AZ EN RU

Şəhidliyə yüksələrək başımızı uca etdi

Aqil Əli oğlu İsmayılov

18.07.1996-28.09.2020

Hər il 20 Yanvar günü atası Aqili Şəhidlər xiyabanına aparırdı. Şəhidlərimizi ziyarət edib gəlirdilər. Hələ balaca vaxtından atası onun beyninə tariximizi həkk edirdi. 

Aqil məktəbdə çox gözəl oxuyurdu. O, nizamlı-intizamlı uşaq idi. Yoldaşlarından çox fərqlənirdi. Valideyn iclaslarına həmişə mən gedərdim. Müəllimlərinin onun haqqında dediklərindən bir ana kimi qürur duyurdum. Sinif rəhbəri deyirdi ki, kaş bütün uşaqlar Aqil kimi olardı. Onda bu iclaslara da ehtiyac qalmazdı. Aqili o qədər tərifləyirdilər ki... Deyirdilər, Aqilin oturuşu-duruşu, dərsə davamiyyəti, oxumağı və tərbiyəsinə söz ola bilməz. Aqil son günə qədər belə oldu. Bütün fənləri gözəl oxuyurdu. Fizika-riyaziyyat müəllimi həmişə deyirdi ki, Aqil riyaziyyatçı olmalıdır. Digər fənn müəllimləri də Aqilin onların ixtisasını seçməsini istəyirdilər. Ancaq atası da, mən də istəyirdik ki, müəlliminin dediyi kimi, Aqil riyaziyyatçı olsun. Amma özü hərbçi olmağı seçdi. Öz arzusunun arxasınca getdi. Dedi ki, ana, müəllim qadın peşəsidir. Mən kişi kimi əziyyət çəkmək istəyirəm. Hərbçi olmaq ən böyük arzumdur. Aqil balaca vaxtından ağır işlər görürdü. Atasının köhnə bir maşını var idi. Bir dəfə xarab olmuşdu. Mühərrik ustası gəlib maşını evdə düzəldirdi. Ustanın yanında durub baxırdı. Görürdüm ki, ona kömək etməyə çalışır. Sonra deyirdi ki, ata, mən maşını yenidən söküb yığa bilərəm. Aqil hərbi məktəbdə oxuduğu dövrdə də özünü göstərə bilmişdi. Hərbi akademiyada da böyük hörmət qazanmışdı...
Aqil müharibə başlanmazdan əvvəl düşmənlərin hədəf nöqtələrini müəyyən edən igidlərimizdən biri olub. Müharibədən əvvəl düşmənlərin ərazisinə gedir. Yoldaşları ilə birlikdə təhlükəyə düşür. İki həftə gündüzlər dincəlib, gecələr sürünürlər. Beləliklə, yoldaşlarını təhlükədən xilas edir. 
Bax mənim balam belə qəhrəmanlardan olub. Qorxmaz və cəsur balamla birgə yoldaşları da böyük qəhrəmanlıqlar ediblər. 
Mən Aqilimlə fəxr edirəm. Aqil şəhidliyə yüksələrək bizim başımızı uca etdi. Nə edək, atası da, mən də oğlumuzu itirdiyimiz üçün kədərliyik. Lakin balamızın qəhrəmanlıqları bizi qürurlandırır.Vətən sağ olsun!

Nəşr edilib : 20.07.2024 17:05