AZ EN RU

Vakant vəzifələr üzrə müraciət etmiş namizədlərlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında və yerli bölmələrində olan vakant vəzifələr üzrə müraciəti daxil olmuş namizədlərlə görüşlər keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə nazirlikdə keçirilən görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsinin icraçısı Rahid Ələkbərli nazirliyin və struktur bölmələrinin fəaliyyət istiqamətləri haqqında məlumatlar verib, namizədlərlə söhbətlər aparıb. Onların bilik və bacarıqlarını dəyərləndirmək məqsədilə iddia etdikləri vakant vəzifələr üzrə təqdimatlar hazırlanması tapşırılıb. Görüşün ikinci mərhələsində namizədlərin müxtəlif mövzularda təqdimatlarına baxılıb, onların müraciət və təklifləri dinlənilib, qanunamüvafiq qaydada işlə təmin olunmaları üçün müraciətləri dəyərləndirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Karyera sərgisi”nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müxtəlif vəzifələr üzrə 86 vakant yer təqdim olunub.

Bu məqsədlə də keçirilən görüşdə namizədlərin seçimi zamanı onların xarici dil, kompüter və proqramlaşdırma sahəsində bilikləri nəzərə alınıb, o cümlədən müasir texnologiyalarla işləmək və idarəetmə bacarıqlarına və ümumi dünyagörüşlərinə üstünlük verilib. 

Nəşr edilib : 01.08.2024 18:03