AZ EN RU

Xalqımızın milli qürur tarixi olan 20 Yanvar unudulmayacaq

    Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anma mərasimi keçirilib.
    Mərasim Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Şəhidlərimizin ruhuna dualar oxunub. Qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanışlıq olub.
    Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyev, Qars valisi Türkər Öksüz və Qafqaz Universitetinin dosenti Yaşar Kop çıxışlarında keçmiş Sovet İttifaqı rəhbərliyinin 33 il əvvəl Azərbaycana qarşı törətdiyi hərbi cinayətin səbəb və məqsədlərindən bəhs ediblər. 
    Çıxışlarda vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə günahsız insanlara qarşı törədilən hərbi cinayət təkcə bir xalqa deyil, bəşəri dəyərlərə və insan haqlarına qarşı təcavüzdür. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı bu amansızlıqlara mətinliklə dayanaraq sınmayıb, əyilməyib. Əksinə, Azərbaycan xalqı küçə və meydanlara axışaraq öz hüquq və azadlığını müdafiə edib, qəhrəmanlıq dastanı yaradıb. Ona görə də 20 Yanvar hadisələri Azərbaycan tarixində faciə olduğu qədər də qəhrəmanlıq salnaməsidir.
    Azərbaycan Silahlı Qüvvələrinin hərbi heyəti, Türkiyənin yerli hakimiyyət orqanlarının rəhbərləri, Qafqaz Universitetinin professor, müəllim və tələbələri mərasimdə iştirak ediblər.

***

    Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar mərasim keçirilib. Mərasimdə İran ictimaiyyətinin nümayəndələri və Tehranda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
    Əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycanın İrandakı səfiri Əli Əlizadə mərasimdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını, onun məğrurluğunu nümayiş etdirən faciəli hadisə olduğunu bildirib. Qeyd olunub ki, 20 Yanvar faciəsini törətməkdə məqsəd Azərbaycan torpaqlarının bir hissəsini Ermənistanın tərkibinə vermək və müstəqilliyi uğrunda ayağa qalxmış xalqın mübarizəsini boğmaqdan ibarət olub. SSRİ rəhbərliyi qətliamı gizlətməyə çalışsa da, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti nəticəsində bu faciə olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. SSRİ rəhbərliyinin havadarlığı ilə Azərbaycanın torpaqları işğal olunsa da, 30 il sonra Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti və müdrik rəhbərliyi ilə şanlı Ordumuz zəbt olunmuş torpaqlarımızı işğaldan azad etdi. 
    “Xoca” və “Qanlı Yanvar” filmlərinin prodüseri, Azərbaycanda tanınmış İranın Əməkdar mədəniyyət işçisi Əyyub Daneşvər Azərbaycan xalqına qarşı sovet rəhbərliyinin 70 il ərzində göstərdiyi ədalətsiz mövqeyindən danışıb. Bu filmlərin çəkilişi üzərində işləyərkən 20 Yanvar hadisələrinin şahidləri ilə görüşdüyünü, onları dinlədiyini və Azərbaycan xalqının ağrı-acısını dərindən başa düşərək filmlərdə canlandırmağa çalışdığını vurğulayıb. Haqqını və hüququnu, həmçinin torpaqlarının işğalına son qoymağı tələb edən Azərbaycan xalqına qarşı törədilən bu qətliamın insanlığa qarşı törədilən cinayət hesab olunduğunu və bu acının Azərbaycan xalqı ilə ortaq bağları olan İran xalqı tərəfindən də dərin hüznlə qarşılandığını vurğulayıb. 
    Tədbir 20 Yanvar hadisələrinə dair qısametrajlı filmin və bədii videoçarxın nümayişi, eləcə də şəhidlərin xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.

AZƏRTAC

Nəşr edilib : 20.01.2023 18:27