AZ EN RU

Vətəni, torpağı, bayrağı seçdi

Məmməd Rəhman oğlu Zamanlı

03.08.1998-27.09.2020 

Məmmədin bütün xatirələri yaddaqalandır. Heç biri unudulası deyil.
Məmməd iki bacının bir qardaşı və çox mehriban, çox da ağıllı idi. Dərslərini də çox yaxşı oxuyurdu. İdmana böyük marağı vardı. Günün müəyyən hissəsini idmana həsr edirdi. Görünür ki, özünü hərtərəfli yetişdirirmiş. Çalışırdı ki, onun haqqında ailəsinə xoşgəlməyən söz deyilməsin. 
Məmməd 22 ilə sığan bir ömür yaşadı, amma onun heç bir pis sədasını eşitmədik. Hara gedirdi, özünə hörmət qazanırdı. Əsgərlərinə qarşı da o qədər mehriban olub ki, hər dəfə bizə gələndə xatirələrindən ağızdolusu danışırlar. Onların qəlbində özünə yer qazanmışdı. Elə bil ki, şəhid olacağını bilirdi. Akademiyanı bitirəndə hər kəs arzularını deyir. Məmməd isə şəhid olmaq arzusunu dilə gətirir. Biz Məmmədin bu diləyini şəhid olduqdan sonra bildik. 

Məmməd hər dəfə məzuniyyətə gələndə kənddəki uşaqları başına yığardı. Onlara Vətən, torpaq, bayraq haqqında söhbətlər edərdi. Hərbçi həyatından, idmandan danışardı. Vətənpərvərliyi onlara aşılayırdı. Bir dəfə də olsun, çətinlikdən danışmadı.
Məmməd bacılarını çox sevirdi. Sitarə balaca idi. Dərsdən gələn kimi onunla oynayardı. Atası hey deyərdi ki, qızlarla az oyna. Oğlanlarla oyna, dostluq et. Amma Məmməd bacılarına çox bağlı idi. Onlardan ayrılmaq istəmirdi. Naxçıvanda oxuyanda 15 gündən bir, Bakıda oxuduqda isə ildə iki dəfə evə gəlirdi. Onda da çalışırdı ki, hamıya məhəbbət göstərsin. İstəyirdi ki, hamı ilə maraqlansın.
Məmməd çox gec-gec evə zəng vurardı. Deyirdi ki, tez-tez zəng vururam, sonra da darıxıram. 
Son dəfə sentyabrın 24-ü danışdıq. Heç müharibənin olacağını demədi. 27 sentyabrda, saat 920-də atasına mesaj yazıb. “Salam, ata, necəsiniz? Kefiniz, əhvalınız? Ata, biz döyüşə gedirik, haqqınızı halal edin”. Son mesajı bu oldu mehriban Məmmədimin. Elə həmin gün şəhid oldu balam. Nə deyə bilərəm ki? Məmməd Vətəni, torpağı, bayrağı seçdi. Məmmədimlə fəxr edirəm!

Nəşr edilib : 16.07.2024 20:29