AZ EN RU

Şərəfli xidmət, gərgin məşqlər və uğurlu nəticə

Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlər ərzində digər sahələrlə paralel olaraq, idmanın da inkişafına xüsusi diqqətlə yanaşılmış, bu sahənin inkişaf perspektivləri ciddi nəzarətdə saxlanılmışdır. Təsadüfi deyil ki, Ulu Öndər “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik” münasibətilə Azərbaycan xalqına müraciətində idmanın müstəsna rolunu önə çəkərək demişdir: “İnsana sağlam həyat tərzi, mübarizlik, vətənpərvərlik ruhu aşılamaq, onun intellektual və fiziki imkanlarını üzə çıxarıb inkişaf etdirmək baxımından idmanın rolu danılmazdır. Biz fəxr edirik ki, idmanın müxtəlif növlərində öz böyük məharətini göstərərək Azərbaycanın adını yüksəklərə qaldıran gənclərimiz vardır”.

Bu baxımdan ölkəmiz bu gün təkcə sosial-iqtisadi inkişafı ilə deyil, həm də bir sıra dünya çempionatlarında və nüfuzlu beynəlxalq turnirlərdə böyük uğur qazanan, müstəqilliyimizin müqəddəs rəmzi olan bayrağımızı ən yüksək zirvəyə ucaldan, himnimizi qürurla səsləndirən idmançıları ilə böyük nüfuz qazanıb. Belə idmançılarımızdan biri də Naxçıvan idman məktəbinin yetirməsi, eyni zamanda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Əli Əsgərovdur. Uğurlu idman karyerası ilə yaxından tanış olmaq üçün Əli Əsgərovla həmsöhbət olduq. 

 – İstərdim, öncə Pouerliftinq Bench-Press idman növünə gəlişiniz haqqında danışaq. Məlumdur ki, bu idman növü fiziki güclə yanaşı, əzm və iradənin vəhdətini də təşkil edir. Əli, bu idman növünə maraq necə yaranıb və bu idmanla nə vaxtdan məşğulsan?

Mövzuya ümumi yanaşsaq, 20 ildən artıqdır ki, idmanla məşğulam. Əvvəllər müəyyən müddət həvəskar səviyyədə güləşlə, daha sonra isə sambo və cüdo ilə məşğul olmuşam. Bildiyiniz kimi, sadaladığım idman növləri ayrı-ayrılıqda kifayət qədər fiziki güc tələb edir. Bu baxımdan fiziki gücümü də artırmaq üçün əlavə məşqlər edirdim. Pouerliftinq Bench-Press, yəni ştanqı sinədən qaldırma idman növünə gəlişim isə məşqçi-müəllimim Səməd Bağırovun adı ilə bağlıdır. Belə ki, Səməd müəllim fiziki gücümün bu idman növünə daha uyğun olduğunu, gələcəkdə böyük uğurlar qazanacağımı bildirdi və onun məsləhəti, düzgün istiqaməti ilə bu sahəyə yönəldim.

Əldə edilən hər bir uğurun təməlində, şübhəsiz ki, gərgin məşq prosesləri, güclü iradə və məsuliyyət dayanır. Etiraf edim ki, bu idman növünə başladığım ilk vaxtlarda çəkim az olduğundan, fiziki güc baxımından müəyyən çətinliklərim də olub. Çünki bu idman növündə fiziki gücün az olması məğlubiyyəti qaçılmaz edir. Lakin buna baxmayaraq, müntəzəm məşqlər hesabına 2002-ci ildə muxtar respublika çempionatında 115 kiloqramı qaldırmaqla ilk qələbə sevincimi yaşadım.

Əldə edilən ilk uğurlu nəticədən sonra artıq yeni nailiyyətlər haqqında düşünürsən, bu da növbəti yarışlara haqlı olaraq daha ciddi və əzmlə çalışmaq üçün stimul verir.    

 – Əli, təbii ki, idman sahəsində qazandığın nailiyyətlər təsadüfi xarakter daşımır və bu uğurları sadalamaqla bitirmir. Lakin istərdim, ötən yarışların ümumi mənzərəsinə nəzər yetirərkən yaddaqalan təəssüratlarını da oxucularımızla bölüşəsən.

Yüksək nailiyyət və titullar qazanmaq, idman arenasında nüfuz sahibi olmaq, şübhəsiz, hər bir idmançının arzusudur. Düşünürəm ki, bu istəklərimin müəyyən bir hissəsini həyata keçirməyi bacarmışam. Doğrudur, idmanda məğlubiyyətlə də barışmağı bacarmalısan, bu hal müvəqqəti bir şərtdir. Lakin məşq proseslərindən, yarışlardan imtina və ən vacibi özünə inamsızlıq məğlubiyyəti daimi edər.

2005-ci ildən etibarən milli komandanın tərkibində yarışlarda iştirak edirəm, beynəlxalq arenada ilk uğurlu nəticəm də məhz həmin ilə təsadüf edir. Uğurlardan danışarkən istərdim elə yaddaqalan bir yarışımla bağlı da xatirəmi bölüşüm. Belə ki, 2005-ci ildə Almaniyanın Dessau şəhərində keçirilən dünya çempionatında ikinci yerin sahibi olmuşdum və bu yarış idman həyatımda silinməz iz buraxdı. Çünki həmin yarışın qalibi olan rəqibimlə, əslində, eyni çəkini qaldırsaqda, öz çəkimə görə ikinci yerə layiq görüldüm. Sadəcə, çəki fərqim rəqibimdən nisbətən ağır olduğu üçün dünya ikinciliyi ilə kifayətləndim. Bir növ özüm öz çəkimə məğlub oldum.

