AZ EN RU

Son danışığı belə qürurlu idi

Ayxan Rəfail oğlu Məmmədov 
14.09.1998 – 21.10.2020

Ayxan orta məktəb illərindən hərbçi olmaq istəyirdi. Dərslərini çox yaxşı oxuyurdu. Əlaçı idi. Bu da onun hərbi liseyə qəbul olmasını asanlaşdırdı. Qəbul olunduğunu eşidəndə sevindiyini görəydiniz... Üç il Naxçıvanda oxuduqdan sonra AHM-ə qəbul oldu. Oranı bitirdikdən sonra Beyləqana təyinat aldı. Sonra Cəlilabadda işinə davam etdi. 10 gün kursda oldu. Kursu bitirdikdən sonra müharibə başladı.
Ayxangil evdə 3 uşaq idilər. İki oğlan, bir qız. Çox mehriban idilər. Bacısını çox sevirdi. Nişanlı idi balam. Toya hazırlaşırdıq. 9 ay idi evə gəlmirdi. Həmişə gələndə mənim yanaqlarımı dartıb əzizləyərdi. 

Sentyabrın 14-ü ad günü idi. Ona tort hazırladıq. Ayxan bunu bilmirdi. Tortun üzərinə xüsusi təyinatlı qüvvələrin geyim formasının şəklini vurmuşduq. Soruşdum ki, tort necədir? Dedi ki, qəşəngdir. Mənim şamımı yandırın, amma söndürməyin... 
25 sentyabrda bizimlə danışdı. Dedi ki, təlimə gedirik. Birdən olar ki, mənə zəng çatmaz. Hər dəfə zəng vuranda deyirdim ki, sənin təlimin bitmədi? Deyirdi ki, yox hələ. Qurtaran kimi özüm zəng edəcəyəm.
Müharibə dövründə bizimlə cəmi 2 dəfə danışdı. Birinci dəfə oktyabrın 9-u zəng vurmuşdu. 20-si yenə zəngi gəldi. Nə biləydim ki, bu onun sonuncu zəngidir. 21 oktyabrda balam şəhid oldu. Oktyabrın 20-si gecə saat 11-ə işləmiş zəng vurdu. Dedi ki, hər şey yaxşıdır. Özünüzdən muğayat olun. Dedim ki, Ayxan, sən odun-alovun içərisindəsən. Sən özündən muğayat ol. Dedi ki, hər şey qaydasındadır. Son danışığı belə qürurlu idi. Mənim qəhrəman, igid, qorxmaz, Vətənini canından çox sevib, ona qurban verən balamla fəxr edirəm!

Nəşr edilib : 03.08.2024 20:06