AZ EN RU

Sən muxtar respublikanın 100 yaşını qeyd edən insanlarının qəlbindəsən, Elcan!

Qayğısız keçən uşaqlıq günlərini xatırlayanda gözlərim yollara dikilir. Elcanlı çağlarım keçir xəyalımdan. Bəzən düşünürəm ki, qardaşım ölə bilməzdi; onu uşaqlıqdan hamımız qorxmaz, cəsur bir oğlan kimi tanıyırdıq. Məhəllədə də, məktəbdə də eləcə... Hamı ondan razılıq edirdi: “Gələcəyi parlaqdır”, –  deyirdilər... Gələcəyi şəhidlik oldu...  Dünən onunla böyük qardaşım kimi fəxr edirdimsə, bu gün onunla şəhid qardaşım kimi qürurlanıram. Bəzən onu və məni tanıyanlar yanımdan keçəndə bir-birlərinə, “Şəhid Elcanın qardaşıdır”, – deyəndə isə...

Bu düşüncələr yadıma müqəddəs “Qurani-Kərim”in “Əli İmran” surəsinin 170-ci ayəsini salır: “Onlar Allahın öz nemətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə”) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik zirvəsinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”.

Bu gün ruhları başımız üstdə gəzən, hələ ayaq izləri yaşayan torpaqlarımız öz azadlığına qovuşub. Ərazi bütövlüyümüz təmin olunub. Qarabağ torpağı əsrimizin, 100 ilimizin tikinti meydançasına çevrilib. Qəvi düşmənə gözdağı olan o tikintilərdə çalışanlar müqəddəs bir vəzifəni yerinə yetirmək üçün canla-başla çalışır, bununla həm də şəhidlər qarşısındakı borcumuzu verirlər.

...İstər-istəməz son iki əsrdə mənfur ermənilərin xalqımıza qarşı törətdiklərinin kökündə nələrin dayandığını fikirləşəndə tarix də dil açıb danışır.

1924-cü il 9 fevral tarixində qədim Naxçıvanımızın müqəddəratını həll edən bir qərara imza atıldı. Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan edildi. Bununla da mənfur qonşularımız ermənilərin Naxçıvanla bağlı olan iddialarına son qoyuldu.

Artıq doğma Naxçıvanımızda dinc, quruculuq və abadlaşma dövrü başlamışdı. Muxtar respublikamızın mərd, qəhrəman, eyni zamanda zəhmətkeş insanları diyarımızın firavanlığı üçün səylərini əsirgəmirdilər. Bunun nəticəsi idi ki, qədim diyarımızda kənd təsərrüfatı gündən-günə sürətlə inkişaf edir, yeni sənaye müəssisələri yaradılır, fabrik-zavodlar işə salınırdı. Orta məktəblər yaradılır, onlar üçün məktəb binaları tikilirdi. Erməni isə yenə erməniliyində idi, öz məkrli erməni xislətlərindən əl çəkməmişdilər. 1990-cı ildə yenidən Qarabağa və Naxçıvana ərazi iddiaları qaldıran erməni separatçıları silahlı münaqişə yaradaraq havadarlarına arxalanıb torpaqlarımıza hücum etməyə başladılar. Lakin onlar igid, qəhrəman naxçıvanlıların sərt müqaviməti ilə qarşılaşaraq öz layiqli cavablarını aldılar. Bu ölüm-dirim savaşında yüzlərlə Vətən övladı şəhidliyə ucaldı, öz el-obasına qazi kimi qayıtdı, amma bir qarış torpağımızı belə düşmənə güzəştə getmədi. Nəhayət, 2020-ci ilin 27 sentyabrında başlayan II Qarabağ müharibəsi illərdən bəri yığılıb qalan problemlərə son qoymaq üçün bir dönüş nöqtəsi oldu.

Minlərlə qəhrəman, igid Azərbaycan oğulları Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək cəmi 44 gündə Ermənistan ordusunu darmadağın edərək ona diz çökdürdü. Bu müharibədə Naxçıvanın mərd əsgər və zabitləri xüsusilə fərqləndilər, 300-dən artıq şəhid verərək Azərbaycanın zəfər salnaməsinə öz adını qızıl hərflərlə yazdılar. Sanki bununla ustad şairimiz Məmməd Araza səs verdilər:

Bu gün gərək hər anımız “Vətən” desin!

Qılıncımız qalxanımız “Vətən” desin!

Ölənlərin əvəzinə qalanımız “Vətən” desin!

Qəlbimizin hər duyğusu, hər vurğusu “Vətən” desin!

Hələ qarşıda antiterror əməliyyatları var idi... 2023-cü il sentyabrın 19-da baş verən lokal xarakterli belə əməliyyatlarda da Naxçıvanın mərd oğulları öz sözünü deyərək düşmənə layiqli cavab vermək üçün səfərbər oldular. Bu döyüşlərdə də Naxçıvan qəhrəman qardaşım kapitan Elcan Balabəyli də daxil olmaqla, 10 şəhid verdi.

