AZ EN RU

Vüsal bir dastan idi

Vüsal İslam oğlu Vəliyev

15.07.1988  – 09.11.2020

Deyirlər ki, şəhidlər qəhrəman doğulurlar. Fəxr edirəm ki, mənim şəhid balam da qəhrəman doğulmuşdu. Yəni dünyaya qəhrəman kimi gəlmişdi, qəhrəman kimi də getdi. Getdi və bizi gözüyaşlı qoydu. Hər gün körpəliyini xatırlayıram. Heç yadımdan çıxmaz. Vüsalın 5 yaşı var idi. Mənfur ermənilər kəndimizi top atəşinə tutmuşdular. Qonşularla birlikdə uşaqları bizim evimizin zirzəmisində saxlayırdıq. İnanırdıq ki, bir gün buna son qoyulacaq. Çətin də olsa, dözməliyik. Həmin günlərin birində ara sakitləşdikdən sonra çölə çıxdım. Qayıtdım ki, uşaqların hamısı gülür, amma Vüsal ağlayır. Dedim ki, Vüsalı kim vurubdu? Öyrəndim ki, heç kim onu vurmayıb. Vüsal acığından öz saçını yolub. Dedim ki, ana qurban, saçını niyə yoldun? Üzünü sinəmə sıxıb, dedi ki, ana, mən böyüyəndə erməniləri öldürəcəyəm. Vüsal belə qeyrətli idi.

Oğlum atasına, anasına, qardaş-bacısına, hər kəsə çox yanımlı idi. Xatirələri bitməztükənməzdir. Oğlum bir gün dedi ki, ana, Vüsalla bağlı xatirələrini kitab şəklində yaza bilmərsən? Onda Vüsal haqqında xatirələrim gözümün qarşısından bir kinolent kimi keçdi. Qələmi götürüb bir şeir yazdım:
        Deyirlər Vüsaldan xatirə yazım,
        Vüsallı günləri yadıma salım.
        Vüsal bir dastan idi dəftərə sığmaz,
        Vüsalın yerini kimsə doldurmaz.
        Atanın-ananın qeydinə qalan,
        Bacı-qardaşının hayına çatan
        İstəkli əmiydi, sevimli dayı,
        Dünyaya gəlməyib Vüsalın tayı.
        Oturub-durmağın yerini bilən,
        Güləndə gülüşü nümunə olan.
        Vüsalın sevgisi Murovdan uca,
        Vüsal layiq idi qızıldan taca.
        Toylara girəndə şıdrığı süzən,
        Neçə cavan qızın ürəyin üzən.
        Gözlərim önündən getmir xəyalın
        Mənim şəhid oğlum, igid Vüsalım.
Nə etmək olar? Təsəllimiz düşmən tapdağında olan torpaqlarımızın geri alınmasıdır. İgid oğullarımız bu yolda şəhid oldular. Allah onların ruhunu şad etsin, qazilərimizə sağlam həyat versin!

Nəşr edilib : 09.08.2024 14:39