AZ EN RU

Vüqar Rəhimzadə: Qarşılıqlı etimad üzərində qurulan Azərbaycan-Pakistan əlaqələri yeni inkişaf dövrünü yaşayır

Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqları Azərbaycanın bütün sahələrdə, xüsusilə xarici siyasətdə yeniliklərə imza atdığını təsdiqləyir. Bu, özünü həm ikitərəfli əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsində, həm də beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsində özünün aydın ifadəsini tapır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daim artırmasına stimul verir. Belə ki, Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri iki dost, qardaş ölkənin münasibətlərinin dünəni və bu günü əsasında yeni prioritetlərin müəyyənləşdirilməsinə geniş imkanlar açacaq. “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq” fikirləri ilə dostluğumuzun, qardaşlığımızın dildə deyil, atılan hər bir real addımda öz təsdiqini tapdığını əsaslı şəkildə diqqətə çatdıran Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif əminliklə bildirdi ki, bu səfər iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmlənməsini təmin edəcək.

Siyasi elmlər doktoru vurğulayıb ki, tarixi Zəfərimiz Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının sarsılmazlığının təqdimatı oldu. Hər iki qardaş ölkə müharibə başlanan andan Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəmədi. Təbii ki, bu dəstək ölkəmizə böyük güc verdi. Xalqımız bu dəstəyin yaratdığı sevinc və qürur hissini üç qardaş ölkənin bayraqlarını birgə dalğalandırmaqla nümayiş etdirdilər. Pakistan və Türkiyənin ölkəmizə dəstəyi yalnız 44 günlük İkinci Qarabağ müharibəsi ilə bağlı deyil. Otuz illik işğal dövründə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən haqlı mövqeyi hər iki dost ölkə tərəfindən ən yüksək tribunalardan bəyan edilib və müdafiə olunub. Bu fakt da hər kəsə məlumdur ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib. Dövlətimizin başçısı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşündə bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Əlbəttə, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Azərbaycanın Cəmmu və Kəşmirlə bağlı mövqeyi məlumdur. İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq-ədalət, beynəlxalq hüquq Pakistanın tərəfindədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və müdafiə edən ölkələrdən biridir.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Hər bir səfərin əhəmiyyətini nümayiş etdirən mühüm məqamlardan biri də əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanmasıdır. Dövlətimizin başçısının bu səfəri çərçivəsində 10-dan artıq sənəd imzalandı. Ümumilikdə indiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır. Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Bu baxımdan bu günlərdə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü oldu. Hər bir səfər münasibətlərdə yeni bir səhifənin açılmasıdır. Səfər çərçivəsində Prezident İlham Əliyevin pakistanlı həmkarı Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü keçirildi və əməkdaşlığın gələcək prioritetləri müzakirə olundu.

Ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarda inkişaf etdirilməsinə diqqət çəkən V.Rəhimzadə Astanada “ŞƏT plyus” formatında keçirilən görüşdə Prezident İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə üçtərəfli görüşdən də danışıb. Bildirib ki, üç dost ölkə arasında əlaqələr müxtəlif səviyyələrdə qurularaq uğurla inkişaf edir.

Ötən ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakıda üçtərəfli görüşünü xatırladan YAP Xətai rayon təşkilatının sədri görüşdə imzalanan Bakı Bəyannaməsinin münasibətlərin hazırkı inkişafının yol xəritəsi olduğunu qeyd edib. Bildirib ki, Astana görüşündə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini söyləməyə əsas verir.

Dövlətimizin başçısının Pakistana sözügedən səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirdi ki, hər zaman əməkdaşlıq etmişik. Hazırda ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar planlarımızdır və bütün planlarımız icra olunacaq. Qarşılıqlı etimad və səmimiyyət üzərində qurulan Azərbaycan-Pakistan əlaqələri yeni inkişaf dövrünü yaşayır”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.

Nəşr edilib : 12.07.2024 18:50