AZ EN RU

Vərəsəlik hüququnun həyata keçirilməsinin qanuni təminatları

    Mülki hüququn olduqca böyük və mürəkkəb bir sahəsi olan vərəsəlik hüququ hər zaman olduğu kimi, günümüzdə də öz aktuallığını qoruyub saxlamaqdadır. Deyə bilərik ki, ən həssas mənəvi xüsusiyyətləri özündə cəm edən mülki hüquq normaları məhz vərəsəlik münasibətləri ilə bağlı olanlardır. Vərəsəlik münasibətləri özlüyündə əmlak xarakterli məsələləri ehtiva etsə də, miras qoyan öz əmlakı ilə bağlı son iradəsini həyata keçirərkən ətrafdakıların ona qarşı münasibətlərini, özünə və yaxınlarına qarşı davranışlarını, eləcə də onların ehtiyaclarını və digər əhəmiyyətli bildiyi göstəriciləri nəzərə almaqla hərəkət edir. 

    Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Eyni zamanda vərəsəlik hüququ vəsiyyət etmək hüququ ilə yanaşı, miras almaq hüququna da təminat verir. Yəni vərəsəlik hüququ bir tərəfdən vəsiyyət edə bilməyi nəzərdə tutursa, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib, ona sahib olmağı nəzərdə tutur. 
    Fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən şəxslər vərəsəliyə çağırılır. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) ya qanun üzrə, ya da vəsiyyət üzrə, yaxud da hər iki əsasla keçir. Qanun üzrə vərəsə sayılan şəxslər və onların vərəsəliyə çağırılması növbəlilik üzrə müəyyən edilir. Qeyd edək ki, qanunvericilik vərəsəliyin beş növbəliliyini müəyyən etmişdir. Vərəsələrin növbə ardıcıllığı ilk olaraq onların miras qoyanla mənşəcə yaxınlığına (qohumluğuna) əsaslanır: 
    Birinci növbənin əhatə dairəsinə miras qoyanın övladları, həmçinin miras qoyanın ölümündən sonra doğulmuş uşağı, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildir. 
    İkinci növbəyə – ölənin bacıları və qardaşları daxildir. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Çünki qanun üzrə vərəsəlik zamanı miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər vərəsələr ola bilərlər. Onlar ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. 
    Üçüncü növbəyə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba daxildir. Onların anası və atası (nənənin anası və atası, babanın anası və atası ) o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
    Dördüncü növbəyə – xalalar və bibilər, dayılar və əmilər daxildir. Onların uşaqları isə beşinci növbə üzrə vərəsə sayılırlar.
    Qeyd edək ki, qanun üzrə vərəsəlik zamanı bütün vərəsələr eyni vaxtda vərəsəliyə çağırılmırlar, qanunvericiliklə müəyyən edilən qaydaya əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu fikri sadə formada ifadə etsək, miras qoyanın qardaş və ya bacılarından birinin sağ olması baba və nənənin vərəsəliyini istisna edəcək. Çünki miras qoyanın qardaş və bacısı ikinci növbə üzrə vərəsə olduğu halda, baba və nənə üçüncü növbə vərəsələr sırasına daxildilər.
    Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, qanunvericilik qanun üzrə vərəsəliyin hüquqi qüvvəsini vəsiyyətnamənin mövcud olmaması və ya etibarsız olması ilə şərtləndirir. Çünki qanun üzrə vərəsəlik zamanı miras şəxsin iradəsindən asılı olmayaraq, vərəsələrə keçir. Lakin şəxs vəsiyyətnamə tərtib etdiyi zaman öz iradəsinə əsaslanır. Öz əmlakını vərəsələri arasında bölüşdürərkən hansı əmlakın kimə vəsiyyət edilməsini özü müəyyənləşdirir. Qeyd edilənlərdən aydın olur ki, vəsiyyət üzrə vərəsəlik qanun üzrə vərəsəliyə nisbətən üstünlük hüququna malikdir. Həm də vəsiyyətnamə üzrə vərəsəliyin digər əhəmiyyəti ondan ibarətdir ki, vərəsələr arasında gələcəkdə baş verə biləcək anlaşılmazlığın (konfliktin) qarşısı alınmış olur. 
    Vəsiyyət üzrə vərəsəlik zamanı miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Belə ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 
    Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Qanunvericiliyə əsasən vəsiyyətnamə yazılı şəkildə tərtib edilməlidir, şifahi vəsiyyətnaməyə yol verilmir. Yazılı formada olan vəsiyyətnamə həm notariat qaydasında ( notariat forması) həm də sadə yazılı formada tərtib edilə bilər. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Sadə yazılı formada tərtib edilən vəsiyyətnaməni isə vəsiyyət edən öz əli ilə yazıb imzalaya bilər.
    Mülki qanunvericiliyə əsasən mirasın açıldığı yer miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın (əmlakın) olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer sayılır, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer mirasın açıldığı yer heab edilir.
    Miras qoyanın bir neçə yaşayış yeri ola bilər. Lakin fiziki şəxs müvəqqəti fasilələr olsa da, bu yaşayış yerlərindən birində daimi yaşayır. Eyni zamanda bu hal müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşlarına da şamil edilir. MM-in 1148-ci maddəsində təsbit olunur ki, müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Sual yarana bilər ki, bəs miras əmlakı başqa dövlətin ərazisində olarsa, vərəsəlik münasibəti öz həllini necə tapacaq? MM-in 1149-cu maddəsinə əsasən xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.
    Öz xüsusi mülkiyyətində olan əmlakı istədiyi şəxsə və ya şəxslərə vəsiyyət etmək şəxsin müstəsna hüququdur. Başda Konstitusiyamız və digər qanunvericilik aktları bu hüquqa, yəni vəsiyyət azadlığı hüququna təminat verir. Lakin öz şəxsi marağı naminə bu hüquqa kobud müdaxilə edənlər, qanun pozuntusuna yol verən şəxslər də olur. Sözsüz ki, qanunvericilik bu şəxslər barəsində hüquqi məsuliyyət müəyyən edir. Belə ki, mülki qanunvericiliyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilər. Bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Təbii ki, təqsirkar şəxsin əməllərində miras qoyana və ya digər vərəsələrə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər olarsa, həmin şəxs barəsində cinayət qanunvericiliyinin müvafiq maddələri üzrə cinayət işi açılır və təqsirkar şəxs cinayət məsuliyyətinə cəlb edilir. 
    Şəxs miras əmlak bölüşdürülənə qədər ləyaqətsiz vərəsə sayılarsa, ona mirasdan pay verilmir. Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur. Bu halda şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür. Qeyd edək ki, şəxsin ləyaqətsiz vərəsə sayılması barədə iddianı maraqlı şəxslər beş il ərzində irəli sürə bilər. 
    Qeyd edilən məsələlər miras açıldıqdan sonra, yəni miras qoyanın ölümündən sonra baş verən vərəsəlik münasibətlərinə aid edilir. Lakin vəsiyyət edənin hələ öz sağlığında vəsiyyətnamə ilə vərəsələrindən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum etmək hüququ da var. Bu hüquq vəsiyyət azadlığı prinsipinə əsaslanır və qanunvericilik bu imkanla çıxış edərək vəsiyyət edənə öz mülkiyyəti üzərində sərəncam vermək hüququna təminat vermişdir. Digər vərəsəlik hüququndan məhrumetmə hallarından biri də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciət etməklə vərəsəni məcburi pay almaq hüququndan məhrum etməsidir. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Yəni şəxsin ləyaqətsiz vərəsə hesab olunması üçün ciddi əsaslar olduqda, məhkəmə tərəfindən məcburi pay almaq hüququndan məhrum edilir. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtinaya yol verilmir. Həmçinin həmin şəxslər vəsiyyətnaməyə daxil olmamış əmlaka da qanun üzrə vərəsə ola bilmirlər. 

Siyavuş BABAYEV
Naxçıvan Muxtar Respublikası 
Ədliyyə Nazirliyinin əməkdaşı

Nəşr edilib : 16.08.2022 18:36