AZ EN RU

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Naxçıvanda bir sıra layihələr həyata keçirə bilər

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə yanaşı, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə və sektor müdirləri iştirak ediblər. Qeyd olunub ki, agentlik iqtisadiyyat, sosial, mədəniyyət, təhsil, kənd təsərrüfatı, turizm, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdə texniki əməkdaşlıq, o cümlədən yardım fəaliyyəti göstərməkdədir. Bu çərçivədə TİKA bu günə qədər Azərbaycanda bir çox layihələri uğurla icra edib. Agentlik Naxçıvan Muxtar Respublikasında da bir sıra layihələr həyata keçirmək niyyətindədir. 

Görüşdə Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı istiqamətində görülən işlər diqqətə çatdırılıb, kənd təsərrüfatı sektorunda innovativ layihələrin icrası, fermerlərin bilik və bacarıqlarının artırılması və digər mövzularda fikir mübadiləsi edilib, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nəşr edilib : 09.08.2024 18:47