AZ EN RU

Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində şəhidlərin əziz xatirəsinə həsr olunmuş yeniyetmə və gənc oğlanlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, yarış Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və İlham Əliyev adına Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib. Birinciliyin keçirilməsində məqsəd şəhidlərin əziz xatirəsini yad etmək, yeniyetmə və gənclərin sağlam böyüməsinə şərait yaratmaq olub. Yarış başlanmazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində çıxış edənlər tədbirin mahiyyəti və yarış qaydaları haqqında məlumat verilib. Daha sonra şəhid valideynləri çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıb. Sonra şəhid valideynlərinə yarışdan xatirə olaraq fəxri fərmanlar təqdim edilib. 
Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışda 3 yaş qrupunda 40 idmançı iştirak edib. Birinciliyin yekununa əsasən 2008-2010-cu il təvəllüdlü idmançılar arasında Rza Kətənli, 2011-2012-ci il təvəllüdlü idmançılar arasında Yusif Mahmudov, 2013-2015-ci il təvəllüdlü idmançılar arasında isə Fərid Hacızadə müvafiq olaraq I yerə layiq görülüb. 
Sonda hər yaş qrupunda yer tutan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.

Nəşr edilib : 18.07.2024 21:59