AZ EN RU

Tələbələrin Əlincə qalasına zəfər yürüşü

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal tələbələri Culfa rayonunun ərazisində yerləşən Əlincə qalaya zəfər yürüşü ediblər.

Yürüşdə əvvəlcə tələbələr “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə tanış olublar. Muzeyin bələdçisi qala və arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar barədə tələbələrə geniş məlumat verib. Qeyd edilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb. Əlincə qalasının bərpası zamanı qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub.

Culfa rayonunun sıldırım dağlarında qərar tutan, əzəmətli bir istehkam… İllər uzunu  müdafiə və yaşayış yeri kimi istifadə olunan, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərən bu möhtəşəm tarixi əsər dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Təbiidir ki, bu qalanın zirvəzini fəth etmək də asan məsələ deyil. Özlüyündə tariximiz, milli mədəni irsimiz hesab olunan “Əlincəqalanı” görmək istəyənlər, xüsusiyyətlərinə yaxından bələd olmaq istəyənlər hündürlüyü nəzərə almır, zirvəyə qalxmağa nail olur.

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının üzvləri məhz bu uzun, məşəqqətli, eyni zamanda möhtəşəm yolu qət etməyə nail oldu. Qalanın zəngin tarixi ilə tanış olmaq arzusu ilə buraya yollanan tələbələri qədim tariximizdən soraq verən, Naxçıvanın əyilməzlik və mübarizlik rəmzi olan “Əlincəqala” abidəsi möhtəşəm görkəmi ilə valeh edib.

Ölkəmizin digər bölgələrindən olan və buraya ilk dəfə gələn tələbə gənclərin Əlincəqalası haqqında  təəssüratlarını da öyrəndik.

Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin I kurs tələbəsi Rəna Aslanova “Əlincəqalanın” gözəlliyindən ürəkdolusu danışaraq deyir ki, bu, onun qalaya ilk səfəridir. Bu görkəmli tarixi dəyərimiz kənardan baxanda kiçik, az pilləli görünür. Düşünürsən ki, asanlıqla zirvəyə çatmaq olar, amma bu belə deyil. Pilləkənlər yorucu olsa da, zirvəyə çatanda bu yorğunluğu unudursan. Burada insan özünü nağıllar aləmində hiss edir. Min illərdir mövcudluğunu qoruyan bu möhtəşəm qalada olmaq doğrudan da, əvəzolunmazdır. Burada olduğum üçün xoşbəxtəm.

Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin I kurs tələbəsi Akşin Abbaszadə də Universitetin ölkəmizin digər bölgələrindən olan təələbələrindəndir. Akşin keçirilən tədbirlərdə fəal iştirak edərək muxtar respublikamızın tarixini öyrənməyi özünə məqsəd qoyub. O deyir ki, 4 illik təhsil həyatımı Naxçıvanı və onun gözəlliklərini tanıyaraq keçirmək istəyirəm. Qısa müddətdir burada olsam da, artıq bir çox tarixi abidələrlə tanış olmuşam. Bu gün Əlincəqala ilə də tanış oldum və əminəm ki, bu gözəlliyi heç bir zaman unutmayacağam. Hər bir gəncə bu tarixi mühitdə olmağı məsləhət görərdim.

Naxçıvanda təhsil aldığım üçün özümü çox xoşbəxt hiss edirəm. Çünki muxtar respublikada gənclərin, o cümlədən tələbələrin qədim diyarda olan tarixi abidələr, muzeylər barədə məlumatlar əldə etməsi üçün geniş imkanlar yaradılır. Mən də çalışacağam ki, bu imkanlardan səmərəli istifadə edim.

Qalanın zirvəsində dalğalanan üçrəngli Azərbaycan bayrağı fonunda xatirə fotoları çəkdirən tələbələr qaladan yüksək təəssüratla ayrılıblar.

Aysel YUSİFZADƏ

Nəşr edilib : 27.10.2022 16:04