AZ EN RU

Şəhidlik zirvəsinə ucalaraq məni qürurlandırdı

Nicat Rizvan oğlu Məmmədli

31.07.1999-04.10.2020

Balaca vaxtından sakit, səmimi olub. O, birinci sinifdə oxuyarkən çox çətinlik çəkmişəm. Yaxşı oxumağını istəmişəm. Arzulamışam ki, ali məktəbə qəbul olsun. Ya da bir peşə öyrənsin. İllər keçdi. Öz arzusu ilə sənədlərini hərbi liseyə təqdim etdik. Yüksək qiymətlərlə qəbul olduğunu eşidəndə buna inana bilmirdim. O qədər sevinirdim ki... Telefonu götürüb yaxınlarımıza zəng vurdum. Xəbər verdim ki, Nicat ən yüksək balla liseyə daxil olub. Deyirdim ki, qoy hər kəs bilsin. Liseydə əlaçı oldu. Müəllimlərinin, kursant yoldaşlarının hörmətini qazandı.
Nicatın çoxlu xatirələri, qeydləri vardır. Ölümündən sonra o qeydləri oxumağa başladım. Oxuduğu hər bir kitabdan xoşuna gələn yerləri ayrıca dəftərə yazıb. Biri belədir: “Hər kəs fərqli şəkildə vida edir bu dünyaya. Arxada qalanların ağrı-acısı isə eyni olur. Hər ölüm təəccübləndirir, hər ölüm anidir. Məşhur biri ölərkən deyirlər ki, ölümü çox ani oldu. Daha edəcək çox şeyi vardı. Yalnız yaşlılarmıdır bir ayağı çuxurda olan? Yoxsa hər kəsin doğumundan bir ayağı çuxurdadır?” 
Mütaliə etdiyi bütün kitablar fəlsəfi kitablar idi. İndi də onları saxlayıram.

Müharibə başlanmazdan evə gəlmək üçün bilet alır. Amma bizə demir. Bileti geri qaytarır. Müharibə başlayandan deyirdi ki, biz meşədəyik. Heç bir hərbi sirri deməzdi. Mən çox narahat olurdum. Buradan gedən digər gənclərin anaları deyirdi ki, oğlum filan yerdə döyüşür. Mən utanırdım. Elə oğul böyütməmişdim axı... Deyirdim ki, hər kəsin övladı döyüşür, mənim övladım isə meşədədir. Sonra eşitdim ki, Nicat da döyüşür. Bu xəbərə o qədər sevindim ki... Sevindim ki, övladım gizlənməyib. Bəli, mənim də oğlum qəhrəman oldu. Şəhidlik zirvəsinə ucalaraq məni qürurlandırdı! Bugünkü həyatı onlar bizə bəxş ediblər. Nicatın da, digər şəhidlərimizin də ruhları şad olsun! 

Nəşr edilib : 13.07.2024 17:00