AZ EN RU

“Vətən Bağı” ST İB Naxçıvanda altıncı təlimini keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu və "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən "Müharibə iştirakçıları üçün biznes təlimləri" layihəsi çərçivəsində növbəti təlim baş tutub.
Naxçıvan şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov tədbiri açıq elan edib. Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvanda reallaşdırdığı bu layihə barədə danışan natiq belə təlimlərin müharibə iştirakçıları üçün vacibliyini vurğulayıb. "Bu gün dövlət, həmçinin özəl sektorda şəhid ailələri və müharibə iştirakçıları diqqət mərkəzindədir. Belə təlimlər onlara əlavə motivasiya verir, özlərini sahibkar kimi tanıtmağa imkan yaradır. Bu tip biznes təlimləri başlayacağınız hər bir işdə sizə kömək ola bilər" – deyə İ.Gülməmmədov qeyd edib.
Sonra "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, layihə rəhbəri Emin Tarverdiyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə baş tutan təlimin məqsəd və mahiyyəti barədə məlumat verib. Layihə rəhbəri qeyd edib ki, bu, Naxçıvanda keçirilən altıncı belə təlimdir: “Geridə qalan beş təlimdən sonra əldə etdiyimiz müsbət nəticələr var. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərə bu şəraiti yaratmaqla dövlət siyasətinə öz töhfəsini vermiş olur. Bəzən bir işi başlamaq bizə çətin görünə bilir. Amma bir işi düşünmək belə o işin yarısını geridə qoyur. Qarşıda isə uğur qazanmaq üçün görülməsi vacib olar işlər zərurəti yaranır. Biz çalışırıq ki, bizneslə məşğul olmaq istəyən müharibə iştirakçıları və şəhid ailəsi üzvləri də bu təlimlərdən maksimum yararlansınlar. Düzgün strategiya ilə qurulmuş biznes bir daha sübut edir ki, siz bu gün həm də özünüzdən uğurlu bir sahibkar kimi söz etdirə bilərsiniz. Dəvətimizi qəbul edib bu təlimə qoşulduğunuza görə hər birinizə təşəkkür edirəm".
E.Tarverdiyev təlimin keçirilməsi üçün yaratdıqları şəraitə görə Naxçıvan şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və "Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinə," Naxçıvan Qaziləri" İctimai Birliyinin Veteranlar Şurasına, həmçinin təlimin işıqlandırılmasında dəstək olan yerli media qurumlarına da minnətdarlığını çatdırıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsmayıl Qəribli qonaqları salamlayaraq bu gün dövlətin şəhid ailələri, qazilərə göstərdiyi diqqət və qayğı barədə danışıb. Təlim iştirakçılarına uğurlar arzulayan İsmayıl Qəribli bu tip təlimlərin Naxçıvan Muxtar Respublikasında keçirilməsinin vacibliyinə diqqət çəkib: "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvanda belə bir təlimi reallaşdırması düşünürəm ki, çox vacibdir. Mümkün qədər siz belə təlimlərdən bəhrələnərək sahibkara çevrilə bilərsiniz. Bununla həm də qurduğunuz biznesdə yeni iş yerləri yaratmaqla dövlətə xeyir verə bilərsiniz".
Sonra söz təlimçi Vüsal Novruzova verilib. Təlimin bu gün üçün aktuallığını diqqətə çatdıran Vüsal Novruzov onların bu sahədə görə biləcəyi işlərdən və ilkin olaraq atılacaq addımlardan danışıb. Dövlət Məşğulluq Agentliyinin və KOBİA-nın onlara verə biləcəyi dəstəkdən söz açan təlimçi belə təlimlərin onlar üçün bir trampilin olduğunu qeyd edib: “Təlimə başlayanda biz pre test keçirdik. Yekunda isə post test keçirərək layihə rəhbəri ilə nəticələri müzakirə edirik. Geridə qalan beş təlimin nəticələri yaxşıdı və bu isə keçirdiyimiz bu təlimlərin faydalılığını göstərir. Naxçıvanda artıq altıncı təlimimiz baş tutur. Bizə müraciət edənlərin hər biri ilə fərdi söhbət aparırıq, biznes planının tərtib olunması, brendin yaradılması, loqo və sloqan seçimində biz sizin yanınızdayıq. Hər təlimdən sonra biz ən azı iki yeni sahibkarı kəşf edirik”.
Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müraciətlər dinlənilib, ilkin biznes mərhələsinə start vermək üçün lazımı bilgilər verilib.

Nəşr edilib : 13.07.2024 23:40