AZ EN RU

Türkiyə Prezidenti: Bu millət istiqlalına toxunan, iradəsinə qandal vurmağa çalışan hər oyunu bundan sonra da pozacaq

Bu gün Türkiyədə “Millətin Zəfəri” şüarı altında yad edilən 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı “15 Temmuz xatirə” muzey-kompleksini ziyarət edib.

Buradakı abidə kompleksini ziyarət edən Türkiyə dövlətinin başçısı şəhidləri yad edib, onların ruhuna “Qurani-Kərim”dən ayələr oxuyub.

Prezident Rəcəb Tayyib Ərdoğan abidə kompleksində çıxışı zamanı bildirib: “Bu millət istiqlalına toxunan, iradəsinə qandal vurmağa çalışan hər oyunu hər zaman pozduğu kimi, bundan sonra da pozacaq. Biz 15 iyul hadisələrinə daim sahib çıxacaq, buna “oyun” deyənləri əsla unutmayacaq, bağışlamayacağıq”.

İstanbuldan sonra Prezident Ərdoğan Ankaraya gedəcək, Türkiyə Böyük Millət Məclisindəki xatirə kompleksini ziyarət edəcək, Prezident İqamətgahında keçiriləcək anım mərasimində xalqa səslənəcək.

Demokratiya və Milli Birlik Günü Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin koordinasiyası ilə ölkə daxilində və Türkiyə hüdudlardan kənarda müxtəlif tədbirlərlə qeyd edilir. Tarixi günlə əlaqədar təşkil olunan tədbirləri izləmək məqsədilə idarə tərəfindən “15 İyul layihə izləmə sistemi” yaradılıb. İndiyədək sistemə dünyanın müxtəlif bölgələrinin qurum və təşkilatlar tərəfindən 11 mindən çox layihə daxil olub. Bu, indiyədək keçirilən tədbirlərin sayı baxımından rekord rəqəmdir. Sistemə ən çox layihə isə Türkiyənin dövlət qurumları, universitetlər və QHT-lər tərəfindən daxil edilib.

Bu il Türk millətinin müstəqilliyini və demokratiyasını müdafiə edərək xain çevriliş cəhdinə qarşı müqavimətini özündə əks etdirən tədbirlərdə həmin gecə xalqın şücaəti və qətiyyəti ilə tarixə qızıl hərflərlə yazılmış “Millətin Zəfəri”nin həm də demokratiyanın, milli iradənin, müstəqilliyin zəfəri olduğuna vurğu edilir. Bu çərçivədə axşam saatlarında İstanbulda və Ankarada bir sıra tarixi yerlər işıqlandırılacaq, tikililərin üzərində xüsusi işıq effekti ilə Türkiyənin Dövlət Bayrağı əks etdiriləcək. Hazırda İstanbulun iki qitəni birləşdirən körpüləri ilə yanaşı, Çanaqqala və Osmanqazi körpülərinə də üzərində “Millətin Zəfəri” yazılmış bayraqlar asılıb.

Ölkədən xaricdə “Türkiyə demokratiyasının Zəfəri” (Türkiye’s Victory of Democracy) şüarı altında keçirilən tədbirlərdə də bu çevriliş cəhdi ilə bağlı ətraflı məlumatlar veriləcək. Bu xain çevriliş cəhdi ilə bağlı Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən fotosərgilər təşkil ediləcək, millətin FETÖ-yə qarşı müqavimətinə, demokratiyanın qələbəsinə dair videoçarxlar və sənədli filmlər nümayiş olunacaq.

Nəşr edilib : 15.07.2024 15:23