AZ EN RU

Üstü gül bağçası, altı qəbristanlıq

Hər gün təkrar keçdiyimiz yerlərdən biri də qəbiristanlıqlardır. İnanmıram ki, kiminsə yolu buradan düşməyə. Hər kəs üçün qəbiristanlıq fərqli bir mənaya sahibdir. Demək olar ki, ən əzizimizin uyuduğu bu məkan bizə həyatla yoxluğun bağçası və yaxud qapısı kimi görünür. Qəbiristanlıqlar mənə gül bağçasını xatırladır. Biri əzizini, biri gəncini, biri isə sevdiyini itirir bu yollarda. İtkilərlə barışa bilməyən doğma insanlar çarəni güldə, çiçəkdə axtarır. Başlayır məzar üzərində gül bağçası yaratmağa. Təsadüfən məzarlığa gələnlər isə bu mənzərə qarşısında qəlbən parçalanır. Hiss və emosiyalarına sahib ola bilməyərək hıçqırıqlarını boğa bilmirlər.

Unutmayaq ki, ayrılıqlar zamansızdır. Bədən müvəqqəti, ruh isə əbədidir. Ölümlə qol-boyun gəzdiyimiz hər gün, düşünürəm ki, biz onlara baxdığımız kimi, onlar da bizə baxa bilir? Bizə heç olmasa xatirələr qalır, sizinsə heç təsəvvürünüz, xəyalınız belə yoxdur. Qazancınız, sadəcə, üstü gül bağçası olan qəbirlərdir. Bəzən bu lal qəbiristanlıq qarşısında o qədər mənalı və vahiməli anlar keçir ki, qəlbimizdən. Görəsən, anaların övladlarına çəkdikləri sığallar, nakam sevgilərin qondurduğu öpüşlər qoyarmı ki, torpaq altında o bədənlər çürüsün? Ölüm elə bir mərhələdir ki, o gələndə biz yox oluruq. Biz yox olan kimi o bizim yerimizi tutur. Çünki o gələndə biz artıq mövcud olmuruq.

Əbədi ayrılıq saatları başlayır. Əslində, ölüm heç nədir. Yalnız qorxu, sevdiyin adamlardan ayrılmaq qorxusu. Və yaxud başlanmış bir həyatın amansız sonu. Bu ayrılıq bizə həyatın özündən də uzun görünür. Hər dəfə sevdiklərimizin qəbrini ziyarət edəndə bizə elə gəlir ki, ağlamağa öyrəşmişik. İstər-istəməz qəhərlənir, qeyri- ixtiyari gözyaşı tökməyə başlayırıq. Hara gediriksə, harada oluruqsa sinəmizdə daima bir ölü ürəyi gəzdiririk. Mənim çox zaman əşyalara, bəzək-düzəyə, divarlara, şkafda səliqə ilə asılmış paltarlara acığım tutur. Düşünəndə ki, bizim düzəldib ərsəyə gətirdiyimiz düzən bizsiz qalacaq, onda birmənalı şəkildə qəbul edirəm ki, bu əşyaların qələbəsidi, canlı aləmin yox.

Kaş ki torpaq bizi udanda əşyalarımızı da bizimlə birgə uda, nə yaxşı olar. Yadıma Misir fironları gəldi bir anlıq. Ölərkən onlarla bərabər böyük bir saray heyətini də diri-diri basdırırmışlar yaxınları. O dünyada əziyyət çəkməsin, bu dünyadakı kimi qulluğunda durmağı bacarsınlar. Nənəm deyərdi ki, bala, xeyirdən-şərdən qalma, bu elə bil tüstüdür ki, hər kəsin bacasından çıxacaq. Zaman keçdikcə başa düşdüm ki, bir kənd qadını olan nənəm, əslində, mənə yaşamın və ölümün fəlsəfəsini danışırmış.

Bizi həyata bağlayanlar zamanla ölümlə tanışçılığımıza vəsilə olur. Artıq ölüm gələndə sizə qovuşacağımızı yox, sizin keçdiyiniz tanış yoldan keçəcəyimizi düşünəcəyik. Ölü ilə vidalaşmaq çox ağır işdir. Başına gəlməyən bilməz. Bu ayrılıq dəhşətli dərəcəyə çatanda insan şüurunu itirir.

İnsan əzizini itirəndə tək adamlıq yox, iki adamlıq yaşamağı öyrənir. Bu gün yanınızda olan adamlar üçün xoşbəxt olmağı öyrənin. Həmin anı ömrünüzdən ayırıb ondan kiçik bir ada düzəldin. İllər keçəcək qəbiristanlıqda uyuyan bədənlər torpağa, quma dönəcək. Gələcəyin adamı isə üzü günəşə uzanıb o bir ovuc qumu barmaqları arasından süzəcək. Onda nə qəbiristanlıq, nə bu qəbirlər, nə də gül bağçası olacaq.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 08.08.2024 14:44