AZ EN RU

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən müharibəsi şəhidi Camal İsmayılovun xatirəsinə həsr olunan “Vətən Sizi Unutmaz” adlı anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin və ictimaiyyət nümayəndələrinin, şəhidin ailə üzvlərinin, yaxınları və döyüş yoldaşlarının iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər şəhidimizin şərəfli həyat və döyüş yolundan danışıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Şəhid Camal İsmayılovun ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Nəşr edilib : 28.07.2024 17:30