Daha sonra 2010-cu ilə Bakı şəhərində keçirilən Dünya Kubokunda III yerə layiq görülmüş, sonrakı illər ərzində isə güc idman növləri üzrə Avrasiya çempionluğu, dəfələrlə ölkə birinciliyi və digər uğurlu nəticələr əldə etmişəm. Əldə edilən nailiyyətlərə görə 2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İdman ustası” adı verilib ki, bu da növbəti illər ərzində həm də məşqçi-müəllim kimi fəaliyyət göstərməyimə imkan yaradıb. 2013-cü ildə isə yenidən paytaxt şəhərimizdə təşkil olunan Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olmuşam. Bu yarışa qədər ölkədaxili çempionatların dəfələrlə qalibi olsam da, həmin qələbə məni daha çox qürurlandırmışdı. Çünki xarici ölkə idmançılarının da təmsil olunduğu yarışda bayrağı ucaltmaq, himni səsləndirmək amalı, həmçinin rəqiblərin daha titullu və tanınmış olması hər zaman əlavə məsuliyyət hissi yaradır.

İştirak etdiyim və qələbə qazandığım yarışların hər birini xarakterizə etsək, ümumilikdə, deyə bilərəm ki, uğur qazanmağın təməl prinsipləri iradə, dözümlülük və məsuliyyətdir. Məlum olduğu kimi, ötən dövrlər ərzində dünyanı əhatə edən mövcud pandemiya səbəbindən idman yarışlarımız qeyri-müəyyən tarixədək təxirə salınmışdı və növbəti yarışlarla bağlı heç bir məlumat yox idi. Həmin zaman ərzində həm yarışlarda iştirak edəcəyin çəkini saxlamaq, həm də fiziki və psixoloji hazırlığı paralel inkişaf etdirmək, təbii ki, səbir və iradə tələb edirdi. Mövcud vəziyyətin yaratdığı çətinliklərə baxmayaraq, müntəzəm olaraq məşq edir, fiziki gücümü formada saxlamağa çalışırdım. Bunun nəticəsidir ki, 2023-cü ilin iyul ayında Moskva şəhərində keçirilən Pauerliftinq üzrə dünya kubokunun qalibi olmuşam.

– Dünya və 3 qat Avropa çempionu, eləcə də öz çəkinin mütləq qalibi… Şübhəsiz, sahib olduğun bu titul hər bir idmançının arzusudur, lakin əldə edilən uğurlarla da kifayətlənmək olmaz. Əli, bəs bundan sonra həm ölkə daxilində, həm də beynəlxalq arenalarda hansı yarışlarda iştirakın gözlənilir, eyni zamanda hədəflər nələrdən ibarətdir? İstərdim, yaxın gələcək üçün idman planları barədə məlumat verəsən.

Əvvəlcə onu qeyd edim ki, ölkəmizdə idmanın bugünkü inkişafı, bu sahədə qəbul edilən Dövlət proqramları və həyata keçirilən sistemli tədbirlər stimul verir ki, hər bir idmançı öz sahəsi üzrə yeni nailiyyətlərə imza atsın. Hər bir idmançını qələbəyə kökləyən yol da məhz ona olan inamdan, yüksək etimaddan keçir.

Məlum olduğu kimi, 2024-cü ilin 9-15 iyun tarixlərdə Finlandiyanın Salo şəhərində pauerliftinq üzrə 500-dən artıq idmançının mübarizə apardığı Avropa çempionatı keçirildi. Bu yarış həm iştirakçı ölkələrin, həm də idmançılarının say çoxluğu baxımından olduqca mötəbər turnir hesab edilirdi. 

Milli komandanın tərkibində iştirak etdiyim yarışda 195 kiloqramlıq ştanqı sinə üzərinə qaldırmaqla həm Avropa çempionatında 3-cü dəfə qızıl medalın sahibi oldum. Qeyd edim ki, qızıl medalı qazanmaqla həm də yarışın mütləq qalibi, yəni öz çəkisinin və digər çəkilərin ən yaxşısı elan edildim.

Artıq növbəti əsas sınaq mərhələsi isə cari ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarında keçiriləcək dünya kubokdur. Məşq proseslərində zəhmət çəkməyən, dözüm nümayiş etdirməyən idmançı üçün, təbii ki, məğlubiyyət qaçılmazdır. Bu baxımdan əvvəlki uğurları təkrar etmək üçün yenə də eyni həvəs və məsuliyyətlə çalışmalı, yorulmadan irəliləməlisən.

Hazırda öz çəkim üzrə dünya və Avropa çempionuyam. Bu gün əsas məqsədim sahib olduğum bu adı qoruyub saxlamaqdır. Qarşımda dayanan məqsəd böyük, yol uzun və çətin, ancaq mümkünsüz deyil.       

Sizə idman karyeranızda uğurlar diləyirik!

    Arif BAYRAMOV

Nəşr edilib : 26.07.2024 15:47