AZ EN RU

Süni intellektin həyatımızda rolu – mütəxəssis rəyi

Elə bir dövrdə yaşayırıq ki, bu zamanın ən kiçik bir saniyəsini belə internetsiz təsəvvür etmək mümkün deyil. İnternetlə əlaqəli imza atılan ən yüksək nailiyyətlərdən biri də süni intellektlərin yaradılması və inkişaf etdirilməsidir. Süni intellektlər artıq bütün peşələr üzrə özünü büruzə verir. Bəs süni intellektin həyatımıza göstərdiyi mənfi və müsbət cəhətlər nədən ibarətdir? Suallarımızı Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərliyə ünvanladıq:

Hüseyn müəllim, istəyərdim ki, öncəliklə süni intellektin yaranmasını zəruri edən amillərdən danışaq, “süni intellekt” anlayışının yaranma zərurəti necə oldu?

Rəqəmsal texnologiyalardan istifadə sözsüz ki, günümüzün tələblərinə uyğun şəkildə qurulmalıdır. Bu texnologiyalarda olan məlumatlar bazasının idarə olunması üçün yeni bir terminə ehtiyac duyulurdu ki, bu səbəbdən də “süni intellekt” termini ortaya çıxmağa başladı. Bildiyimiz kimi, “süni intellekt” anlayışı artıq demək olar ki, müasir dövrümüzdə bütün peşələrə inteqrasiya etməyi bacarıb. Buda yeni terminlərin və sahələrin yaradılmasına səbəb oldu. Biz əgər əvvəllər məlumat öyrənmək üçün bir məlumatlar datasından istifadə edirdiksə, artıq süni intellektin yaradılması ilə bu alqoritma müxtəlif dataların eyni vaxtda istifadə olunması ilə əvəz olundu. Hələ 1969-cu ildə yaradılan hesablayıcı maşınlar kiçik məlumatları hesablamağa qadir idi. Zaman keçdikcə həmin hesablayıcı maşınların böyük həcmli məlumatları hesablaya bilməyəcəyi qənaətinə gəlindi və süni intellekt sahəsinə ehtiyac duyuldu. Süni intellektlər insanların robotlaşdırılmış formasıdır. Burada istər mətnlərin tərcüməsi, istər hüquq-mühafizə sahəsində insan hüquqlarının qorunması, eyni zamanda bilik və bacarıqların təkmilləşdirilməsi sahəsi kimi böyük işlərdə süni intellektin istifadəsini qeyd etmək lazımdır. “BOT”lar deyilən təminatlardan istifadə belə axtarmaq istədiyimiz müxtəlif məlumatları toplayır, birləşdirir və bizə çatdırır. Qısacası desək, bizim etmək istədiyimiz çətin bir işi bu təminatlar saniyələr içərisində yerinə yetirir.

Bəs süni intellektlər kiber təhlükələrin daha da artmasına səbəb olurmu?

Təbii haldır ki, hər hansı bir texniki təminat inkişaf etdikcə özü ilə bərabər kiber təhlükəni də gətirir. Buradan süni intellektdən istifadə edən böyük şirkətlərə məsləhətimiz bundan ibarətdir ki, kiber təhlükələrdən qorunmaq üçün mütəxəssislərinin sayını daha da artırsınlar. Biz əgər süni intellektlərdən istifadə ediriksə, şübhəsiz ki, bizdə həmin məlumatlar axınının bir parçasına çevrilirik. Ona görə də süni intellektlərdən istifadə zamanı onların telefonumuzda nəyi istifadə edə biləcəyi və yaxud etməyəcəyi barədə düzgün təlimat verməliyik. Biz hər hansı bir proqram təminatında qeydiyyatdan keçdiyimiz zamanı, bizdən müəyyən məlumatlarımızı istəyəcək. Məsələn, e-poçt, telefon nömrəsi, şəxsiyyət vəsiqəsinin identifikasiya nömrəsi və sair. Ona görə də bu məlumatları yazarkən düşünməliyik ki, həmin proqramlar müəyyən məlumatlarımızdan istifadə edərək bizim yerimizə müxtəlif əməliyyatlar apara bilər. Həmin məlumatları yazdığımız proqram təminatları belə müxtəlif insanlar tərəfindən hazırlanır və həmin məlumatlarımız bir başa həmin şəxslərə göndərilir. Bunun üçündə məlumat yazarkən ehtiyatlı olmaq, hər yaradılan saxta proqram təminatlarına güvənmək olmaz.

