AZ EN RU

Türk dünyasının Zəfər zirvəsi

Bu gün Azərbaycanın Zəfər şəhəri Şuşa tarixinin ən gözəl günlərindən birinə ev sahibliyi edir, türk xalqlarının birliyinə qucaq açır. Zəfərin şəhərində Zəfər zirvəsini fəth edən türk xalqlarının görüşünə şahid olmaq damarında türk qanı axan hər kəsi sevindirir. 

Naxçıvandan başlayan missiya Şuşada davam edir

2009-cu ilin oktyabrında Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündən başlanan yol bu gün Şuşada daha geniş tərkibdə və artıq beynəlxalq statuslu Türk Dövlətləri Təşkilatı (TDT) miqyasında davam edir. Geridə qalan 15 il ərzində türk dövlətləri arasında strateji tərəfdaşlıq yalnız yüksələn xətlə inkişaf edib.Türk xalqlarının bir yumruq kimi birləşməsi yolunda Azərbaycanın atdığı inamlı addımların nəticələri isə göz qabağındadır. 

Beynəlxalq siyasi dialoq məkanına çevrilən Şuşa

Bu gün Şuşada start götürən Zirvə toplantısı irəliyə doğru gedən yolun ən şərəfli addımıdır. Otuzillik işğaldan sonra Azərbaycan Ordususun rəşadəti ilə azad olunan ərazilərdə həyat yenidən başlayır. Cənab Prezidentin dediyi kimi, torpaq öz sahibinin əlində cənnətə dönür, Qarabağa uşaqların gülüşü qayıdır. Cənnət Qarabağ son 4 ildə artıq bölgənin iqtisadi-siyasi mərkəzinə çevrilib. Yaxın gələcəkdə Cənubi Qafqazın, Türk dünyasının, İslam coğrafiyasının nəbzinin məhz Qarabağda vuracağı açıq-aşkar göz önündədir. Ulu Öndərin arzularını bir-bir yerinə yetirən Prezident cənab İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi düzgün və qətiyyətli siyasətinin, uğurlu strategiyasının bəhrəsidir bütün bunlar. Şuşa Zirvə görüşündə iştirakçı dövlətlərin genişlənən coğrafiyası onu deməyə əsas verir ki, TDT, həqiqətən, dünya siyasətinə təsir göstərməyə qadir beynəlxalq güc mərkəzinə çevrilməkdədir. 

Avropanın mərkəzində yer alan Macarıstan Respublikası və Şimali Kipr Türk Respublikasının da Şuşa görüşündə təmsil olunması bunu deməyə əsas verən amillərdən sayılır. 

Bugünkü Şuşa görüşü təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfər zirvəsidir. Belə bir möhtəşəm tədbirin Şuşada–Türk dünyasının mədəniyyət paytaxtında keçirilməsi isə Türk coğrafi məkanında inteqrasiyanın dərinləşməsinə, qardaşlıq bağlarının daha da möhkəmləməsinə stimul olacaq. Bu Zirvə görüşü həm də Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizədə ona verilən qardaşlıq dəstəyinin, ölkəmizin türk dövlətləri arasında körpü olduğunun göstəricisidir. Müasir Azərbaycan dövlətinin təməlinin qoyulduğu Naxçıvanda ilk addımını 15 il öncə atan Türk Dövlətləri Təşkilatının bugünkü görüşünün məhz Şuşada–Zəfər şəhərində keçirilməsi həm də siyasi məna daşıyır. Bu gün türk dövlətləri dünyaya bu mesajı verir: Şanlı zəfər qazanan Azərbaycan öz siyasi gücü ilə Zəngəzurdan sülh yolu ilə keçib bütün Türk dünyasını bir-birinə birləşdirən körpü olacaq. TDT-nin ilk addımının atıldığı Naxçıvan Turana açılan qapıya, ümidlərin, xəyalların gerçəyə çevrildiyi məkana dönəcək.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 06.07.2024 13:51