AZ EN RU

Türkiyə MMN: Dendiasın Türk və yunan xalqları arasında nifaq salaraq siyasi karyera qurmaq cəhdləri nəticə verməyəcək

Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Şimali Kipr türklərini və qəhrəman Türkiyə Ordusunu hədəf alan əsassız, yalan və iftiralarla dolu açıqlmalarını şiddətlə qınayırıq.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) bəyanatında bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub: “Qəhrəman Ordumuz Türkiyənin beynəlxalq müqavilələrinin təminatçı hüququna uyğun olaraq hərəkətə keçərək 1963-1974-cü illər arasında Rum tərəfinin hər cür zülmünə məruz qalan Kipr türk xalqını soyqırımından xilas edib.

Türk əsgərlərinin cəsarəti və varlığı sayəsində 1974-cü ildən bəri Kiprdə qan tökülməyib, Yunanıstanın Kipr Rum xalqına qarşı xunta təzyiqi aradan qaldırılıb, Yunanıstanda hərbi rejim devrilərək demokratiyaya dönüş mümkün olub.

Əsgərlərimiz dünən və bu gün olduğu kimi, sabah da Kiprdə sülhün və sabitliyin təminatçısı olacaq”.

Yunanıstanın müdafiə nazirini konstruktiv yanaşma ilə Ankara ilə Afina arasında münasibətləri inkişaf etdirməyi qarşısına məqsəd qoyan iki ölkə liderlərinin irəli sürdüyü ortaq mövqeyini “baltalamaq” cəhdlərini dayandırmağa çağıran nazirlik Dendiasın türk və yunan xalqları arasında nifaq salaraq siyasi karyera qurmaq cəhdlərinin nəticə verməyəcəyini vurğulayıb.

Nəşr edilib : 17.07.2024 11:39