AZ EN RU

Vətəndaşına yurdunu qaytaran, onu yurdunda salamlayan Prezident

Bəzən müəyyən bir fikri ifadə etmək üçün sözə əsla ehtiyac olmur. Çünki fotolar da danışa bilir. İyunun 5-də Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşada səfərdə olan dövlət başçısı İlham Əliyevin şəhər sakinləri ilə görüş anını əks etdirən bir foto deyərdim ki, prezident-vətəndaş münasibətləri fonunda dünyada analoqu olmayan bir foto, insan amilinə verilən dəyərin təcəssümüdür. Azərbaycan xalqının vahidliyinin təcəssümü olan cənab Prezidentin azad edilmiş torpaqlarımızdan birində-Şuşada yurduna qayıdan soydaşlarımızı öz ata-baba torpağında salamlaması ümumilikdə doğma yurduna qayıdan hər bir vətəndaşımız üçün idi. Çünki illərlə ad günlərində şəhid, qazi ailələrinin, məcburi köçkünlərin yanında olan dövlət başçısı hər zaman onların təsəllisi, bir gün doğma ocaqlarına dönəcəklərinə əminlik yaradan Lider olub. Onları yenidən yurduna qaytaran ordunun sərkərdəsi olub. Odur ki, dövlətimizin başçısının bütün azad torpaqlarda soydaşlarımızla görüşündə eyni mənzərəni görmək olur.

Şuşa: 28 il əvvəlki möcüzə

Bu gün abadlaşan, ötən həftə sevinclərinin şahidi olduğumuz sakinlərini qoynuna alan Şuşa 2020-ci ildə düşməndən azad olunanda 28 il yarım idi ki, əsarətdə-düşmənin murdar əlində idi. Bütün bunları hər dəfə söhbət düşəndə demək ona görə borcumuzdur ki, bu tarix dövlət başçısının da söylədiyi kimi yaşadılmalıdır.

28 ilin əvvəlində o, bir təsadüf nəticəsində işğal olunmuşdu. Yadımdadır, o zamanlar hamı “bu, bir möcüzədir”, deyirdi. Çünki bu sözləri söyləyən insanlar dəfələrlə Şuşada olmuşdu. Onun hansı coğrafi mövqedə yerləşdiyini, düşmənin onu heç vaxt işğal edə bilməyəcəyini yaxşı bilirdilər. Bəs necə olmuşdu ki, Şuşa belə asanlıqla işğal olunmuşdu? Düşmən bunu necə bacarmışdı?

Şuşanın işğalı barədə televiziya vasitəsilə məlumat alan insanların hər biri böyük kədər, qəm-qüssə içərisində bunun nə cür baş verdiyini müzakirə edir, bir qənaətə gələ bilmirdi. Gələ bilməzdilər də. Çünki hələ sonralar Şuşanın satılması, hazır tikə kimi düşmənin ağzına qoyulması bilinəcəkdi. Bilinəcəkdi ki, dövlətimizin ozamankı səriştəsiz, vəzifəpərəst ünsürləri özlərini qorumaq, vəzifədə qalmaq üçün bir oyuna giriblər. Bu, torpaq oyunu idi. Azərbaycanın qədim, əzəli torpaqları qoyulmuşdu bu oyuna. Oyundan erməni qalib olaraq çıxacaqdı. Bu, əvvəlcədən hazırlanmış plana görə belə idi. Uduzan isə səriştəsiz rəhbərlərin sayəsində xalqımız olmalı idi və oldu da. Bir-birinin ardınca torpaq idi ki, gedirdi, düşmənin tapdağı altına verilirdi. Baxmayaraq ki, minlərlə şəhidimiz, qazimiz oldu, bu torpaqları son nəfəslərinədək müdafiə etdilər, lakin bir faydası olmadı. Çünki plan həyata keçirilirdi. Və biz bu planda çoxdan uduzan tərəf idik. Bütün bunlardan isə xalq xəbərsizdi. Xəbəri olacaqdı, çox yaxın zamanda olacaqdı. Lakin o zaman torpaqlarımız çoxdan işğal altına getmiş olacaqdı.

Şuşanın müdafiəsini Tanrı özü onu yaradarkən bəxş etmişdi. Şuşa sanki öz kürsüsündə oturan xan, düşmən isə onun ətrafındakılar idi. Bax elə möcüzə də burada idi ki, bu ətraf xanı öz məqamından necə endirə bilərdi? Təbii ki, yalnız arxadan vurulan zərbə və satqınlıqla... Elə insanların Şuşanın işğalına möcüzə kimi baxması da bu səbəblərdən idi. Çünki o, belə asanlıqla alına bilməzdi.

Bəli, 2020-ci ildə artıq düz 28 il yarım idi ki, Şuşa bizim əlimizdən satqınlıqla getmişdi.

