AZ EN RU

Uğursuz nikahların qarşısının alınması yollarından danışılıb

12 iyul 2024-cü il tarixdə Culfa rayonunun Camaldın kəndində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Uğursuz nikahların qarşısının alınması yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Səkinə Fərzəliyeva mövzunun əhəmiyyətindən danışıb, ailə planlaşdırılmasının sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə təqdimatla çıxış edərək bildirib ki, ailələr planlı şəkildə qurulduqda daha möhkəm və dayanıqlı olur. Bərabər və dayanıqlı ailə planlaşdırılmasının yollarından və əhəmiyyətindən, nikahdan öncə tibbi müayinənin vacibliyindən danışan Komitə əməkdaşı, eyni zamanda erkən nikah və qohum evliliyinin fəsadlarını da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, boşanma hallarının baş verməməsi üçün gələcəyin sağlam ailəsinə gedən yol planlı evlilikdən keçir. 
Müxtəlif yaş kateqoriyalarından qadınlarla yanaşı kişilərin də iştirak etdiyi tədbirdən ümumilikdə 30 nəfər yararlanıb və sonda müvafiq mövzuda broşürlar paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 12.07.2024 19:50