AZ EN RU

Xüsusi dövlət əhəmiyyətli tapşırıq

O, sözün əsl mənasında peşəkardır. Təkcə ona görə yox ki, peşəsinin gözəl bilicisidir, həm də ona görə ki yüksək vətənpərvərliyi və insani keyfiyyətləri ilə bu peşəkarlığı tamlaşdıra bilib. Həyatda ən böyük təcrübəsini 1990-1993-cü illərdə Ümummilli Lider Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi olaraq qazanıb. Həmin dövrdə Naxçıvanın müdafiəsinin təşkilində çox mühüm əməliyyatların dəqiq və uğurla həyata keçirilməsində böyük rol oynayıb. Ulu Öndərin rəhbərliyi və nəzarəti altında görülən bu işlər isə Naxçıvanın ən yeni tarixinə qızıl hərflərlə həkk olunub, bununla, həm də Naxçıvanın müstəqillik tarixinin səhifələri yazılıb. Ümummilli Liderin anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz “Heydər Əliyev İli”ndə “Şərq qapısı” qəzetində dərc olunan “Xüsusi dövlət əhəmiyyətli tapşırıq” adlı silsilə yazılar da  elə bu səhifələrdən bəhs edir.

Səbuhi Həsənov

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

    XX əsrin əvvəli və sonu tariximizin səhifələrində qızıl hərflərlə qan yaddaşımıza yazılmışdır. Şərqdə ilk Cümhuriyyət Azərbaycanda qurulmuş, lakin təəssüf ki, çox qısa ömür sürmüş, cəmi 23 ay fəaliyyət göstərə bilmişdir. İllər keçsə də, ötən əsrin sonunda Azərbaycan xalqı müstəqillik bayrağını yenidən qaldırmış, oğulları Vətənin istiqlaliyyəti uğrunda canlarını fəda etmişdilər. Hər dəfə düşmənlərimiz fürsətdən istifadə edərək torpaqlarımızın bir qismini, sonuncu dəfə isə 20 faizini işğal etmişdi. Xalqımız dəfələrlə soyqırımına məruz qalmışdır. Müstəqilliyimiz çox ağır və məşəqqətli sınaqlardan keçmiş, Vətən övladlarının qanı bahasına qazanılmışdır.
    Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız da bu hadisələrdən kənarda qalmamışdır. Azərbaycanın müstəqilliyinin rəmzi olan dövlət atributları Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilmişdir. Beləliklə, Azərbaycanın müstəqilliyinin əsasları Naxçıvanda qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə muxtar respublikanın erməni təcavüzündən 32 il bundan əvvəl qorunması ilə bağlı həyata keçirilmiş Xüsusi Dövlət Əhəmiyyətli Tapşırıq da gerçək hadisələr, rəsmi sənədlərin dili ilə məqalədə ilk dəfə əks olunur.
    ... Görkəmli dövlət xadimi Heydər Əliyev çox qayğılı görünürdü. Kabineti soyuq idi. Mənimlə səmimi görüşüb oturmaq üçün yer göstərdi. Ümumi söhbətdən sonra mənə məlum oldu ki, 1986-cı ildə xüsusi təyinatlı (QRU) zabit kimi, Əfqanıstana göndərilmək üçün seçildiyimdən də xəbəri var. Naxçıvanda olan ağır iqtisadi durumdan və erməni təhlükəsindən ətraflı danışaraq əsas mətləbə keçdi. Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü, əhalisinin təhlükəsizliyini təmin etmək üçün mənə xüsusi dövlət əhəmiyyətli tapşırıq verəcəyini, eyni zamanda özünün hərbi səlahiyyətli nümayəndəsi elan etdiyini bildirdi...

