AZ EN RU

Tələbə qəbulu üçün infosessiya keçirilib

    Naxçıvan Dövlət Universitetində 2023-2024-cü tədris ili üzrə SABAH qruplarının bakalavriatura və magistratura səviyyəsində tələbə qəbulu üçün infosessiya keçirilib. 
    Ali təhsil müəssisəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru Nicat Yaqubov SABAH qrupları layihəsinin əməkdaşlarını salamlayıb, onları Naxçıvan Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib.
    SABAH qrupları layihəsi İcra Komitəsinin rəhbəri Eldar Qocayev qeyd edib ki, layihənin məqsədi xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksəkkeyfiyyətli təhsil almaq üçün əlverişli şərait yaratmaqdır. Diqqətə çatdırılıb ki, SABAH savadlı, bacarıqlı, hazırlıqlı tələbələrin təhsil aldığı qrupdur. SABAH qruplarının yaradılması ideyasının əsasında ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizə lazım olan yüksəkixtisaslı mütəxəssislərin xaricdə deyil, məhz ölkəmizin ali məktəblərində hazırlanması durur. Həmin qruplara tələbə qəbulu Təhsil Nazirliyi tərəfindən təsdiq olunan xüsusi qaydalar əsasında aparılır. Bildirilib ki, bu qaydalara əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs tələbələrinin SABAH qruplarına qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə, elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müsabiqənin I mərhələsi tələbələrin elektron qaydada Təhsil Nazirliyinin saytında yerləşdirilən qeydiyyat forması əsasında qeydiyyata alınması və elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, II mərhələsi xarici dil və məntiq üzrə hər biri 25 sual olmaqla, 50 sualdan ibarət test imtahanının keçirilməsi, III – sonuncu mərhələsi isə test imtahanından uğurla keçən tələbələrlə müsahibənin aparılmasını əhatə edir.
    Görüşdə, həmçinin bu qruplarda tədrisin təşkili, tələbələrə verilən bir sıra imtiyazlar haqqında da ətraflı məlumat verilib.
    Sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 17.05.2023 21:21