AZ EN RU

Vətəni müdafiə etmək böyük fədakarlıqdır

Əhmədov Mərhəmət Adil oğlu

14.05.1991-25.10.2020

Mərhəmətin haqqında o qədər danışmalı sözlər var ki... O, uşaqlıqdan qoçaq, qorxmaz, işgüzar idi. Yadımdadır ki, 3-4 yaşı olardı. Həyətdən xiyar qırıb yedik. Dedi ki, yenə istəyirəm. Dedim ki, oğul, gecədir, səhər yığarıq. Dedi, özüm yığacağam. O balaca uşaq qorxu bilmədən əkin sahəsinə getdi. Xiyarı kolu ilə çıxarıb evə gətirdi. Balaca olmasına baxmayaraq, qorxu bilmirdi. 
Küçədən keçən kimi bilirdim ki, Mərhəmət gəlir. Qonşular soruşurdular ki, Mərhəmətin gəlməyini nədən bilirsən? Deyirdim, Mərhəmətin ətri gəlir. İşdən gəlirdi, görürdü ki, yorulmuşam. Tez deyirdi ki, bu gün yorulmusan. Niyə bu qədər işləyirsən, az işlə. Deyirdi ki, dur oğluna bir çay qoy, yorğunluğun çıxsın. Oğlun da durub sənə kömək etsin. Oğlum şokoladlı, mürəbbəli çaya “pırpırlı” çay deyərdi.

Hərbçi olmaq Mərhəmətin ən böyük arzusu idi. Orta məktəb illərindən bu arzu ilə yaşayırdı. Neçə illər can atdı, amma hərbi məktəbə daxil ola bilmədi. Dizində bir az problemi var idi. Ona görə işi alınmırdı. Üç il müalicə olundu. Sonra Allah qismət etdi, Xüsusi Təyinatlı Qüvvələrdə işə başladı. Bu da bir qismət idi. Üç ay kursda oldu. Həmin müddətdə çox arıqladı. Ancaq özünü sındırmırdı.
Müharibəyə getməyini bilmədim. Sonuncu dəfə gələndə evə girməyə vaxt olmadı. Həyətdə bizimlə görüşüb, ən çox sevdiyi kompotdan içdi. Elə qapının ağzında: “Gecən xeyrə qalsın”, – deyib getdi. Bu, balamla sonuncu görüşümüz oldu. 
Sonuncu dəfə danışanda da çox hövsələsiz idi. Deyirdi ki, səbrim çatmır. Şəhidlərimiz çoxdur. Ancaq qalib gələcəyik. Buna inan. Səhəri gün balamın şəhidlik xəbərini aldıq. Nə deyim? Allah bütün şəhidlərimizin ruhunu şad etsin! Bu günümüz üçün onlara borcluyuq.

Nəşr edilib : 11.08.2024 17:00