Süni intellektin müsbət cəhətləri olduğu şübhəsizdir, bu mövzuya yenidən qayıdacağıq. Bəs müsbət cəhətlərlə yanaşı, süni intellektin mənfi tərəfləri nədən ibarətdir?

Biz bilirik ki, süni intellektlərin yaradılması ofislərdə çalışan bir neçə proqramistin iş avantajını minimuma endirəcək. Bunun səbəbi isə artıq süni intellektlər də proqramistlər kimi müəyyən kodları yazmağı bacarır. Deyə bilmərik ki, süni intellektlər gələcəkdə insanları əvəz edəcək, bu mümkünsüzdür. Çünki elə peşə sahələri var ki, orada hiss və həyəcanlar orta plana çıxmalıdır. Bunu isə süni intellektlər bacara bilməz. Bəzən süni intellektlər dünyaca məşhur alimlərin məqalələrindən istifadə edərək sizin üçün yeni məqalələr ərsəyə gətirir. Süni intellektlər elə böyük məlumatlar axınından istifadə edir ki, hətta bunun plagiat olub-olmamasını araşdırıb tapmaq mümkün olmur. Bu kimi hallarda da süni intellekt insan həyatını bir növ asanlaşdırsa da, bizi gələcəkdə mənfiliklərə doğru apara bilər.

Bəs hansı sahələrdə süni intellektdən daha geniş istifadə olunur?

Bugünkü gün ölkəmizə nəzər salsaq işğaldan azad olunmuş ərazilərimizdə “Ağıllı kənd”, “Ağıllı şəhər” kimi, texniki avadanlıqların ağıllı texnologiyalarından istifadə edərək idarə olunması ilə bağlı layihələrin hazırlandığını görmək mümkündür. Bununla yanaşı, tibb sahəsinə baxsaq, görərik ki, artıq süni intellektlər nəticəsində avtomatlaşdırılan qurğularla müəyyən cərrahi əməliyyatlar aparılır. Ümumilikdə, tibb sahəsi texnologiyaların inkişafından geniş istifadə etməyi bacarır. Amma burada nə qədər süni intellektin rolu olduğunu görsək də, həmin əməliyyatları aparanın yenə də insan əməyi olduğunu görürük. Buradan da bir daha sübut olunur ki, süni intellekt heç bir zaman insan əməyini əvəz edə bilməz. Bunlarla yanaşı ölkəmizdə alternativ enerji mənbələrindən geniş istifadə olunduğunu görmək mümkündür. Elə həmin bu enerji sahələrində belə süni intellektlərdən istifadənin rolu danılmazdır. Təhsil sahəsinə nəzər salsaq, mən həm də bir müəllim kimi deyə bilərəm ki, həm biz, həm də tələbələr müəyyən ədəbiyyatları axtarıb, tapmaqda çətinlik çəkir. Məhz elə bu işimizi asanlaşdıran süni intellektlərdir ki həmin ədəbiyyatları bizim üçün sıralayır.

Əvvəlki sualımıza cavab olaraq qeyd etdiniz ki, süni intellekt hiss və həyəcanlar ortaya qoyan peşələri ələ ala bilməyəcək. İstərdim bu mövzuya daha ətraflı yanaşaq.