***

    Naxçıvan Sovet İttifaqının tərkibindən çıxan ilk muxtar qurum idi. Müstəqillik yolunda ilk şəhidlərimizi də burada vermişdik. Düşmən daha çox şey istəyirdi. Ərzaq qıtlığı hiss olunurdu, çörək üçün növbələr yaranmışdı. Ən qəribəsi isə o idi ki, çox ucuz qiymətlərə şəhərə Avropada qeyri-standart şəkildə istehsal edilən Rusiya araqları daxil olurdu. Ulu Öndərin rəhbərliyi ilə gənclərimizin mənəvi-psixoloji tərbiyəsin, fiziki sağlamlığına mənfi təsir göstərə biləcək yad təsirlərdən, zərərli vədişlərdən qorumağa nail oldu. Dahi rəhbərin səyləri nəticəsində qısa zaman ərzində İran İslam Respublikası ilə gömrük keçid məntəqələri açıldı. Ən mühümü isə Türkiyə ilə Naxçıvan arasında “Ümid” körpüsünün inşası ilə bağlı qardaş ölkə ilə razılaşma əldə edildi. Körpüdə tikinti işləri gedərkən mühüm bir əməliyyat xəbəri almışdıq. Təxribatçılar tərəfindən körpünün partladılması barədə gizli məlumat daxil olmuşdu və bunun qarşısı necə olur-olsun, alınmalı idi. Keçirilmiş əməliyyat tədbiri nəticəsində əllərində partlayıcı qurğu olan bir erməni və bir rus təxribatçı ələ keçirildi. Bir müddət sonra Ali Məclisin Sədri Heydər Əliyev İrəvanda əsirlikdə olan 16 yaşlı Vüqar adlı gənclə həmin rus zabitinin dəyişdirilməsi tapşırığını verdi. Vüqarı əsirlikdən azad etdikdən sonra onunla söhbətimiz zamanı dedi ki, Mingəçevirdə yaşayır. Gəncəyə dayısıgilə qonaq gəlib, oradan isə Gürcüstana gedibmış. Məqsədi Türkiyəyə getmək imiş. Sərhəddə ruslar onu saxlayıb, sonra ermənilərə satıbmışlar. Vüqarın söhbətindən məlum oldu ki, dayısı dostu ilə birlikdə Qarabağda gedən döyüşlərdə iştirak edirlər.

***

    Muxtar respublika əks-kəşfiyyatının rəisi kimi onsuz da işlərim çox idi. Ulu Öndərin göstərişi ilə 1991-ci ildə DTK-nın fəaliyyəti ilk dəfə olaraq Naxçıvanda dayandırılmışdı. Naxçıvanda dövlət təhlükəsizliyi ilə bağlı bütün məsələləri bizə həvalə etmişdi. Yeni təlimata görə mən birbaşa dahi şəxsiyyətin özü ilə işləməyə başlamışdım. Hər hansı bir ciddi məsələ üçün nə vaxt lazım olsa, onunla görüşməyimə şərait yaratmışdı. İlk sözü – ermənilər hücum edərsə,nəyin bahasına olursa-olsun, onların qarşısını almalıyıq, olmuşdu. Ermənilərin xəyanətkarlığı dünyaca tanınmış dövlət, siyasət adamı olan bu böyük insanı çox məyus etmişdi, axı vaxtilə onlar üçün hansı yaxşılıqları etməmişdi? Qarşıda bizi böyük bir imtahan gözləyirdi...

***

    Azərbaycanda gedən milli azadlıq hərəkatı öz bəhrəsini vermişdi. Xalqımız müstəqilliyə qovuşmuşdu. Müstəqil dövlətimizin atributları isə ilk dəfə olaraq dahi Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda qəbul edilmişdi. O cümlədən müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün Dövlət Milli Müdafiə Komitəsinin yaradılması ilə bağlı xüsusi qərar xalqımızda milli qürur hissi yaratmışdı. İlk milli ordu hissəsi olan Naxçıvan Dövlət Müdafiə Komitəsi qısa zamanda səfərbərlik elan edərək sıralarını qəhrəman övladlar ilə genişləndirdi. Buraya, hətta Cənubi Azərbaycandan, qardaş Türkiyədən gələn vətənpərvərlər də daxil idi. Məlum səbəblərdən bu qəhrəmanların adları çəkməsəm də, onlar hər zaman qəlbimizdədir. Tarix təkrar olunurdu. Türkiyənin istiqlal Savaşında Baş Komutan Mustafa Kamal Atatürkün rəhbərliyi altında 57 və 22-ci alaylarda Azərbaycandan gedən könüllü əsgər və zabitlər döyüşmüşdülər. İndi də qardaşlarımız könüllü olaraq bizə köməyə gəlmişdilər. Azərbaycan xalqı Nuri Paşanı, Ənvər Paşanı, Kazım Qarabəkir Paşanı bu gün də böyük sevgi ilə qəlbində yaşadır. Azərbaycanda hər yerdə olduğu kimi, Naxçıvanda da türk şəhidlərinə böyük ehtiram var. Məzarları daim ziyarət olunur, ruhlarına dualar oxunur.