Şuşa: 28 il sonrakı möcüzə

İşğal altındakı torpaqlarımızı hər zaman təəssüf hissi ilə anan, onların geri qaytarılmasına böyük inam bəsləyən Ümummilli Liderimiz Heydər Əliyev ömrünün sonunadək bu sözləri dedi: “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik. Bu, qarşımızda duran vəzifədir və biz onu nəyin bahasına olur-olsun yerinə yetirəcəyik”.

Ulu Öndər torpaqlarımızın geri alınması üçün beynəlxalq aləmdə böyükmiqyaslı işlər həyata keçirdi. Lakin dünya susdu. 2020-ci ilə qədərki 17 ildə dövlətimizin başçısı da eyni Ulu Öndər kimi bu istiqamətdə danışıqlar apardı, Qarabağ problemini beynəlxalq səviyyədə həll etməyə, düşmənin sülh yolu ilə torpaqlarımızdan çıxarılmasına çalışdı. Lakin dünya yenə də susdu. Mənfur düşmən isə hələ üstəlik yeni ərazilər işğal etmək xülyasına düşdü. Belə olanda isə Ulu Öndərin həm mənəvi, həm də siyasi varisi Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni yerlərində oturtmağı bacardı. Şəhər, qəsəbə və kəndlərimiz qarış-qarış, kənd-kənd geri alındı. Biz övladlarımızı itirdik, lakin onların qanı ilə Azərbaycan tarixinin yeni səhifələrini yazdıq. Namusumuzu, şərəfimizi təmizlədik.

Bu səhifələrdə Şuşanın işğaldan azad olunması xüsusi yer tutur. Çünki bir möcüzə baş vermişdi. Düşmən əlində olan Şuşa böyük qətiyyətlə də qorunurdu. Düşmən ötən 28 ildə Şuşanın bütün sərvətinin, hüsnünün sahibinə çevrilmişdi. Onlar üçün Şuşa həqiqətən də möcüzə idi. Ömürlərində rastlaşmadıqları, görmədikləri bir möcüzə. Rahatlıqla, döyüşmədən əldə etdikləri bu möcüzəni əsla itirmək fikrində də deyildilər. Lakin gözləmədikləri yeni bir möcüzə baş verməkdə idi. 44 günlük Vətən Müharibəsinin son günlərində qarşılaşacaqdılar bu möcüzə ilə. Və qarşılaşdılar da. Müharibədən sonra düşmən bəzi mətbuat orqanlarına müsahibələrində, söhbətlərində Şuşada möcüzə ilə üzləşdiklərini açıqca etiraf etmişdi. Onlar belə söyləyirdi ki, heç gözləmədiyimiz halda bir də gördük ki, Azərbaycan əsgəri Şuşadadır. Onlar buraya haradan, necə gəlmişdilər, biz onu düşünürdük.

Azərbaycan əsgəri Şuşaya addım-addım, gecə-gündüz sürünə-sürünə, sinəsini dağa-daşa sürtə-sürtə, əl-ayaqlarında daşlar yaralar aça-aça gəlib çıxmışdı. Bu, əsgərimizin nəyə qadir olmasının göstəricisi idi. Bu, ürəyi torpaq sevgisi ilə dolu olan azərbaycanlı övladının əlbəyaxa döyüşü, texnikasız, silah-sursatsız bir taktikası idi. Bu, Milli Ordumuzun gücünün, Ali Baş Komandanımızın sərkərdəlik məharətinin, həmrəyliyimizin nümayişi idi. Bu barədə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edən cənab İlham Əliyev demişdir: ... Münaqişəyə son qoyan Azərbaycan əsgəri oldu, qəhrəman Azərbaycan əsgəri. Müharibənin son hadisələri məhz burada - Şuşada baş vermişdir. Sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər. Şuşa Zəfərindən sonra faktiki olaraq Ermənistan cəmi bir gün dirəniş, - əgər buna dirəniş demək mümkündürsə, - göstərməyə cəhd etmişdir və noyabrın 9-da artıq kapitulyasiya aktını imzalamağa hazır olduğunu bildirmişdir.

8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Düşmən Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişdir. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilmişdir.

Cənab İlham Əliyev fikirlərini belə davam etdirirdi: Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. Bəli, Xirosima atom bombası nəticəsində məhv edildi. Ağdam və digər şəhərlər erməni vandallığı nəticəsində məhv edildi. Birinci Qarabağ müharibəsi dayanandan sonra 30 il ərzində binaları daş-daş söküb, daşıyıb satmışdılar və beynəlxalq təşkilatların hesabatlarında bu, var. Qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Yəni, Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Ona görə gələn hər qonaq, azad edilmiş torpaqlara gedən hər qonaq erməni vəhşiliyini görür və görməlidir. Görməlidir ki, biz təkcə işğalçını yox, faşistləri məhv etdik. Onların Birinci Qarabağ müharibəsində, İkinci Qarabağ müharibəsində, iki müharibə arasındakı dövr ərzində bütün əməlləri faşist əməlləridir. Bizim dinc şəhərlərimizi müharibə dövründə ballistik raketlərlə atəşə tutmaq, insanları məhv etmək faşizm deyil, bəs nədir? “Tocka-U”, “SCUD”, “İskəndər-M” raketi ilə Şuşa vurulmuşdu. Qar əriyəndən sonra Şuşada, şəhərin mərkəzində “İskəndər-M” raketinin qalıqları aşkarlanmışdır və bir daha biz sübut etdik ki, Ermənistan bu ölümcül silahdan, qadağan edilmiş silahdan və onlarda heç cür olmayan silahdan istifadə edib. Buna inanmayanlar gəlib Hərbi Qənimətlər Parkında “İskəndər-M” raketinin qalıqlarını görə bilərlər.

