AZ EN RU

Xoşbəxtliyin iki yolu var: biri zəhmət, digəri qənaət

Həyatda xoşbəxt yaşamaq hər insanın arzusudur. Bəs xoşbəxt olmaq üçün nə lazımdır? Kimisi üçün xoşbəxtlik öz daxilindəki səsi dinləmək, həyatın izdihamından çəkilərək kainatın sirlərindən zövq almaq, kimisi üçün də rahat şərait, dəbdəbə, şöhrət, qalibiyyət hislərinin vəhdətidir. Baxmayaraq ki, xoşbəxtliyin tam olaraq maddiyyat üzərində qurulmaması təcrübədən çoxdan keçib, amma nəticədə insanların əksəriyyətini maddi rahatlıq xoşbəxt edir. Bəzən insanlar həyatda xoşbəxt olmaq, maddi hədəflərinə çatmaq üçün böyük əmək sərf edirlər, Lakin onlar unudurlar ki, maddiyyata çatmaq üçün başqa bir üsul da var: qənaətcil olmaq. Qənaət ilk növbədə insani dəyərdir. İnsanların ehtiyaclarının çoxalması və bunun da nəticəsində daha çox və daha yaxşı məhsula yiyələnmək istəyi sanki onları xoşbəxt edir. Aparılan sosial araşdırmalar da göstərir ki, insanlar yalnız keyfiyyətli, hamı tərəfindən bəyənilən  məhsullara sahib olduqda özlərini daha çox xoşbəxt hiss edirlər. Bu xoşbəxtlik qısa sürsə də, hətta ehtiyac olmasa belə, bu dəfə daha yaxşısını əldə etməyə çalışırlar. Beləliklə onlar zaman keçdikcə bu mədəniyyətdən asılı hala gəlirlər və “onda var, məndə niyə yoxdur?” məntiqi ilə psixoloji problemlərə qapılırlar.  Çoxlarımız düşünmürük ki, sahib olduğumuz vəsaiti ehtiyac olmasa da izafi yerlərə xərclədikcə, daha artığını əldə etməyə çalışacağıq, eyni zamanda bu vərdişimizlə heç kəsə nümunə olmayacağıq.

İsrafçılıq nəinki insanın özünə, eləcə də cəmiyyətə də çox böyük zərər verir. İsraf edən adamlar əlindəki maddi imkanlarını davamlı olaraq xərcləməyə həvəsli olur. Belə  insanlar qazandıqları vəsaiti zəruri istehlak mallarına deyil, sırf başqalarından seçilməsinlər deyə ehtiyac duymadıqları geyimlərə, bahalı əşyalara və bir çox lazımsız məhsullara xərcləyirlər. Bəzi hallarda onlar üçün alınacaq məhsulun keyfiyyəti yox, xarici görünüşü və cəmiyyət içərisində təsiri böyük rol oynayır. Təbii ki, belə "nümunə" aylıq gəliri bu reallığa cavab verməyən insanlar arasında daha çox müzakirə mövzusu olur. Kredit bağımlısı insanlarda isə bu kimi reallıqlar gəlir və xərc planlaması sistemini alt-üst edir və nəticədə illərlə ödənilən kreditlərin öhdəsindən gələ bilmirlər.

İsraf qadağası və qənaət hökmü yalnız ehtiyacı olanlara aid deyil, dar günə tədarük xarakteri daşımır. Bu, Tanrının səxavətlə bəxş etdiyi nemətləri acgözlüklə mənimsəməmək, yalnız özünə aid etməmək, “təki mən tox olum” kompleksindən çıxmaq, bütün insanların ilahi nemətlərdən istifadə bərabərliyini qəbul etməkdir. Xərclədiyini bilməyənin yoxsul qalması, təbii ki, gözləniləndir. Çünki insan tamahının son həddi yoxdur. Ona nəzarət etməyəni, məhdudiyyət qoymayanı bədbəxtlik gözləyir.

Dinimizin qadağan etdiyi xüsusiyyətlərdən biri də fərd və toplumu yoxsulluğa, fəlakətə sürükləyən, cəmiyyəti yıxan israfçılıq əməlidir. İnsanlığın rifahını və səadətini yüksək tutan dinimiz israf etməyi qadağan etmiş, insanlara qənaətcil olmağı, hər nemətdən qədərində istifadə etməyi əmr etmişdir. Uca Yaradanın bizə bəxş etdiyi maddi imkanların israf edilməsi, bir çox yuvanın dağılmasına, ailələrin, toplumun və ölkənin iqtisadı cəhətdən zəifləməsinə səbəb olur. İnsanın həyatda rahat yaşaması və dolanışığı üçün iki cəhət zəruridir. Bunlardan biri qazanmaq, digəri də əldə olanı yerli-yerində və ölçülü şəkildə xərcləməkdir. Bunlardan biri əskik olarsa, yaşamaq çətinləşər, dinclik yox olar.

Zibilliyə atılan çörək parçaları, boşa xərclənən  zaman, lazım olmadığı halda sərf olunan enerji, gərəksiz yerə axıdılan su -  bunların da hər biri israfdır. Gənclərin vətəni,  milləti üçün xərcləməsi lazım olan zamanlarını və bol enerjilərini saatlarla sosial şəbəkələrdə bada verməsi də israfdan başqa bir şey deyil. Bilik öyrənmək, ailəyə və cəmiyyətə faydalı işlər görmək əvəzinə bir daha geri qaytarılması mümkün olmayan zamanı mübahisəyə və dava-dalaşa, qeybətə xərcləmək də israfdır.  Dəyəri bilinməyən zaman və faydasız işlərə sərf olunan ömrün özü də israfdır. Elə isə imkanlarımızı, qazandıqlarımızı, sağlamlığımızı, sərvətimizi ölçülü şəkildə istifadə edək, ruhumuzu bürüyən şöhrətpərəstlikdən uzaq duraq, maddi və mənəvi israfın bizi başqalarına möhtac hala gətirə biləcəyini unutmayaq!

Gülcamal TAHİROVA

Nəşr edilib : 14.08.2024 12:06