AZ EN RU

Vətəndir yurdumun dörd bir bucağı

Alməmməd Eldaroğlu Naxçıvan ədəbi mühitinin sayılıb-seçilən, tanınan və oxunan nümayəndələrindən biridir. İstedadlı qələm sahibinin kitabları, əsərləri sevilərək oxunur. Çünki onun yaradıcılıq nümunələrində həm şirinlik, həm mənalılıq,  həm də yüksək poetik əhvali-ruhiyyə vardır. Vaxtilə “türk şairlərinin babası” hesab edilən, “qəlb şairi” olaraq şöhrət və nüfuz qazanan böyük ustad Füzuli deyirdi: “Söz candır, əgər bilirsə insan, Sözdür ki, deyərlər, özgədir can”. Azərbaycan ədəbiyyatşünaslığının patriarxı hesab edilən böyük qələm sahibi və ədəbiyyatımızın bilicisi Firudin bəy Köçərli isə sənət və sənətkarlıq işini səciyyələndirərək yazırdı: “Hər kəlamın təsiri o vaxt dürüst və təbii olar ki, onun mənbəyi şairin ürəyi və zəmiri-safi ola. Ağıl və zor ilə yazılmış kəlam nə qədər mövzun və müfəssəl olsa da, oxuculara təsir edə bilməz. Hissiyyati-qəlbiyyə bəlağət və fəsahətin əvvəlinci müəllimidir. ...hissiyyat nə qədər ali və təbii olsa, bir o qədər kəlamın təsiri artıq olacaqdır”. Bu mənada, şair Alməmməd Eldaroğlunun əsərlərində mövzu müxtəlifliyi, janr rəngarəngliyi olduğu kimi, ifadəlilik və obrazlılıq zənginliyi və məharəti vardır. Səmimiyyət və qəlbdən gələn sözlərin ifadəsi onun yaradıcılığı üçün səciyyəvi və xarakterikdir. 
Şairin növbəti “Gecələr, düşüncələr...” kitabında da vətənpərvərlik ruhu qüvvətlidir, əsərin başlıca mövzusunu təşkil edib. Buradakı şeirləri şairin vətənpərvərlik lirikasının yeni dövrdəki davamı olaraq qəbul etmək olar. Kitabdakı şeirlərin hər biri məzmun və ideya baxımından əhəmiyyəti ilə seçilir. Şairin qələmə aldığı “Vətəndir yurdumun dörd bir bucağı”, “Türküm, Türküstanım, Azərbaycanım”, “Torpağına qurban, Vətən”, “Ana Vətən, Azərbaycan, Naxçıvan”, “Yüz yaşın mübarək, canım Naxçıvan” kimi şeirləri Vətəni tərənnüm, vəsf və poetik istedad və əlvanlıqla təsviri ilə diqqəti cəlb edir. Şair bir vətəndaş kimi ana Vətənə  – Azərbaycana, onun dilbər guşəsi olan Naxçıvana olan sönməz, tükənməz məhəbbətini ifadə edir, gözəlliklərini öyür, dilə gətirir, tarixini, dəyərlərini öygü yerinə çevirir. 
Kitabının ilk səhifəsində verilmiş “Vətəndir yurdumun dörd bir bucağı” şeirində ana yurdun hər qarış torpağı ilə dil açıb danışır:   

    Vətəndir yurdumun dörd bir bucağı,
    Gəlin unutmayaq, unudulmayaq.
    Yayır bu cahana zəfər sorağı,
    “Dəmir yumruq” ilə üçrəngli bayraq!

Ümumiyyətlə, Alməmməd Eldaroğlunun Vətən məhəbbətində fərd bütün cismi ilə Vətən torpağına, onun sərhədlərinə çəkilən səddir. Xalq şairi M.Arazın “sərhəd çəpəri” obrazlı ifadəsinin yeni dövrdə yaradıcı davamı olan “cismimi sədd edin” ifadəsi də şair Alməmməd Eldaroğlunun poetik uğurudur. Şair özünün timsalında vətəndaşları canı Vətən üstünə sədd çəkilən insan olaraq görür. Vətəni isə kövşənləri, çəmənləri, bağları-bağatları ilə ana Vətən, qibləgah, Məkkə, Mədinə hesab edir.
Şair yaradıcılığında doğma ana Vətəni Naxçıvana da ayrıca yer vermişdir. Onun 100 illik muxtariyyət tarixinin bayram olaraq qeyd edilməsi təntənəsinə qoşularaq qəlbinin sevinc səsini dilə gətirmiş, bu gözəl yurda olan dərin məhəbbətini yüksək poetik ustalıqla təcəssüm etdirmişdir:

    Ey doğma diyarım, ey ana Vətən,
    Bəzəndin çilçıraq, oldun al-əlvan!
    Şərqin qapısında ürəktək çarpan
    Ürəyim Naxçıvan, canım Naxçıvan,
    Damarımda coşan qanım Naxçıvan!

Şair Vətən məhəbbətli duyğularının bədii əksini “Qonaq gəldim”, “Zəfər günəşim”, “Cismimi sədd edin Vətən üstünə”, “Azərbaycan əsgəri” kimi şeirlərində də davam və inkişaf etdirmişdir. Şair bu şeirlərində Vətənin işğal altında olan ərazilərinin azad edilməsi qələbəsi və sevinci  fonunda özünün Vətənə olan məhəbbət duyğularını poeziyanın mirasına çevirmişdir. Şair “Qonaq gəldim” şeirində azad edilən Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı və başqa Vətən torpaqlarına səfər etməsini vətəndaşlığın milli iftixar və fərəh emblemi kimi dəyərləndirmişdir. Məhz bu zəfər, qələbə Azərbaycan xalqına təkcə Vətən bütövlüyü deyil, həm də milli birlik bəxş etmişdir. 
Şairin yaradıcılığı üslubi püxtəlliyi, dilinin şirinliyi, ifadə zənginliyi və obrazlılıq gücü ilə diqqəti cəlb edir. Ana dilinin imkanlarından məharətlə istifadə edən şair çox qiymətli, orijinal bədii ifadələr işlədir, maraqlı və təsirli məcazlar yaradır. Şeirlərindən birində “qərib düşən ötən quş” obrazını yaradaraq onun qəribliyi, kədəri və faciəsini müvəffəqiyyətlə ifadə edə bilmişdir:

    Yuvasından qərib düşmüş ötən quş,
    Qan ağlayır güllər üstdə bir səhər.
    Cik-cikindən dil-dodağı qurumuş,
    Boğur onu kədər dolu bu qəhər.

Şairin budəfəki yaradıcılıq külliyyatında müəllifli bayatılar da yer almışdır. Bu bayatılarda Vətən, el məhəbbəti, saf eşq  xüsusi yer tutur, ideyalılığı, diləyatımlığı ilə seçilir. Yaradıcılıq üfüqlərini genişləndirən şair  kitabına qəzəllər, o cümlədən görkəmli şairlərin əsərlərinə nəzirə və təxmislər, habelə satirik ruhlu şeirlər də daxil etmişdir. Şairin növbəti kitabının oxucuları tərəfindən seviləcəyini əminliklə söyləyə bilərik.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 03.08.2024 14:55