Mən bir məqalədə oxumuşdum ki, süni intellekt iki sahəni ələ ala bilməyəcək. Bunlardan biri psixologiya, digəri isə bəstəkarlıq sahəsidir. Çünki onların hər ikisi birbaşa insan duyğuları ilə ortaya çıxır. Amma buna baxmayaraq, texnologiya bu yaxınlarda bunun əksini sübut etməyi bacardı. “ChatGPT” adlandırdığımız süni intellekt proqram təminatı artıq yazılan sözlərə təkcə musiqi bəstələmir, hətta özü yeni musiqilər yazıb ifa etməyi bacarır. Sözün düzünə qalsa, bu çox uğurlu bir nəticə ilə yekunlaşdı. Buradan belə bir nəticə çıxarmalıyıq ki, süni intellektlər insan həyatına vaxt qazandıraraq əlavə vaxt sərf edəcək işləri saniyələr içərisində yerinə yetirir. Biz heç vaxt “Süni intellekt insanları məhv edəcək” fikri ilə yaşamamalıyıq.

Hüseyn müəllim, tələbələr müəllimlər tərəfindən sərbəst iş verilərkən əksər hallarda süni intellektdən istifadə edərək bunu yerinə yetirirlər. Bəs belədirsə, kağız üzərinə yazılan sərbəst işin təhsilə faydası nədən ibarətdir?

Mən dərs dediyim auditoriyalarda hər zaman tələbələrə sərbəst iş yerinə praktik məşğələlər verirəm. Mənə lazım deyil ki, onlar sözləri vərəqə köçürüb gətirsinlər. Onsuz bilirəm ki, bizim sahəmizə uyğun yazılar süni intellektdə yetərincədir və tələbələr oradan istifadə edir. Ona görə də yazıdan çox həmin yazıda nə deyildiyini praktiki cəhətdən izah etmək lazımdır.

Müasir dövrün tələbi olan ixtisaslardan biri də məhz elə Kompüter mühəndisliyi və yaxud da İT sahələrini özündə birləşdirən ixtisaslardır. Bəs tələbələrin bu sahələrə marağı nə dərəcədədir?

Bu sahə elə bir sahədir ki nəinki burada təhsil alan, hətta qeyri-ixtisas tələbələrinin yolu belə bu sahədən keçir. Bunun səbəbi isə artıq texnologiyanın bütün ixtisas sahələrinə inteqrasiya etməsidir. Bilirsiniz ki, İT-nin müxtəlif sahələri var. Buna “Kompüter mühəndisliyi”, “Yazılı mühəndislik”, İT üzrə mütəxəssis və sair aiddir. Tələbə bəzən deyir ki, mən İT mütəxəssisi olmaq istəyirəm, amma sual verəndə ki, İT-nin hansı sahəsi ilə maraqlanırsan, cavab verə bilmir. Tələbələrin əksəriyyəti, şübhəsiz ki, bu ixtisası sevərək seçir. Hətta əksər tələbə gələcəkdə “Haker” adlandırdığımız kiber cəsus olmaq arzusundadır. Bunu yaxşı cəhətdən istifadə edəcəklərsə, bu, həqiqətən, sevindirici haldır. Mən də istəyərəm ki, ölkəmizdə vətənpərvər ruhla yetişən kompüter mütəxəssisləri olsun. Bu gələcəkdə ölkəmizdə də yerli proqram təminatlarının ortaya çıxmasına səbəb olacaq. Bu sahə etdikləri mənfi və müsbət işlərə görə “Qara papaqlı haker” və “Ağ papaqlı haker” olaraq iki yerə bölünür. Nəzərə almalıyıq ki, bunun da qanunvericilikdə müəyyən qaydaları var. Qarşı tərəfdən icazəsiz hər hansı bir məlumatı almaq, paylaşmaq qanunla qadağandır. Ümumilikdə, şəxsə aid məlumatların toplanılması və həmin məlumatlarla şəxsə hər hansı bir ziyanın vurulması cinayət məsuliyyətinə səbəb olur. Mən proqramlaşdırma sahəsi ilə maraqlanan tələbələrə onu məsləhət görə bilərəm ki, dünyada olan texniki gedişatı yaxından izləyərək onları öz sahələrində də istifadə etməyi bacarsınlar. Bunlar baş verdiyi halda daha effektiv işlər və daha peşəkar mühəndislər yetişdirmək mümkündür.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 16.07.2024 19:10