AZ EN RU

“Tənhalığa doğru səyahət” və “Kino ssenariləri” kitabının təqdimat mərasimi keçirilib

İyulun 30-da Naxçıvan şəhərindəki Məmməd Səid Ordubadi adına Mərkəzi Kitabxanada keçirilən tədbirdə tanınmış aktyor, şair, dramaturq Vüsal Səmavinin “Tənhalığa doğru səyahət” və “Kino ssenariləri” kitablarının təqdimatı mərasimi keçirilib. Təqdimatda Naxçıvan Muxtar Respublikasının tanınmış alimləri, jurnalistləri, yazıçı və şairləri, mədəniyyət müəssisələrinin əməkdaşları, o cümlədən Vüsal Səmavinin sənət dostları yaxından iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Tamilla Əsgərova,  filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimli, professor Sədaqət Həsənova, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Yurdoğlu, Xalq artistləri Kamran Quliyev və Həsən Ağasoy, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədov, Naxçıvan Televiziyasının baş redaktoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət  işçisi Müzəffər Zəfər, şairə Təranə Arifqızı və başqaları Vüsal Rzayevin həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edilib ki, 1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ziyalı ailəsində anadan olan Vüsal Səmavi 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsinə qəbul olub, 1994-cü ildə isə təhsilini başa vurub. 1999-cu ildən etibarən həyat yoldaşı Azərbaycan Respublikasının Əməkdar artisti Elmira Kərimova ilə birlikdə Naxçıvan Dövlət Milli Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Burada çalışmaqla yanaşı, həm də 2006-cı ilin dekabr ayından etibarən Naxçıvan Dövlət Uşaq Teatrında quruluşçu rejissor vəzifəsinə təyin olunub. Çalışdığı müddət ərzində 17 uşaq əsərinə quruluş vermiş, bir neçə səhnə əsərinin tamaşa qoyulmasında xidmətlər göstərib. 2008-ci il sentyabr ayının 25-də “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. “Tanrım, bir düş yuxuma gəl”, “Dram əsərləri”, “Sur günü” və “Rəcəm” adlı kitabların müəllifidir. Naxçıvan Yazıçılar Birliyinin xətti ilə nəşr olunan “Uşaqlar və Günəş” adlı almanaxda və Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar olaraq hazırlanan “Poema və pyeslər” adlı toplumda əsərləri çap edilib.

Vurğulanıb ki, aktyor, şair Vüsal Rzayevin həyat yoldaşı, tanınmış aktrisa Elmira Kərimovanın tərtibçiliyi ilə nəşr olunan kitabları sırasına “Tənhalığa doğru səyahət” və “Kino ssenariləri” adlı daha iki kitabın əlavə olunması, mərhum sənət adamının yaradıcılığına onun ömür-gün yoldaşı Azərbaycan Respublikasının Əməkdar artisti Elmira Kərimovanın böyük töhfəsidir. Hər iki kitabda yer alan əsərlər teatr sahəsində fəaliyyət göstərənlər üçün sanballı ədəbi mənbələrdir.

Daha sonra kitabların təqdimatı keçirilib və Vüsal Səmavinin kitablarından ibarət sərgiyə baxış olub. Sonda xatirə şəkli çəkilib.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 31.07.2024 09:50