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamında oxuyuruq: “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar”.

Artıq 4 ildir, müharibə başa çatıb. Ötən dövrdə isə Naxçıvan özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bu qədim diyarın böyük dövlətçilik tarixi və bu tarixin, ümumilikdə, Azərbaycanın dövlətçilik tarixi olduğunu ən yüksək tribunalardan qürurla bəyan edən Ulu Öndərin Naxçıvan haqqındakı arzularını ata vəsiyyətin yerinə yetirməkdən qürur duyan cənab İlham Əliyev yüksək səviyyədə həyata keçirir. 
Azərbaycan dövlətçiliyinin intişar tapdığı bu qədim yurd yeri ölkə Prezidenti cənab İlham Əliyevin davamlı qayğısı sayəsində son illərdə keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Bu gün müstəqillik kimi böyük bir nemətin daha da əbədi olması prinsipi  naxçıvanlıların həyat idealına çevrilib. Bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu bağlar diyarı Ordubad, dağlar qoynunda füsunkarlıq rəmzi olan Şahbuz, digər bölgələrimiz bu gün inkişaf və tərəqqinin yeni müstəvisindədirlər. Rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndləri, sərhəd və ən kiçik yaşayış məntəqələri qəsəbə timsallıdırlar. Müasirləşən kəndlər bugünkü Naxçıvanın nail olduğu sosial-iqtisadi inkişafın göstəriciləridir. 
Ancaq görülən bu işlərin blokada şəraitində yaşayan bir məmləkətdə reallaşması kiçik məsələ deyil. Və bütün bunların təməlində dövlət başçısı cənab İlham Əliyevin doğma yurduna bağlılığı, sevgi və məhəbbəti, insan amilinə, yurd amilinə böyük diqqət dayanır. 
Naxçıvana hər gəlişində ölkə Prezidenti burada həyata keçirdiyi siyasətin bəhrələrini görür. Görür ki, hər gün, hər saat dəyişən Naxçıvan başdan-ayağa, sözün həqiqi mənasında, yeni quruculuq donundadır. Gündən-günə sayı artan məktəb, səhiyyə, mədəniyyət ocaqlarının yeni binaları, salınan yeni yaşayış massivləri, yeni emal və istehsal müəssisələrinin həyata vəsiqə alması, insanların məşğulluq probleminin həllinə nail olunması, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi, beynəlxalq konfransların, idman yarışlarının keçirdiyi ünvan kimi Naxçıvanın bugünkü mənzərəsi Heydər Əliyev siyasətinin uğurlarıdır.

“Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü bax bu inkişafda təcəssüm etdiririr”, –  deyən cənab İlham Əliyevin Naxçıvanda yeni idarəetmə institutu yaratması isə ölkə başçısının Şərqin qapısına növbəti qayğısının təzahürüdür. Digər bir qayğı isə ölkə başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”dır. Bu mühüm əhəmiyyətli dövlət sənədində yeni prioritetlər müəyyənləşdirilib... 

Bu gün mən də sevinirəm ki, naxçıvanlılar da qardaşım da daxil olmaqla heç bir şəhidimizi unutmur, onları minnətdarlıqla yad edir. Dövlətimiz şəhid ailələrinə qayğısını əsirgəmir, onların hər bir probleminə həssaslıqla yanaşır, evlə, avtomobillə, işlə təmin edir. Bu da qürurvericidir ki, artıq ümumtəhsil məktəblərinin bəzi siniflərinə şəhidlərin adları verilir. Düşünürəm ki, bu gün parta arxasında təhsil alan uşaqların vətənpərvərlik ruhunda böyüməsi üçün bu, çox uğurlu addımdır.

Təbii ki, tez-tez qardaşımın məzarını ziyarət edirəm. Qəlbim sevincdən qürurla dolur. Qədirbilən xalqımızın məzarı üstündə düzdükləri tər çiçəkləri görəndə bir daha şəhid qardaşımla fəxr edirəm.

Fəxr edirəm ki, bu gün 100 illik yubileyini qalib ölkənin qalib vətəndaşları kimi qeyd etdiyimiz Naxçıvanın 4 il bundan əvvəl qazandığımız Qələbədə iştirak edən şəhidliyə ucalan oğulları içərisində şəhid kapitan Elcan Balabəyli də olub – mənim qardaşım Elcan! Əziz qardaşım! Rahat uyu! Qəbrin nurla dolsun!

Bu gün səni və sənin kimiləri yetirən Naxçıvanımız 100 yaşını qeyd edir. Siz bu bayramda sevinənlərin qəlbindəsiniz.

100 yaşın mübarək, günü-gündən cavanlaşan Naxçıvanım!

Elçin BALABƏYLİ

Məqalə “Şərq qapısı” qəzetinin elan  etdiyi “Naxçıvan 100 ildə” yaradıcılıq

müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 09.07.2024 10:40