AZ EN RU

“Vətəndaşların seçki hüququnun konstitusion əsasları” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq "Vətəndaşların seçki hüququnun konstitusion əsasları” mövzusunda tədbir keçirilib.


Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə dövlət orqanlarının əməkdaşları, seçki məntəqələrinin məsul şəxsləri, gənc seçicilər və media nümayəndələri iştirak edib.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ombudsman aparatı tərəfindən hazırlanmış “Azərbaycan parlamenti müstəqillik illərində” adlı videoçarx nümayiş olunub.
Tədbirdə giriş nitqi ilə çıxış edən Ombudsman Günay Rzayeva vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunması və seçki sisteminin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmini haqqında danışıb. 
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin keçirilməsi ilə bağlı görülən işlər və birgə təşkil edilən maarifləndirici tədbirlərin əhəmiyyəti barədə məlumat verib.
Sonra “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda təqdimat verilib, ilk dəfə seçki hüququndan istifadə edən gənclərə “Mənim seçki hüququm” adlı bukletlər paylanılıb, xatirə fotosu çəkilib.

Nəşr edilib : 09.08.2024 13:48