AZ EN RU

“Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Şərq qapısı” qəzeti tərəfindən Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili münasibətilə elan olunmuş yazı müsabiqəsinə yekun vurulub, qaliblər mükafatlandırılıb. 

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova bildirib ki, Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. Məhz dahi şəxsiyyətin uzaqgörənliyi sayəsində Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul edilmiş qərarlar dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərib və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırıb.
Muxtar respublikanın inkişafına daim diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Muxtariyyətinin 100 illiyinin qeyd edilməsi isə ölkə başçısının bu torpağa olan diqqətinin daha bir təzahürüdür. Bununla bağlı muxtar respublikada Tədbirlər Planı hazırlanıb, bir sıra layihələr icra olunub. Media sahəsində də bir sıra işlər görülüb. Bu gün də o tədbirlərin davamıdır. Günay Nəzərova keçirilən müsabiqədə iştirak edənləri və qalibləri təbrik edib, onları Naxçıvanın gələcək inkişafına töhfələr verməyə, əzmlə çalışmağa çağırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov çıxış edərək Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Ali Məclisin rəsmi orqanı olan “Şərq qapısı” qəzetinin keçirdiyi yaradıcılıq müsabiqəsinin yekun tədbirində bir araya gəlməkdən böyük məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikada mühüm işlər görülür. Yeni infrastruktur layihələri həyata keçirilir, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı təmin edilir. Bütün sahələrdə olduğu kimi mediaya da bu inkişafdan pay düşüb. Belə ki, qəzetdə kadr islahatının aparılması, qəzet redaksiyasının Nizamnaməsində dəyişiklik edilməsi, təsisçisinin səlahiyyətləri ilə bağlı müddəalar, həmçinin qəzetin maliyyələşməsi ilə əlaqədar məsələlərin yenidən tənzimlənməsi buna əyani sübutdur. 

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək qalibləri təbrik edib, keçirilən tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, yaradıcılıq müsabiqələrinin keçirilməsi həm də istedadlı gənclərin ortaya çıxmasına şərait yaradır. Müsabiqəyə təqdim olunan yazılar olduqca maraqlı, əhatəli, bədii dəyəri ilə seçilir. 

 “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova bildirib ki, “Şərq qapısı” qəzeti də muxtariyyətimizin 100 illik münasibətilə bir sıra tədbirlər həyata keçirib. Mart ayında qardaş Türkiyə Cümhuriyyətinin İğdır şəhərində, aprel ayında Bakı şəhərində bu münasibətlə fotosərgilər təşkil edilib. 100 illiklə bağlı Tədbirlər Planına uyğun olaraq aprel ayında qəzetin “Naxçıvan 100 ildə” adlı yazı müsabiqəsi elan olunub. Müsabiqədə tələbələr, gənclər iştirak edib, 100 ildə həyatımızın müxtəlif sahələrində keçilən yola nəzər yetirilib. Baş redaktor qeyd edib ki, əslində, burada hamı qalibdir. Çünki əsas məqsəd müsabiqədə iştirak etmək və öz yazılarımızla töhfə verməkdir. 
Sonra müsabiqə qaliblərinə diplom və pul mükafatları təqdim olunub. Münsiflərin rəyinə əsasən Elçin Balabəyli, Fariz Əhmədov və Nuray Əsgərova birinci, Məlahət Tağıyeva və Nigar Əsgərova ikinci, Sevinc Babayeva isə üçüncü yerin qalibləri olublar.
Qaliblərə diplom və pul mükafatları təqdim olunub. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi, müsabiqənin qalibi Nuray Əsgərova çıxış edərək muxtar respublikada jurnalist yaradıcılığının qiymətləndirilməsinə görə minnətdarlıq edib.

"Şərq qapısı"

Nəşr edilib : 16.07.2024 13:22