***

    Dövlət Milli Müdafiə Komitəsinin komandiri, yaxın dostum, Naxçıvanın qəhrəman oğlu Elman Abbasov oldu. Bu, o zaman idi ki, Bakıda respublika prezidenti Vətənin təhlükədə olduğu bir vaxtda onu düşməndən müdafiə edə biləcək milli ordu yaratmaq əvəzinə, özünü qorumaq üçün prezident qvardiyası yaratmaq istəyirdi. Bunun üçün Milli Məclisdə debatlar aparılırdı. Bakı və digər rayonlardan olan çağırışçılar Rusiyaya, keçmiş sovetlər birliyinin respublikalarına hərbi xidmətə göndərilirdilər. Naxçıvanda isə çağırışçılar ilk milli ordumuzda – Naxçıvan Dövlət Milli Müdafiə Komitəsində həqiqi xidmət keçərək Naxçıvanın ərazi bütövlüyünü qoruyurdular. Burada, eyni zamanda Sovet Ordusuna məxsus hərbi diviziya və Sərhəd Dəstəsi fəaliyyət göstərirdi. Rus general və zabitləri Naxçıvanda Ulu Öndər tərəfindən başladılan milli hərbi ordu quruculuğuna hər vəchlə maneə olmaq istəyir, deyirdilər ki, siz ordu yarada bilməzsiniz. Onlar bizi daim qıcıqlandırır, gecələr milli hərbi formalarımızı geyinərək avtomat silahlardan atəş açmaqla təxribat törədirdilər. Təxribatı siz ruslar törədirsiniz – dedikdə isə bunu inkar edirdilər. Ulu Öndər Heydər Əliyevə söz verdim ki, qısa vaxtda diviziya komandiri, general Slaboşeviç qarşınızda diz çökəcək, təxribatların qarşısı alınacaq. Apardığım əməliyyat tədbirləri nəticəsində hər üç alayda xidmət edən əsgər və zabitlərdən könüllü şəkildə aldığım 30-a yaxın izahatı Ulu Öndərimizə təqdim etdim. İzahatlarda konkret yazılmışdı ki, alay komandirləri bizi məcbur edirlər ki, təxribat törədək. Rus generalı bu izahatları görən zaman dili topuq vurmuş, deməyə söz tapmamış, dahi şəxsiyyət Heydər Əliyevdən üzr istəyərək bu cür halların bir daha təkrar olunmayacağına söz vermişdi. Əsas məsələ isə hələ ki, həll edilməmiş qalırdı. Bu, milli ordumuzun silaha, sursata, ağır texnikaya olan ehtiyacını ödəmək idi.
    Ruslar təxribatlarından əl çəkmək istəmirdilər. İndi də Sərhəd Dəstəsinin zabitləri fəaliyyətə keçmişdilər. Müdafiə Komitəsinin sədri Elman Abbasov məni yanına dəvət etdi. Bildirdi ki, Ordubadda ruslar silah gücünə 4 əsgərimizi əsir götürərək 3 gündür, Naxçıvan Sərhəd Dəstəsində saxlayırlar, buraxmaq istəmirlər, onları azad etmək lazımdır. Baş leytenant paqonlarını çiynimə taxıb Sərhəd Dəstəsinə gəldim. O zaman Sərhəd Qoşunları DTK-ya bağlı qurum idi. Növbətçiyə: – Rabitə bölüyünün komandiriyəm, polkovnik Jukovla görüşmək istəyirəm, – dedim. Planım baş tutmuşdu. Bir neçə dəqiqədən sonra Jukov məni qəbul etdi. Qurduğum dialoq ona çox təsir etmişdi. Yarım saatlıq görüşdən sonra qərargah rəisini və əlavə 3 nəfər podpolkovnik rütbəli zabiti yanına çağırdı. Həmin zabitlərdən biri Naxçıvandan idi. Mən onu tanıyırdım, o isə yox. Təxminən, bir saat söhbətdən sonra əsgərlərimizlə birgə iş yerimə qayıtdım. Valideynlərinin sevincdən gözləri yaşarmışdı.
    Bu hadisədən bir neçə gün sonra məlumat aldım ki, Naxçıvan Muxtar Respublikasının baş prokuroru Hüseyn Hüseynova qarşı təxribat törədiləcək. İşin çoxluğundan o, idarədə gecələyirdi. Təxribatçılar həmin gün otağın açarını oğurlamışdılar. Açarı onlardan alıb müvafiq söhbətdən sonra prokurorluğa gəldim. Prokurorun yanında bir nəfər də var idi. Bu Sərhəd Dəstəsində işləyən zabit Cahangir Qulamov idi. O, Hüseyn Hüseynova mənim ruslar tərəfindən əsir götürülmüş əsgərlərimizi Jukovdan necə aldığımı söylədi. Cahangir müəllim sonralar Naxçıvan Sərhəd Dəstəsinin ilk komandirlərindən biri kimi fəaliyyət göstərmişdir. Açarı Hüseyn müəllimə verib onu ehtiyatlı olmağa dəvət etdim.
    Qonşu ölkədən gələn casus qərargah rəisinin iş otağından Naxçıvanın müdafiə planını əldə edə bilsə də, onun şəhərdən çıxarılmasına yol vermədim, sənədi alıb Müdafiə Komitəsinin sədrinə təhvil verdim.
    Az keçməmiş xəbər gəldi ki, Ali Məclis Sədrinin birinci müavini yoxa çıxıb. Sədr Rəşid Həsənovun təxribatçılardan azad edilməsi üçün mənə göstəriş verdi. Çətin danışıqlardan sonra onu geri aldım. Bu hal bir neçə dəfə təkrar oldu.
    Ermənilərə casusluq edən bir rus zabitini vaxtında ifşa edərək onun İrəvana getməsinin qarşısını aldım. Onu ciddi cəzalandırdıq.
    Bizə də edilən təzyiq və təxribatlara baxmayaraq, vəzifəmizin başında ayıq-sayıq dayanmışdıq.

