AZ EN RU

Ürəyi intiqam hissi ilə döyünürdü

Həsən Məhərrəm oğlu Cəlilov

(30.03.1995-28.10.2020)

Uşaqlıqdan çox sakit idi Həsən. O qədər sakit idi ki, səsini eşidəndə sevinirdik. Məktəbdə də özünü belə aparırdı. Müəllimləri deyirdi ki, Həsənin səsini eşitmək üçün gərək ona diqqət kəsiləsən. Hərbçi olmaq istədiyini deyəndə fikirləşirdim ki, sakit adamdan hərbçi olar?
Məktəbi bitirdikdən sonra hərbi xidmətə getdi. Qayıtdıqdan sonra bu sahəyə həvəsinin daha da artdığını hiss etdim. Tez-tez hərbidən danışardı. Ancaq çətinliklə olsa da, hərbçi olmaq fikrindən daşındıra bildik.

O, iki bacının bir qardaşı idi. Oğlum bir müddət Türkiyə Respublikasında işlədi. Tez-tez gedib-gəlirdi. Sonuncu dəfə gələndə qayıtmağa qoymadıq. Həsəni nişanladıq. Sonra hərbiyə getdi. Müharibə balamı bizdən aldı. Arzuları yarım qaldı Həsənimin. Toy-büsat qismət olmadı. Müharibəyə gedəndə yeddi ay idi ki, nişanlanmışdı. Şəhid olduqdan sonra balamın xonçaları geri gəldi.
Biz övladlarımızı çox çətinliklə böyütmüşük. Həsən arzularımızı gözümüzdə qoydu. Qoymadı ki, qol götürüb arzuladığımız oğul toyunda oynayaq.
Oktyabrın 23-ü evə gəldi. Qohum-əqrəba ilə görüşdü. Bir gün qaldı. Səhərisi müharibəyə yollandı. Müharibə vaxtı bizimlə danışmadı. Nişanlısı ilə danışıb. Deyib ki, telefonları yığırlar. Olar ki, mənə zəng çatmaz.
Həsən Vərməziyar kəndindən olan şəhidimiz Elməddin ilə xalaoğludur. Oktyabrın 29-da xəbər gəldi ki, Elməddin şəhid olub. Biz onlara getdik. Demə, həmin gün Həsən də şəhid olub. Saat 5-də Həsənin də şəhid xəbəri gəldi. Naxçıvan şəhərinə qarşılamağa getdilər.
Çox vətənpərvər oğlan olan Həsənin babası da şəhidliyə yüksəlib. Yəqin ki, Kərim Kərimov haqqında eşitmisiniz. Həsən o qədər vətənpərvər, o qədər bayrağını sevən, dövlətinə sadiq oğul idi ki... Ürəyi intiqam hissi ilə döyünürdü. Müharibə başlayandan getməyə can atırdı. Dediyinə, istədiyinə nail oldu. Vətən sağ olsun!
 

Nəşr edilib : 27.07.2024 14:08