AZ EN RU

Sinəsini Vətənə sipər etdi

İntiqam Allahverdi oğlu Abdullayev

12.08.1998-03.10.2020

İntiqamın o qədər xatirəsi vardır ki... İnanın, hansından başlayacağımı bilmirəm. Oğlum həddindən artıq mehriban, qayğıkeş bir övlad olub. Elə arzularla yaşayırdı ki... Hamısını özü ilə əbədiyyətə apardı. Həmişə deyirdi ki, ana, sən çox əziyyət çəkirsən. Səni elə yaşadacağam ki, bütün çətinliklərin yadından çıxacaq. 
İntiqam o qədər səliqəli idi ki, məktəbdə oxuyanda hamı onu nümunə göstərirdi. Həm təhsili, həm tərbiyəsi, həm də səliqəsi ilə bütün uşaqlardan fərqlənirdi.
Hərbçi olmaq onun ən böyük arzusu idi. İntiqam yalnız o arzusuna çatdı. Bu arzuya çatmaq üçün çox çalışdı. Ancaq birinci il hərbi liseyə qəbul ola bilmədi. İkinci il yenidən imtahanlarda iştirak etdi. Bu dəfə hərbi liseyə qəbul oldu və kursant adı qazandı. 

Eşitmişdim ki, liseydə idman dərsləri çətin olur. Deyirdim ki, çətindirsə, çıx məktəbdən. Deyirdi ki, ana, elə demə. Mən and içmişəm. Nə andımdan, nə də arzularımdan dönərəm.
Son zamanlar statuslar paylaşırdı. Vətənə qurban getmək, igidlik, qəhrəmanlıq haqqında. Soruşurdum ki, niyə elə şeylər paylaşırsan? Deyirdi ki, ana, səni bəzi şeylərə hazırlaşdırıram. Şəhid olacağını da tez-tez dilə gətirirdi. Elə bilirdim ki, zarafat edir mənimlə. 
Müharibə başlayan gün mənə zəng vurub dedi ki, ana, gün bu gündür. Müharibəyə gedirik, haqqınızı halal edin. Dedim ki, oğul, ananın övlad üstündəki haqqı halaldır. Bir daha halal olsun.
Sonuncu dəfə 1 oktyabrda, saat 8-də zəng vurub. Mən evdə olmamışam. Atası ilə danışıb. Deyib ki, biz müharibəyə gedirik. Olar ki, bizə zəng çatmaz. Bizdən nigaran qalmayın. Son danışığı bu olub. Sonra oğlumdan xəbər gəlmədi. Son xəbər şəhidliyi oldu. 
Mən oğlumla fəxr edirəm. O oğul ki sinəsini Vətənə sipər etdi. İlk sözü də, son sözü də Vətən oldu. Vətən sağ olsun! Bütün şəhidlərimizin ruhu şad olsun!

Nəşr edilib : 14.07.2024 12:36