AZ EN RU

Türkiyə Azərbaycana iki nominaldan ibarət sikkələri təhvil verib

Türkiyədə Cümhuriyyətin ilk sikkələrinin zərbinə başlanmasının yüzilliyi qeyd olunur.

Türkiyə Respublikasında 5, 10, 20 və 100 quruş nominalı olan ilk sikkələr Mesrur İzzet Beyin dizaynı əsasında zərb edilib və 1939-cu ilədək dövriyyədə olub.

Sonrakı dövrdə inflyasiyanı nəzərə alan Türkiyə Zərbxanası 5 lirə (1874-cü ildən), 10 lirə (1981-ci ildən), 50 və 100 lirə (1984-cü ildən) və 500 lirə (1989-cu ildən) nominalları olan sikkələr zərb edib. 2002-ci ildə iqtisadi vəziyyət Türkiyəni dövriyyəyə 250 min lirə nominalı olan sikkələr istehsal etməyə vadar edib.

2005-ci ildə milli valyutanın denominasiyasından sonra Türkiyədə yenidən aşağı nominalı olan sikkələr istehsal olunmağa başlayıb.

Bu gün sikkələr İstanbulun Beşiktaş rayonunda yerləşən zərbxanada istehsal olunur və buraxılış həcmi bazar tələbinin təhlili əsasında Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

Zərbxananın rəhbəri Şenol Yıldız bildirib ki, sikkələr dövriyyəyə buraxılmazdan əvvəl 3 mərhələli nəzarət prosesindən keçir. Bir sikkənin xidmət müddəti isə 25 ildir.

O qeyd edib ki, texnoloji inkişaf kağız pullara olan tələbatı azaltsa da, sikkələrə olan tələbat dəyişməz olaraq qalır.

Yıldız daha sonra sikkə istehsalı məsələsində Azərbaycanla əməkdaşlığa diqqət çəkib. “Azərbaycan tərəfi ilə müqavilə imzalanıb, bu sənədə əsasən, qardaş ölkənin ehtiyacları üçün ümumilikdə 33 milyon sikkənin zərb edilməsi nəzərdə tutulur”, - deyən zərbxana rəhbəri qeyd edib ki, artıq bu həcmin 80 faizi istehsal olunub.

Onun sözlərinə görə, söhbət üç nominaldan gedir və onlardan ikisinin sikkələri artıq Azərbaycan tərəfinə təhvil verilib. Yıldız əlavə edib: “Başqa nominalda olan nümunələr Bakıya göndərilib və razılıq əldə olunarsa, həmin sikkələr də istehsal olunacaq”.

Nəşr edilib : 02.08.2024 16:25