AZ EN RU

Tülkünün dostu çaqqal olar və ya on min kilometr uzaqlıqdan bəyan edilən siyasi əxlaqsızlıq

Gərək başlıqdakı sərt ritorikaya görə hörmətli oxucu məni bağışlasın. Amma okeanın o tayından durub Cənubi Qafqazdakı siyasi vəziyyətə burnunu soxan Kanada və onun xarici işlər naziri xanım Melani Colinin son günlər Azərbaycanla bağlı verdiyi açıqlamalara başqa ad tapa bilmədim. Rəsmi Ottavanın xarici siyasətinin başında duran bu şəxsin ölkəmizlə bağlı sərsəmləmələrinə diqqət yetirək: “Biz Azərbaycana təzyiq göstərməkdə davam edəcəyik. Bu təzyiqin məqsədi isə ondan ibarətdir ki, Azərbaycan Ermənistanla vicdanla işləsin, münaqişəni danışıqlar və sülh yolu ilə siyasi müstəvidə həll etsin, özbaşına saxlanılan erməni məhbusları azadlığa buraxsın, Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşsın və güc və hədələyici ritorikadan istifadədən çəkinsin”.

Xanımlar və cənablar, yəqin bu kiçik açıqlamadan sonra yazının sərlövhəsində nə qədər haqlı olduğuma siz də inandınız. Hər zaman ermənipərəst mövqeyi ilə seçilən bu xanım və onun mənsub olduğu dövlətə bir daha xatırlatma etməyi lazım bilirik ki, Azərbaycan Cənubi Qafqazın lideridir və onunla heç kim siyasi təhdid dili ilə danışa bilməz; təzyiq göstərməyi isə ağlınızdan belə keçirməyin! 30 il qapı-qapı gəzib haqqımızı siyasi dairələrdə, beynəlxalq güclərin tribunalarında axtaran zaman siz harada gizlənmişdiniz, niyə səsiniz çıxmırdı? Bəlkə, ən böyük qarın ağrınız Qarabağı işğaldan azad etməyimiz, seperatçı tör-töküntünü Xankəndidən əbədi dəf etməyimiz və siyasi oyunlarınıza son verməyimizdir.

Su sizi aparırsa, buna sel deməyi bacarın, xanım Coli! Artıq  münaqişəni Azərbaycan Ordusu döyüş meydanında öz xeyrinə həll edib. Bu regionda münaqişə deyə bir anlayış qalmayıb. Bakıdakı təcridxanalarda isə özbaşına saxlanılan erməni yoxdur, sadəcə cinayət törətmiş, terrora, minlərlə günahsız azərbaycanlının qanına əli bulaşmış, sərhədlərimizi qeyri-qanuni keçmiş, uzun illər qara yara kimi Xankəndiyə soxulub özünə saxta dövlət yaratmaq istəyən quldur dəstənin üzvləri var və bu gün onlar Azərbaycan qanunları ilə ittiham olunurlar. O ki qaldı Ermənistanın ərazi bütövlüyünün tanınması məsələsinə, siz gərək bunu hamıdan yaxşı biləsiniz ki, biz 4 ildir qarşı tərəfə sülh əlimizi uzadırıq, sərhədlərin qarşılıqlı olaraq tanınmasını, birgə yaşayış təklif edirik. Yox əgər bunlardan məlumatsız şəkildə çıxıb ekran qarşısında açıqlama verirsinizsə, nə haqla G-7 qrupunda təmsil olunan Kanada kimi bir ölkənin xarici siyasətinə liderik edirsiniz?

Kanada ilə Ermənistanın münasibətləri xüsusilə Nikol Paşinyanın iqtidara keçməsindən sonra daha da istiləşib. Hələ 44 günlük müharibə dönəmində rəsmi Ottava Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi.  2023-cü ilin oktyabr ayında isə bu dövlətin İrəvanda səfirliyi açıldı və açılış mərasimində yazımızın “xanım qəhrəman”ı yenə də Bakını hədəf alan açıqlamaları ilə gündəmə gəlmişdi. Kanada həm də ermənilərin kompakt yaşadığı, diasporun kök saldığı ölkələrdən biridir. 2011-ci ilin rəsmi statistikasına görə, Kanadada 55 min 740 nəfər erməni yaşayırdı. Digər qiymətləndirməyə görə isə Kanadadakı ermənilərin sayı 100 min nəfərə yaxındır. Mahiyyət dəyişməz olaraq qalır. Kanada ermənipərəst mövqeyindən əl çəkmək istəmir. Yaxşı olar ki, Cənubi Qafqazdan az qala on min kilometr uzaqlıqda yerləşən bir dövlətin rəsmisi Azərbaycana ağıl vermək əvəzinə keçmişinə diqqət yetirsin.

Xanım Coli, bizdə yaxşı bir el məsəli var: Tülkünün dostu çaqqal olar. Təfəkkürünüz də, düşüncəniz də, insanlığınız da, dövlətçilik keçmişiniz də elə bir-birinizə babdır. Sizdən fərqli olaraq biz yerli aborigen xalqlara divan tutub özümüzə dövlət qurmamışıq, indi təəssübünü çəkdiyiniz ermənilər kimi uşaq qatili olanlar da sizsiniz. Qoy, sərsəm açıqlamalarınız sizin olsun, biz isə Qarabağı azadlığa qovuşdurmaqla sizin kimi ermənipərəst dairələrin kefinə soğan doğrayan, hay birliyinizə Dəmir Yumruq endirən, MÜZƏFFƏR LİDERlə, bütöv AZƏRBAYCANla qürur duyaq!

Muxtar RZAZADƏ

Nəşr edilib : 07.08.2024 11:54