AZ EN RU

Xançobanın nakam sevgisi...

Azərbaycan xalq mahnılarında xalqın həyatı, mübarizəsi, zərif bəşəri duyğuları, sevinc və kədəri öz əksini tapmışdır. Nakam sevginin hekayəsi üzərində yazılan “Apardı sellər Saranı” mahnısı Azərbaycanın ən qədim xalq mahnılarındandır. Xalqın dilində böyük yanğı ilə zümzümə olunan bu mahnının sözləri, həqiqətən də, çox təsirlidir və haqqında əfsanələr danışılır. 

Xalq mahnısının musiqisinin müəllifi bilinməsə də, sözlərinin Seyid Əbülqasim Nəbatiyə aid olduğu deyilir. Onun da “Xançobanı” imzasıyla bəzi qəzəlləri olub. İddialardan birinə görə, “Sarı gəlin” xalq mahnısı və “Apardı sellər Saranı” bir-biri ilə əlaqədardır. Sübut olunmasa da, “sarı” sözünün “Sara” ilə əlaqəli olduğu deyilir. 
Folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhsəti İsmayıl “Naxçıvan əfsanələri” monoqrafiyasında Arpaçayla bağlı bir çox məqamlara toxunub. Hətta kitabda akadеmik İsa Həbibbəylinin “Gеdin dеyin Xançоbana” məqaləsində əfsanə vasitəsilə maraqlı tarixi-tоpоnimik fakt qeyd olunub. Tədqiqatçı Sara əfsanəsində Muğan düzündən Kür çayının axdığını qеyd еdir və diqqəti Arpaçay haqqında söylənilən əfsanədə, Şərur rayonunda, Arpaçaya yaxın ərazidəki Muğanlı, Muğancıq-Müslüm, Muğancıq-Mehrab kəndlərinin adını çəkir. Alim bu kəndlərin əfsanə ilə bağlı оlduğunu söyləyir. Əfsanədə “Gedin deyin Xançobana, gəlməsin bu il Muğana” mahnısında xatırlanan “Muğan” tоpоniminin Şərur rayonunda, Arpaçay sahilindəki Muğancıq kəndi ilə bağlı olduğunu bildirir. 
Kəndin yaşlı sakinlərinin dediyinə görə, Arpaçay bəzən elə daşarmış ki, çoxlu itkiyə səbəb olarmış. Bir əfsanəyə görə, Sara adlı qız sevgilisi Xançobanı Arpaçayın kənarında gözləyərkən onu sel aparır. 
Başqa bir əfsanədə deyilir ki, qоnşu kənddə Sara adlı bir qız olub və günlərin bir günü bu qızı qоnşu kəndə ərə vеrirmişlər. Çay kükrəyib gəlini at qarışıq götürüb aparır. Saranın könlü qubar olan anası bayatı çəkib çaybоyu ağlayırmış.
Bu gün hər birimiz həmin mahnını zümzümə etdikdə sanki o yanğını qəlbimizdə hiss edirik... 
        Arpa çayı aşdı daşdı, 
        Sеl Saranı aldı qaçdı. 
        Alagözlü, qələm qaşlı,
        Apardı sеllər Saranı, 
        Bir alagözlü balanı. 
Bəli, çayın ümumi təsvirində cоşqunluq, kükrəmə var və çayın daşqınlığı sеlə dönür. Selə dönən Arpaçay, indi nakam məhəbbətin göz yaşlarıtək öz məcrasıyla axıb gedir, mahnılarda qəlbimizi riqqətə gətirir.
Mahnının ən məşhur ifaçıları arasında Səxavət Məmmədov, Xalq artistləri Könül Xasıyeva, Alim Qasımov, Qədir Rüstəmov və başqaları da var. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 04.08.2024 16:57