AZ EN RU

Tarixin əl izlərini özündə yaşadan məşhur Ordubad qapıları

Orta əsrlərin ab-havasını özündə təcəssüm etdirən Ordubad məhəllələrini gəzdikcə diqqətimizi çəkən məqamlardan biri də giriş qapılarıdır. Qapılar taxtadan hazırlanıb. Özünəməxsus memarlıq quruluşuna xas olan baştağların arasındakı qapılar adamı keçmişə, nağıllar dünyasına aparır. Həmin qapıların cırıltı səsləri, üzərində olan “taqqılbab” və “zəncirbab”ların səsləri, həqiqətən də, onları görənlərdə nostalji hisslər yaşadır.
Ordubadlı ustaların əl əməyinin və yaradıcılığının bəhrəsi olan, Şərq üslubunda hazır­lanan qapılar müəyyən bir prosesin istehsal nümunələridir. Adətən, cəviz ağacından hazırlanan qapıların çürüməkdən qorunması və uzunömürlü olması üçün onlar əlif məhlulunda qaynadılırdı. Qapıların uzunömürlü və parıltılı görünməsi üçün başqa bir üsuldan – əzilmiş cəviz ləpələrini bez parça içərisinə doldurub həmin qapılara sürtərmişlər. Bu proseslə bir növ qapılar cilalanmış olurdu. 
Qapılar üzərində dəmirçilər tərəfindən müəyyən elementlər də işlənilirdi ki, bu da qapıların simvollarına çevrilmişdi. Adətən, ikitağlı olan qapılarda ayrı bir elementə rast gəlirik: Söhbətimizin əvvəlində adlarını çəkdiyimiz “taqqılbab” və “zəncirbab”a. “Taqqılbab”lar kişilər üçün nəzərdə tutulmuşdursa, “zəncirbab”lardan qadınlar istifadə edirdi. Bu qapı zənglərinə görə, evə gələn qonağın qadın və ya kişi olduğu müəyyən edilirdi. Qeyd edək ki, “taqqılbab”lar uzun formalı dəmirdən, “zəncirbab”lar isə halqa formalı bəzəkli dəmir parçasından ibarətdir. 
Bəli, ordubadlılar öz ənənələrinə sədaqətli olduqlarını bu gün də nümayiş etdirirlər. Biz də tarixin əl izlərini özündə yaşadan bu qapılardan qələmimizlə, xoş niyyətimizlə keçməyə çalışdıq.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 05.08.2024 14:09