AZ EN RU

TDT Baş katibinin müavini: Şuşa Zirvə görüşü türk dövlətləri arasında əməkdaşlığı möhkəmləndirəcək

Əlamətdar haldır ki, Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü işğaldan azad edilmiş, Qələbənin və türk xalqlarının mədəni-tarixi irsinə qaytarılmasının rəmzi olan Şuşa şəhərində keçirilib. Beləliklə, Qarabağın Azərbaycana və Türk dünyasına ayrılmaz şəkildə mənsubluğu bir daha vurğulandı.

"Şərq qapısı" Azərtaca istinadən xəbər verir ki, bu barədə TDT Baş katibinin müavini Ömer Kocaman türkiyəli jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Şuşada keçirilən Zirvə görüşünün iştirakçıları, şübhəsiz ki, TDT ölkələrinin iqtisadi potensialının daha da gücləndirilməsi və infrastrukturunun inkişafı istiqamətində addımların əsasını təşkil edəcək strateji əhəmiyyətli qərarlar qəbul ediblər.

TDT Baş katibinin müavini əlavə edib: “Zirvə görüşünün iştirakçıları TDT çərçivəsində gələcək qarşılıqlı fəaliyyət üçün geniş konsepsiya olan Qarabağ Bəyannaməsini imzaladılar. Şuşada daha bir mühüm müzakirə mövzusu Avropa, Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Çini birləşdirən Orta Nəqliyyat Dəhlizinin inkişafı olub. Qərblə Şərq arasında ticarətin optimallaşdırılması ilə bağlı fikir mübadiləsi də aparılıb”.

Kocaman Orta Dəhlizi dövrümüzün çağırışları fonunda əhəmiyyəti artan mühüm arteriya adlandırıb. O deyib: “Bu dəhliz təkcə Avropa ilə Asiya arasında yeni körpülər qurmayacaq, həm də türk dövlətlərinin özlərinin iqtisadi potensialını gücləndirəcək və regional inteqrasiyaya töhfə verəcək strateji zərurətdir”.

TDT Baş katibinin müavini vurğulayıb ki, türk dövlətlərinin yaxınlaşması üçün nəqliyyat, ticarət və enerji əsas əhəmiyyətli sahələrdir. O əlavə edib: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi zərurəti ilə bağlı fikir birliyi var ki, bu da Gürcüstandan keçən marşrutla yanaşı, türk ölkələri arasında quru yolu ilə fasiləsiz əlaqəni təmin edəcəkdir”.

Ö.Kocaman qeyd edib ki, əhalisinin ümumi sayı 300 milyon nəfərdən çox olan və total ÜDM-si 1,5 trilyon ABŞ dollarına çatan türk dövlətlərinin böyük iqtisadi potensialı var ki, bu da Türk İnvestisiya Fondu tərəfindən istifadə olunacaq. Bu, TDT ölkələrinin ilk birgə iqtisadi inteqrasiya layihəsidir. “Əminəm ki, bu fond ölkələrimizin iqtisadi potensialının üzə çıxarılmasında mühüm rol oynayacaq”, -deyə TDT Baş katibinin müavini vurğulayıb.

Yekun olaraq Kocaman qeyd edib ki, ekologiya sahəsində qarşılıqlı fəaliyyət məsələləri də Zirvə görüşü iştirakçılarının diqqət mərkəzində olub. Onun sözlərinə görə, iqlim mövzusunun türk dövlətləri arasında dialoqun gündəliyinə daxil edilməsi, ümumi “Yaşıl gündəliyin” formalaşdırılması BMT-nin Bakıda keçiriləcək COP-29 konfransı ərəfəsində xüsusilə vacibdir.

Nəşr edilib : 08.07.2024 16:40