AZ EN RU

“Vətən müharibəsi: Azərbaycanın Zəfər yolu” mövzusunda elmi konfrans olub

    AMEA Naxçıvan Bölməsində keçirilən elmi konfransda əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə çıxış edərək 44 günlük Vətən müharibəsinin nəticələrindən, yüksək hərbi potensiala malik Azərbaycan Ordusunun qüdrətindən, Qarabağ zəfərinin ölkəmiz üçün tarixi, hüquqi və iqtisadi önəmindən danışıb. Vurğulayıb ki, müharibə dövründə bir xalq kimi nümayiş etdirdiyimiz milli birlik və siyasi həmrəylik Qarabağ zəfərini şərtləndirən mühüm amillərdən biridir. Bölmə sədri Vətən müharibəsi dövründə Azərbaycanın təkcə hərb meydanında deyil, həm də informasiya müharibəsində qələbə qazandığını qeyd edərək Prezident cənab İlham Əliyevin yerli və xarici KİV-lərə müsahibələrindən sitatlar gətirib.
    Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “İkinci Qarabağ müharibəsi və geosiyasi reallıqlar”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Azərbaycan-Türkiyə birliyi: Şuşa Bəyannaməsi”, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Azərbaycanın Zəfər yolu ədəbiyyatda” mövzusunda məruzələr ilə çıxış ediblər. Məruzələrdə Vətən müharibəsində qazanılan Tarixi Zəfərdə dövlət-xalq-ordu birliyinin müstəsna əhəmiyyətindən, naxçıvanlı hərbçilərin qəhrəmanlıq və şücaətindən, Şuşa Bəyannaməsinin tarixi-siyasi mahiyyətindən bəhs olunub. 

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 05.11.2022 21:00