AZ EN RU

Türkiyə Prezidenti Azərbaycan ilə Ermənistan arasında tezliklə sülhə nail olunması tərəfdarıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı ilə bağlı fikirlərini bildirib.

Türkiyə lideri Vaşinqtonda keçirilən NATO sammitinin yekunlarına dair mətbuat konfransında bildirib ki, İrəvanla saziş imzalanması qərarını Azərbaycan Prezidenti İlham Əliyev verəcək.

Türkiyə Prezidenti deyib: “Qərarı mən yox, İlham bəy verəcək. Ümidvarıq ki, saziş imzalanacaq və Ermənistanla Azərbaycan arasında sülh təmin ediləcək”.

Ərdoğanın sözlərinə görə, Türkiyədə Bakı ilə İrəvanın dialoqunda müsbət addımları diqqətlə izləyirlər. O əlavə edib: “Bu məsələlər Ermənistanın baş naziri ilə danışıqlar əsnasında, həmçinin burada – Vaşinqtonda müzakirə edilib. Qardaşım İlham da müsbət addımların tərəfdarıdır, bu barədə onunla danışıqlarımız zamanı bəhs etmişik”.

Türkiyənin dövlət başçısı vurğulayıb ki, bütün dünyada olduğu kimi, Cənubi Qafqazda da tezliklə sülhə nail olunmasını istəyir və buna səy göstərirlər.

Nəşr edilib : 12.07.2024 11:35