AZ EN RU

Türkiyənin Ərzurum şəhərində Qarabağ Zəfəri münasibətilə tədbir keçirilib - FOTOLAR

Türkiyənin Ərzurum şəhərində Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyevin, Ərzurum valisi Okay Memişin və Ərzurum Böyükşəhər bələdiyyəsinin sədri Mehmet Sekmenin çıxışları dinlənilib.

Azərbaycan-Türkiyə qardaşlığının tarixindən və müasir vəziyyətindən danışan çıxışçılar diqqətə çatdırıblar ki, Qarabağ Zəfəri ortaq dəyərlərimizin qorunmasının və dinamik inkişafda olan əməkdaşlığımızın və həmrəyliyin real nəticəsidir.

Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qarabağ Zəfəri Azərbaycan və Türkiyənin ortaq sərvəti, milli qürurumuz və iftixarımızdır. Bu Zəfər tarixin bütün dövrlərində dövlətçilik tariximizdə qızıl hərflərlə öz yerini qoruyacaq.

Mərasimdə Ərzurum Cümhuriyyət Baş prokuroru Hüseyin Tuncel, Regional Ədliyyə Məhkəməsinin rəhbəri Mustafa Çətin, yerli hərbi hissənin komandiri polkovnik İlkər Şimşək, Ərzurum Atatürk Universitetinin rektoru Ömər Çomaklı, Texniki Universitetin rektoru Bülənt Çakmak, Ədalət və İnkişaf Partiyasının vilayət təşkilatının sədri Mehmet Emin Öz, Milliyətçi Hərəkat Partiyasının vilayət təşkilatının sədri Naim Karataş, Azərbaycan Respublikasından olan tələbələr və digər nüfuzlu şəxslər iştirak ediblər.

Tədbir Azərbaycanı təmsil edən musiqiçilərin Zəfər konsert proqramı ilə başa çatıb.

Nəşr edilib : 09.11.2022 11:32