Bəli, Şuşa Azərbaycan şəhəridir. Azərbaycan ordusu da bu şəhərin düşməndən azad olunması üçün mübarizə apardı və doğma şəhərini xilas etdi. Şuşa öz anasına-Azərbaycana qayıtdı.

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Ölkəmizin rəhbəri dəmir yumruğunu düşmənin başına endirməklə, Qarabağa, onun baş tacı Şuşaya Zəfər gətirdi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Hər bir Azərbaycan vətəndaşının dilinin əzbərinə çevrilən bu kəlamlar iyulun 5-də 15 yaşlı şuşalı qızın dilindən dövlətimizin başçısı qarşısında bir daha səsləndi. Və bu, onun göstəricisidir ki, bizim övladlarımız qalib, bütöv Azərbaycanda torpağa, torpağı sahibinə qaytaran dövlət başçısına məhəbbət və vətənpərvərlik hissi ilə böyüyür.

Zəfərin zirvəsində Zirvə toplantısı

Şuşanın azadlığından sonra Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalının keçirilməsi düşmənin bağrına dağ çəkdi. Azərbaycan musiqisinin heyrətamiz səsi dağ-daşına yayıldıqca elə bil oyandı Şuşa, təşnəsi olduğu bu səslə sanki özünə qayıtdı. Bu səs düşmənin qulağına yara oldu. Bu səs Cıdır düzündən düşmənin murdar ayaqlarının izlərini sildi. Festivalın hər il keçirilməsi isə Şuşaya qədim ənənələrini qaytarıb.

Daha sonra Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı, “Vaqıf Poeziya Günləri”nin keçirilməsi, Natəvanın bulağının bərpası, Zəfər yolunun çəkilməsi, Şuşanın elektrik enerjisi ilə təminatının yaxılaşdırılması və 2020-ci ildən bugünədək abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, ən əsası isə Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin hər biri yaxınlıqdakı düşmənin göz dağına çevrilib.

Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, 2022-ci ilin “Şuşa ili” olması bizim qürurumuz, düşməninsə ölümüdür.

Bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edən, İslam dünyasının mədəniyyət paytaxtı olan, Şuşa Bəyannaməsindən Qarabağ Bəyannaməsinə qədər yol gedərək türk dünyasının doğma evinə çevrilən Şuşa Qarabağ Zəfərinin zirvəsidir. Ona görə ki, o, həm Qarabağın tacı, həm də İkinci Vətən müharibəsinin bitdiyi şəhər, Azərbaycan Milli Ordusunun üçrəngli bayrağımızı sancdığı son ərazimizdir. Bu gün isə Şuşa dünya türklərinin birlik rəmzinə çevrilib. Burada keçirilən Zirvə toplantıları hər il davam etməklə bu birliyin daha da möhkəmlənməsinə, Türk dünyasının həmrəyliklə bir yumruğa çevrilməsinə stimul olacaq.

Bu qədim yurd indi novrağını yaşayır. Başını tik tutub, azadlığı ilə qürur duyur. Sənə başını bax belə, dik tutmaq yaraşır, Şuşa. Ey Qarabağın baş tacı, bundan sonra ta sən hər zaman belə qürurla yaşayacaqsan. Çünki bu gün dünyanın bəhs etdiyi Azərbaycanın bir yurdusan. Çünki sənin arxanda Ali Baş Komandanımız və Milli Ordumuz dayanır. Nə qədər ki, Azərbaycan var, sənin hər zaman üzün güləcək. Çünki bütün torpaqlarımız qalib ölkənin qalib ordusunun qoruması altındadır.

Bu gün Zəfərimizin qürurunu yaşayırıq. Biz həm də haqqında söhbət etdiyimiz foto kimi, dövlətimizin başçısının vətəndaşlarımıza qayğısını özündə ehtiva edən yüzlərlə belə fotonun qürurunu yaşayırıq. Bir də onun qürurunu yaşayırıq ki, Azərbaycan tarixinin 270 ildən artıq bir dövrdən sonra bu şanlı səhifəsinin canlı şahidləriyik.

Mətanət Məmmədova

"Səs qəzeti"

Nəşr edilib : 09.07.2024 15:03