AZ EN RU

Vətənin, xalqın yolunda canlarını fəda edənlər

Ramin Nəriman oğlu Bağırov

19.04.1999-30.10.2020

Ramin məharətli, həm də dəcəl oğul olub. Amma ağlı ilə hamını heyran edirdi.  Hərbçi olmağı arzulayırdı. Hərbi liseyə sənədlərini verib qəbul oldu. Üç il Naxçıvanda oxuduqdan sonra hərbi akademiyada təhsil aldı. Çox da yaxşı oxuyurdu. Sonuncu kursda müəyyən səbəblərdən məktəbdən çıxdı. Bir müddət kənddə yaşadı. Amma fikri yenə də hərbidə idi. 
Böyük qardaşı da hərbçidir. Qardaşı yenidən hərbiyə qayıtmasına razı deyildi. Deyirdi, hazırlaş ali məktəbə daxil ol. Amma Ramin qərarlı idi. Hətta bir dəfə sənədlərini hazırlayıb Daxili Qoşunlara təqdim edir. Sənədləri qəbul edən şəxs Ramini tanıyır. Böyük qardaşına zəng vurur ki, bəs Ramin buradadır. Qardaşı deyir ki, başından elə, sənədlərini götürmə. Geri qayıtsın. Ramini oradan da geri qaytarırlar.

Sonra gətirib sənədlərini Milli Orduya verir. Orada baxırlar ki, Ramin tam təlim görmüş biridir. Həmin dəqiqə işə götürürlər. Sənədlərindən, sadəcə, doğum haqqında şəhadətnaməsini təqdim etməmişdi. Gəldi evə ki, ana, bəs mənim şəhadətnaməm haradadır? Tapa bilmirəm. Mən də dedim, oralara bax. Baxır, tapa bilmir. Tez durub Şahbuz rayon mərkəzinə gedib, doğum haqqında şəhadətnaməsini yenidən çıxarıb gətirdi. Bilmədim ki, onun bu sənədi almağı neçə dəqiqə çəkdi. Bir də gördüm ki, divanın üstündə uzanıb. Elə bildim, məni qara basır. Dedim, Ramin nə vaxt gəldin? Dedi, bax, ana, doğum haqqında sənədi yenidən aldım. Sanki qaça-qaça ölümünə gedirdi. Vətən uğrunda olacaq ölümə... 
Müharibə zamanı müəyyən vaxtlarda danışırdıq. Səsindən bəzi şeyləri hiss edirdim. Boğazımdan bir qurtum olsun, su getmirdi. Həmin vaxt balalarımın ikisi də müharibədə idi.  Nələr çəkdiyimi Allah bilir. 27 oktyabrda şəhid oldu mənim balam. Hər bir ana üçün övlad itkisi çətindir. Lakin bizim üçün ən böyük təsəlli onların gözünü qırpmadan canından keçdiyi azad Vətən torpağıdır. Hər zaman belə qəhrəman oğullarla qürur duyacağıq. 

Nəşr edilib : 11.07.2024 11:49