın ayaqla, yolda qalmadı.

Nümunədə şairin eşqi bir sirr vadisinə bənzətdiyi aydın görülür. Eşq elə bir mənəvi hadisədir ki, özündə aşiqin məhrəm duyğularını ümumiləşdirən özəl bir hadisə və ya yaşantıdır və kimsə bu sirrə çatmağa müvəffəq ola bilməz. Şeirin ikinci beytində – ikinci misrasında bir el məsəli poetikləşdirilərək ifadə edilib: ağıllı çırmanıb çayı keçincə, dəli vurdu çayı keçdi. Şair misrada eşq vadisini elə nəhrə bənzədir ki, bu nəhri düşünmək, götür-qoy etmək, ağıllı olmaqla keçiləsi olmadığı qənaətini dilə gətirir. Bu nəticəni ümumiləşdirir ki, eşq nəhrini adlamaq üçün yalnız dəli olub keçmək lazımdır.

Ordubad ədəbi mühitinin nümayəndələrindən biri kimi adıçəkilən şəxsiyyətlərdən digəri Səhab kimi tanınan şair Seyid Məhəmməd Seyid Əhməd Hatif oğlu Ordubadidir. Nisbəsindən göründüyü kimi, Səhab Ordubaddandır və onun 1807-ci ildə vəfat etdiyi haqda bəhs olunur. Demək ki, Səhab Ordubadi XVIII əsrin şairlərindən biridir. “Onun səkkiz min beytdən ibarət divanı, “Səhabül-büka (“Göz yaşı buludu”) risaləsi və sona çatmamış bir təzkirəsi vardır”, – deyə “Daneşməndani-Azərbaycan” təzkirəsində haqqında bəhs edilmişdir. Müəllif “Nigaristani-Dara” əsərinə istinad edərək Səhab Ordubadinin iki beytlik şeirindən nümunəni də örnək olaraq təqdim etmişdir:

Cavanlandı qoca dünya səba yelindən,

Gül ətrindən yaz fəslində yağış nəmindən.

Çalınsa da min bir boru hamı birlikdə

Oyanmaz heç yatmış tale, qalxmaz yerindən.

Şeirdə yaz fəslinin ruhları oyatdığı və eşq hissləri oyatması haqda təəssürat özünə yer alıb. “Qurani-Kərim”in “su həyatdır” ayəsinə uyğun olaraq yaz yağışının dünyanı yenidən diriltməsi, ətrafı yaşıllaşdırması və hər kəsi, hər şeyi cavanlaşdırması qeyd edilib beytdə. Lakin buna rəğmən şair öz taleyini ölmüş ruha bənzədərək min bir borunun, – qiyamətdə çalınacaq İsrafil surunu nəzərdə tutur, – min bir İsrafil surunun çalınmasına baxmayaraq, onun taleyi oyanmır ki, oyanmır. Əlbəttə, şairin dini motiv üzərində qurulan maraqlı bir mübaliğə – şişirtmə nümunəsi yaratdığı aydındır.

Beləliklə, ortada olan çoxsaylı faktlar bir daha təsdiq və sübut edir ki, bütün tarixi mərhələlərdə Naxçıvanda ədəbiyyat da inkişaf etmiş, Naxçıvan torpağı dünya və bəşər mədəniyyətinə, Azərbaycan tarixinə görkəmli şəxsiyətlər və böyük mədəniyyət xəzinəsi bəxş etmişdir. Görkəmli elm adamı, akademik İsa Həbibbəylinin fikirlərinə dayanaraq qətiyyətlə demək olar ki: “Naxçıvan bölgəsindən çıxmış ədəbiyyat xadimləri haqqındakı məlumatlardan görünür ki, əvvəlki yüzilliklərdə olduğu kimi Səfəvilər dövründə də burada ədəbiyyat və ədəbi fikir inkişaf etmiş, bir sıra görkəmli ədiblər yetişmiş, milli ədəbiyyatın inkişafına xidmət göstərmişlər”. XVII-XVIII əsrlər də məhz belə inkişaf etmiş tarixi mərhələlərdən biridir. Bu dövrdə Səfəvilər idarəçiliyinin hələ də davam etməsi mədəni inkişafa da təsirsiz qalmır. Lakin dövrün mürəkkəb, tarixi ziddiyyətli prosesləri ədəbi inkişafa da təsirsiz qalmır, müharibələrlə təzahür edən gərgin və ziddiyyətli ictimai-siyasi hadisələr ədəbi yaradıcılıqlarda özünü nümayiş etdirir. Tarixi hadisələrin şahidi və ya iştirakçısı olan şəxsiyyətlər öz yaradıcılıqlarında bu hadisələri əks etdirir, ictimai-siyasi məzmunlu, tarixi hadisələrlə müşayiət olunan mənzumələr ortaya qoyurlar. Naxçıvan XVII-XVIII əsrlərdə bir sıra görkəmli, tanınmış şəxsiyyətlərin yaradıcılıq fəaliyyətləri ilə ədəbi mühitin inkişafına qovuşur. 

Bu ədəbi ənənələrin davamı və təsiri zəminində Naxçıvan XIX əsrdə də böyük ədəbi inkişaf vüsətinə çatır. Hətta bu ədəbi vüsət Heyran xanım və Xan qızı kimi el arasında şöhrətlənmiş Qönçəbəyimin simasında qadın yaradıcı qüvvələrin də yetişib ortaya çıxmasına və ədəbi mühitin zənginləşməsinə səbəb olmuşdur. Yenə də ədəbi mühitdə Ordubad ədəbi mühiti və Naxçıvan mədəni inkişafın əsas mərkəzləri kimi çıxış etmişdir. Bu dövrdə Ordubadda və Naxçıvanda ədəbi məclislər fəaliyyət göstərərək ədəbiyyatın inkişafını təşkilati cəhətdən dəstəkləməklə ona  xüsusi vüsət bəxş etmişdir. Qüdsi Vənəndi, Hacıağa Fəqir Ordubadi, Məhəmməd Tağı Sidqi, Kəngərli ağalarından olan Hüseyn Sultan Kəngərlinski və başqaları bu dövrdə daha çox şöhrət qazanmış nümayəndələr idilər. Onlar Azərbaycanın başqa bölgələrində fəaliyyət göstərən ədəbi məclis nümayəndələri ilə əlaqələr saxlayır, mənzum məktublarla ədəbi inkişafa vüsət qatırdılar.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 29.07.2024 15:22