AZ EN RU

Şərur rayonunun su təsərrüfatlarında təmir-bərpa işləri aparılıb

Naxçıvanda cari ilin iyun ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb. 

Agentlikdən "Şərq qapısı"na bildirilib ki, Şərur Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonda kanallarda 4,6 kilometr, kəndlərin ara arxlarında 2 kilometr lildən təmizlənmə işləri aparılıb, torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənib. Belə ki, görülən işlər nəticəsində Şərur rayonunda Muğanlı kollektorunda 0,7, Axaməd kollektorunda 1,4 olmaqla, rayon üzrə, ümumilikdə, 2,1 kilometr kollektor lildən təmizlənib, rayonun 26 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Şərurda əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün 0,08 kilometr mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılıb. Suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri görülüb. Belə ki, mövcud suvarma boru xətlərinin 85 metr hissəsində təmir-bərpa işləri yerinə yetirilib. 

Nasos stansiyalarında və təzyiqli boru xətlərində də cari təmir işləri davam etdirilib, yeni təzyiqli boru xətti çəkilib. Şərur rayonunda “Dərəkənd”, “Xələc”, “Ərəbyengicə” və “Ağbulaq-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,09 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

Nəşr edilib : 11.07.2024 09:35