***

    Vüqarı Gəncəyə Əbdül Məmmədov aparacaqdı. Lakin müəyyən səbəbdən bir gün sonra o, Gəncəyə getdi. Getməmişdən öncə yarım saatlıq söhbətimiz oldu. İki gün sonra Əbdül geri döndü. Gözlədiyim bir məktubu gətirmişdi. Vüqar ailəsinə qovuşmuşdu. Bundan əvvəl isə Ümummilli Liderin göstərişi ilə goranboylu Ümid kişini erməni əsirliyindən azad etmişdik. Dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər Azərbaycan xalqının qəlbinə xilaskar Heydər Əliyev obrazını əbədilik həkk etdi. Vüqarın ailəsi Əbdül bəyi çox səmimi qarşılamışdı. O, çox sevincli idi. Heç kəsə bəlli deyildi ki, bir neçə aydan sonra Sədərəkdə gedən ağır döyüşlərdə Əbdül Məmmədov onurğa sütunundan güllə yarası alıb ömrünün sonunadək yataq xəstəsi olacaq. Bu da azmış kimi, 2016-cı il Aprel döyüşlərində oğlu mayor Rasim Məmmədov qəhrəmancasına şəhid olacaq. Oğlunun qırxı çıxmamış bu acıya dözməyən ata da dünyasını dəyişəcək. Cəhri kənd qəbiristanlığında iki qəbrin üzərində Azərbaycan bayrağı dalğalanır. Burada qəhrəman ata-oğul uyuyur.

