AZ EN RU

Vətəndaşlarla növbəti görüş olub

İyulun 15-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Babək rayonunun Zeynəddin kəndində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. 
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova  vətəndaşlarla görüşün və onların müraciətlərinə baxılmasının əhəmiyyətindən, sakinlərin üzləşdikləri problemlərin yerindəcə həllindən danışıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ölkəmizdə ailələrin rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışaraq bildirib ki, 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında ailə institutunun inkişafı, ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliği məqsədilə ardıcıl tədbirlər görülür.  
Çıxışların ardından kənd sakinlərinin müraciətləri ayrı-ayrılıqda dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən aliment məsələsi, məktəbli formasının verilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün özünüməşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. Vətəndaşlara müraciətlərlə əlaqədar hüquqi izahat verilib, qanunamüvafiq köməklik göstərilib, Komitənin səlahiyyəti xaricində olan müraciətlərlə bağlı vətəndaşlara köməklik göstərilməsi məqsədilə aidiyyəti üzrə qeydiyyat aparılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 15.07.2024 15:29