AZ EN RU

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və Milli Birlik Gününün 8-ci ildönümü ilə bağlı tədbir keçirilib

"Şərq qapısı" xəbər verir ki, əvvəlcə hər iki ölkanin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azarbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının rəsmi şəxsləri iştirak edib.
Sonra dövlətçiliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərin ruhuna dualar, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya tədbirdə çıxış edərək bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar öz həyatları bahasına da olsa, qiyamçıların hakimiyyəti ələ keçirməsinə imkan verməyib. Hakimiyyət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Bu zaman Türkiyə 251 şəhid verib.
Qeyd olunub ki, şəhidlərin əziz xatirəsini anmaq üçün qazilərə ehtiram əlaməti olaraq keçirilən bu tədbirin əsas məqsədi də dövlət çevrilişi cəhdinin necə baş verdiyini dərindən öyrənmək, bu çevriliş cəhdinin əsas səbəbkarının əməl və məqsədlərini ortaya çıxararaq gələcək nəsillərə düzgün çatdırmaqdır.
Tədbirdə AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çıxış edənlər bildirib ki, 8 il əvvəl Türkiyə xalqı separatizmə qalib gələrək ölkənin bütövlüyünü qorudu. Bir çox məsələdə olduğu kimi, bu dəfə də Azərbaycan Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini nümayiş etdirdi, Azərbaycan bütün gücü ilə Türkiyənin yanında oldu. Hadisənin ilk anlarından böyük narahatlığını bildirən möhtərəm Prezident cənab İlham Əliyev Türkiyə dövlətinə olan dəstəyini açıq şəkildə ifadə etdi.
Tədbirdə Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx da nümayiş olunub.

Nəşr edilib : 15.07.2024 12:03