***

    ... Yenicə işə gəlmişdim. Köməkçim məlumat verdi ki, Gəncədən bir nəfər qəbula gəlmək istəyir. Vüqarın dayısı idi. Nədənsə təşəkkür etmək üçün mənim yanıma gəlmişdi. Minnətdarlığı Ulu Öndər Heydər Əliyevə çatdırmaq üçün onu Ali Məclisə göndərdim. Görüşdən sonra yanıma gəldi. Ümummilli Lider onu çox səmimi qəbul etmişdi. Mənə dedi ki, dostu Gəncə Şəhər Müdafiə Şurasının sədridir. Naxçıvana böyük məmnuniyyətlə müəyyən köməklik edə bilər.
    Hazırladığım təklif və planı məruzə etdikdən sonra Ulu Öndər bir günlüyə Gəncəyə getməyimə icazə verdi. 3 gün ərzində mən Gəncədən Naxçıvana hərbi yardım gətirməli idim.
    Ozamankı Azərbaycan rəhbərliyinin Naxçıvana münasibəti məlum səbəblərdən ögey idi. Naxçıvan tam blokada vəziyyətində çətin günlərini yaşayırdı. Azərbaycanla əlaqə yalnız hava nəqliyyatı vasitəsilə həyata keçirilirdi. Bütün bunları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən “AZAL”a ünvanlanmış bir məktub aldım. Məktuba yazılmışdı ki, Gəncədən Naxçıvana meyvə-tərəvəz daşımaq üçün bizə bir yük təyyarəsi verilsin. Məktubla Bakı şəhərinə gəldim. “AZAL”ın rəhbərliyinə məktubu verəndə xahiş etdim ki, ekipajın komandiri azərbaycanlı olsun. Xahişim qəbul olundu. AN-26 tipli yük təyyarəsinin komandiri Cavanşir və heyətlə birgə Gəncə aeroportunda yerə endik. Qabaqcadan hazırladığım bir yük maşını aeroporta yaxın, şərtləşdiyimiz yerdə bizi gözləyirdi. Təzəcə təyyarədən enmişdim ki, iki nəfər mülki geyimli şəxs mənə yaxınlaşdı. Bakı ləhcəsində mənimlə rusca danışmağa başladılar. Bakıdan telefonoqram aldıqlarını, Naxçıvana kimə hansı yükün gedəcəyindən xəbərdar olduqlarını bildirdilər. Aeroportun binasını göstərib orada snayper yerləşdirdiklərini, əgər təyyarəyə yük vurularsa, nəinki mənim, hətta ekipaj üzvlərinin həyatlarının təhlükə qarşısında olacağını deyib getdilər. Ekipaj üzvlərinin həyatları ilə risk edə bilməzdim, odur ki, Cavanşirə dedim ki, iki gündən sonra saat 1000-da Gəncə aeroportunda olsun. Təyyarə Bakıya geri uçdu.

***

    Bakıda vəziyyət yenidən gərginləşmişdi. Respublika rəhbərliyinin ciddi səylə gizlətdiyi Xocalı faciəsinin dəhşətləri Azərbaycan xalqını ayağa qaldırmışdı. Ermənilər ruslara məxsus 366-cı alayın köməyi ilə nəinki əsrin, insanlıq tarixinin görünməmiş vəhşiliyini həyata keçirmişdilər. Bu vəhşiliyin içərisində təkcə Xocalını qoruyanlara deyil, mülki şəxslərə, o cümlədən uşaqlara, qadınlara, qocalara qarşı zülm, işgəncə verilməsi, təcavüz edilməsi, hamilə qadınların bətnindəki uşaqların kəsilərək götürülməsi, əsirlərin yandırılaraq, uşaqları böyük borulara yığıb qaynaq edilərək öldürülməsi insanlıq tarixinin ən utancverici səhifəsidir. Xocalı faciəsi axıradək tam tədqiq olunmayıb. Hər bir sakinin həyatı bir dram, faciə əsəridir. Hələ nə qədər itkin, əsir düşənlərimiz var. Məhz 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri döyüş meydanında Xocalının qisasını aldı, amma ermənilərdən fərqli olaraq müharibə dövründə mülki obyektləri hədəf almadı, erməni qadınına, uşağına toxunmadı, öz adına yaraşanı etdi. Nəinki bu müharibədə, 2016-cı ilin Aprel döyüşlərində də, Həsənqaya əməliyyatında da ordumuz Mübariz kimi oğulları ilə düşmənə layiq olduğu cavabı verdi. 

(ardı var)

Urfullah QURBANOV

Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin

Əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin

səlahiyyətli hərbi nümayəndəsi

 

Nəşr edilib : 06.03.2023 12:29