AZ EN RU

Vətəninə, torpağına qovuşdu

Sahil Oktay oğlu Cəlilov

17.05.1998-22.10.2020

Sahilin gözəl xüsusiyyətləri çox idi. Uşaqla uşaq, böyüklə böyük kimi rəftar edərdi. Hərəkətlərinin yerini bilən övlad idi. 

Orta məktəbdə oxuyarkən hiss etdik ki, hərbiyə həvəsi çoxdur. Hərbi xidmətini uğurla başa vurdu. Yenidən hərbiyə qayıtmağa qərar verdi və istəyinə nail oldu. Komandiri ilə çox yaxşı münasibəti var idi. Əsgərlikdə olduğu vaxt həmin komandir Sahildən çox razı idi. Verdiyi tapşırıqları yaxşı yerinə yetirirdi. Deyirdi ki, hərbini yaxşı mənimsəyib. Əsgərlikdən gəldikdən 2-3 ay sonra kursa getdi. Elə bil, hərbi üçün doğulmuşdu. 
İşə başladıqdan sonra 3-4 ay Sparta şəhərində komando kursuna getdi. Sonra digər təlimlərdə də iştirak etdi. Xüsusi təyinatlı qüvvələrdə işə başladı. Şəhid Anar Əliyevin komandanlığı altında xidmət etdi. 
Sonuncu dəfə Sahili 16 oktyabrda gördüm. Demədi, döyüşə gedirəm. Bir neçə saatlığa valideynlərini görməyə buraxıldığını dedi. Gecə atasına zəng vurdu. Dedi ki, ata, zəng gəlib. Biz Ordubada gedirik. Telefon çəkməsə, nigaran qalmayın. Elə yerlər var ki, orada telefon işləmir. Harada mümkün olsa, özüm zəng edəcəyəm. Demə, oğlum döyüş bölgəsinə gedir. Son danışığı oldu balamın. Bir daha səsini eşitmədik. Ok­tyabrın 22-si Sahilin şəhid xəbəri gəldi. 
Çox həssas idi Sahil. Müharibəyə gedənə qədər içi-içini yedi. Dayana bilmirdi. Heç yadımdan çıxmaz. Ordubada şəhid gətirmişdilər. Həmin şəhidin şəklini paylaşmışdı. Şəklin altında yazmışdı: “Allah bütün şəhidlərimizə rəhmət etsin. Arzulayan hər kəsə qismət olsun. İçində də mənə”. Demə, balam şəhidliyini arzu edirmiş. Arzularının ən böyüyünə çatdı Sahil. Balamın arzusu onu məndən, atasından, qardaş-bacısından aldı. Amma Vətəninə, torpağına, Qarabağa qovuşdurdu. Mən balamla fəxr edirəm. O mənim başımı uca etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Nəşr edilib : 21.07.2024 13:45